Bu gün dünyanın gündəmi hələ də koronavirusa qarşı mübarizəyə köklənib. Hər bir ölkənin itkilərlə üzləşməsi, bu bəlaya qarşı mübarizədə böyük əmək və maliyyə vəsaitləri sərf etməsi günün mənzərəsini təşkil edir. Koronavirus pandemiyasının zərərlərini minimuma endirmək üçün Azərbaycan dövləti də çox vacib və sistemli tədbirlər həyata keçirir. Məqsəd əhalinin sağlamlığını qorumaqdan və iqtisadiyyatın normal axarda inkişafını təmin etməkdən ibarətdir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin həyata keçirdiyi məqsədyönlü geniş tədbirlər xəstəliyin dərinləşməsinin qarşısını almağa və sanitar-epidemioloji vəziyyəti nəzarətə götürməyə imkan yaratdı. Dövlət başçısına göndərilən məktublarında vətəndaşlar Prezident İlham Əliyevin koronavirusla apardığı uğurlu mübarizəyə görə minnətdarlığını bildirir, Azərbaycan liderinin ölkənin daha da güclənməsinə xidmət edən hər bir addımını dəstəklədiklərini vurğulayırlar.
Prezident İlham Əliyev çıxışlarında daim vurğulayır ki, hökumətin koronavirusla mübarizədə həyata keçirdiyi siyasətin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir. Buna görədir ki, pandemiyanın elan olunduğu ilk günlərdən Azərbaycan dövləti insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün ciddi addımları atdı və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəticəsində koronavirus xəstəliyinin yayılması geniş vüsət almadı. Prezident İlham Əliyevə göndərilən minnətdarlıq məktublarında da vətəndaşlar dövlət başçısının çevik və vaxtında həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycanın virusla mübarizədə nümunəvi ölkə kimi göstərilməsini dövlət başçsının uzaqgörənliyinin və yüksək idarəçilik qabiliyyətinin, habelə insanlara olan diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayırlar.
Bakı şəhər sakini Əhmədağa Rəşidov yazır: “Mənim 71 yaşım var, təqaüdçüyəm. COVID-19 virusunun bütün dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördüyünüz bütün tədbirləri bəyənirik”. Əmək veteranı, təcrübəli bir geofizika mütəxəssisi olan Ə.Rəşidov məktubunda şəxsən öz adından və ailə üzvlərinin adından Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür etdiyini vurğulayır. Ə.Rəşidov ölkə başçısının yeni növ koronavirusla bağlı verdiyi qərarlardan birini xüsusi qeyd edərək yazır ki, COVID-19 infeksiyasına yoluxan xəstələrin sağalması üçün istirahət bilmədən, ailələrini görmədən gecə-gündüz çalışan tibb işçilərinin məvaciblərinin 3-5 dəfə artırılmasını çox yüksək qiymətləndirir: “Həm Sizə, həm də tibb işçilərinə təşəkkürümü çatdırıram və Sizi ürəkdən alqışlayıram”.
Azərbaycan hökuməti pandemiya ilə mübarizə çərçivəsində təkcə insanların sağlamlığının qeydinə qalmadı, həm də aztəminatlı təbəqəyə, eləcə də iqtisadiyyatın müxtəlif subyektlərinə də maddi yardım etdi. Məcburi köçkünlərə və qaçqınlara, həmişə olduğu kimi, karantin dövründə də böyük diqqət göstərildi. Abşeron rayonu, Xırdalan şəhər sakini Lətafət Əhədzadə yazır: “Bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasətiniz bizi bu çətin bəladan qorudu. Pandemiya dövründə iş yerlərinin müvəqqəti bağlanması ilə əlaqədar insanlara sosial yardımın göstərilməsi, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının ödənilməsi Sizin xalqımıza olan sonsuz sevginizin sübutudur”. L.Əhədzadə ağır pandemiya dövrünün təhsilə də təsirsiz ötüşmədiyini və Prezidentin bu ağır dönəmdə yaratdığı şəraitin təhsilə böyük faydalarının olduğunu vurğulayır, buna görə də, Azərbaycan Dövlət Pedoqoji Kollecinin tələbələri adından ölkə başçısına dərin minnətdarlığını bildirir: “Təşkil olunan distant təhsilin tələbələrimizə çox böyük köməyi oldu və bizim təhsildən geri qalmamağımıza imkan verdi. Mən də sosial cəhətdən həssas ailə qrupuna aid olan bir tələbə kimi Sizə təşəkkürümü bildirirəm. Ailə vəziyyətim təhsil haqqımı ödəməyə imkan vermirdi. Sizin bu gözəl təşəbbüsünüz vasitəsilə mən və mənim timsalımda bir çox tələbə öz xəyallarını gerçəkləşdirmiş olacaq. Buna görə bir tələbə olaraq şəxsən öz adımdan, ailəmin adından və Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri adından Sizə dərin təşəkkürlərimi bildirirəm”.
Astara rayonu, Seləkəran kənd sakini Bədi Məmmədova ölkə başçısına ünvanladığı məktubunda Prezident İlham Əliyevin yürütdüyü siyasəti ürəkdən bəyəndiyini və dəstəklədiklərini vurğulayır: “Dünyanı çənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər görürsünüz. Bu tədbirlərin sayəsində qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə müqayisədə daha azdır. Uzaqgörən siyasətinizə, aztəminatlı ailələrə edilən yardımlara görə Sizə minnətdarlığımı bildirir, “Çox sağ olun!” deyirik. Allah Sizi qorusun!”.
Goranboy rayonu, Məşədiqaralar kənd sakini Pərvanə Süleymanova ölkə başçısına göndərdiyi məktubunda yazır: “Fəxrlə deyə bilərəm ki, bütün dünya üçün təhlükə yaradan koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizə Sizin rəhbərliyinizlə çox yüksək səviyyədə təşkil olundu və müsbət nəticələr artıq göz qabağındadır. Mən də bir məktəbli olaraq bizə yaradılan şəraitə görə Sizə, dərslərimizdən geri qalmamaq üçün tətbiq edilmiş onlayn dərs sisteminin təşkilatçılarına, müəllimlərimizə öz adımdan, sinif yoldaşlarım adından dərin təşəkkürümü bildirirəm”. XI sinif şagirdi P.Süleymanova məktubunu “Biz Sizə daim güvənirik, Sizinlə qürur duyuruq. Allah Sizi və ailənizi qorusun!” sözləri ilə bitirir.
Bakı şəhəri, Səbail rayon sakini Pənah Qasımzadə isə ölkə başçısına məktubunda yazır ki, mən həyatım boyu Sizi idealım müəyyən etmişəm. Dərslərimi daim yaxşı oxumağa çalışıram, çünki Sizin şagirdlərə sevginiz məni daha çox çalışmağa sövq edir.
P.Qasımzadə məktubunda, həmçinin Prezidentə söz verir ki, o, daim Azərbaycan xalqı üçün çalışacaq.
Məlumdur ki, pandemiya dövründə dövlət sahibkarlara bir sıra güzəştlər etdi, müəyyən maliyyə yardımları göstərdi. Cəlilabad rayonu, Privolnoye kənd sakinləri Vahid Azadxanov, Mehriban Ağayeva, Mehman Məmmədov, Fəxrəddin Abdullayev yazırlar: “Bizim kəndin əhalisinin əsas məşğuliyyətindən biri də kartofçuluqdur. Biz ulu öndərimizin bəxş etdiyi torpaqlarımızı əkərək məhsul bolluğu yaradırıq. Bununla da həm əhalinin tələbatını, həm də güzəranımızı yaxşılaşdırırıq”.
Məktub müəllifləri karantin rejimi ilə əlaqədar sərhədlərin bağlanmasının narahatçılığa səbəb olduğunu, lakin Prezident İlham Əliyevin tapşırığına əsasən Rusiyadan yük maşınlarının Azərbaycana gəlməsinə icazə verilməsi sayəsində problemlərinin həll edildiyini vurğulayırlar. Məktub müəllifləri istehsal etdikləri kartofu Rusiya bazarına çıxara bildiklərini də yazırlar: “Yaxşı qazanc əldə etdik. Hələ də məhsulumuz boldur və hər gün xaricə məhsul göndəririk. Bütün bunlara görə Sizə “çox sağ olun!” deyirik. Yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi sevir və daim dəstəkləyirik!”.
Tərtər rayonundan, Lətafət Məmmədova, Vəsilə Süleymanova, Gülnar Abdullayeva, Elşən Mirzəyev və Zakir İmanov yazırlar: “Bu günlərdə Qaynaq kəndinin sakinlərinin sevinci sonsuzdur. Çünki 10 cəbhəyanı kəndi birləşdirən Səhləbad–Əksipara–Qaradağlı–Qapanlı–Qaynaq–Yuxarı Qapanlı–Qazyan–Təzəkənd–Hüsənli avtomobil yolunun Qaynaq kəndindən keçən hissəsi artıq hazırdır. Çəkilən yol gediş-gəlişimizi rahatlaşdırıb, vaxt itkisinin qarşısını alıb, rayon mərkəzi və qonşu kəndlərlə əlaqəmiz asanlaşıb, bazara məhsulumuzu itkiyə yol vermədən çatdırırıq. Soydaşlarımız, xüsusilə vurğulayırlar ki, Prezident İlham Əliyevdən həmişə böyük diqqət və qayğı görmüşlər: “Göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə kəndimizin sakinləri adından minnətdarlığımızı bildiririk. İnşallah, Tərtərdə çəkilməyə başlayan yollar bizi tezliklə işğal altında olan torpaqlarımıza aparıb çıxarar, Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqlarımızda dalğalanar. Sizinlə birgə həmin ərazilərdə qələbəmizi qeyd edərik!”
Hazırladı: Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”
Mənbə: xalqqazeti.com