Deputat: “Yoluxanların sayı artacaqsa, daha ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq”

Deputat: “Yoluxanların sayı artacaqsa, daha ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq”

“Milli Məclis koronovirus pandemiyası ilə mübarizə kontekstində, karantin rejiminin qaydalarına riayət olunmadıqda, 50,100 və 200 manat məbləğində cəriməni nəzərdə tutan, İnzibati Xətalar məcəlləsinə dəyişiklikləri üçüncü oxunuşda qəbul etdi. Cərimənin yüksək olduğu ilə bağlı həm millət vəkilləri tərəfindən, həm də cəmiyyətdə müxtəlif fikirlər səsləndirilməkdədir. Reallıq ondan ibarətdir ki, qanunlara uyğun davranışlarını tənzimləyən,müəyyən olunmuş yerlərdə tibbi maska geyən, sosial məsafəni qoruyan heç bir vətəndaş cərimələnməyəcəkdir. Mürəkkəb heç nə yoxdur”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

“Ötən gün Azərbaycanda 325 yeni yoluxma halı qeydə alınıb. Pandemiya başlayandan indiyə qədər qeydə alınan ən böyük rəqəmdir. Yeni tətbiq olunan cərimələrlə bağlı televiziyalar və digər kütləvi informasiya vasitələrində geniş məlumatlar verilməsinə baxmayaraq şəhərin küçə və parklarında, ticarət mərkəzlərində ictimai nəqliyyatda,bankların qarşısında insanlar hər hansı məsafə gözlənilmədən, maskasız heç nə olmamış kimi davranırlar. Təsadüfən sosial şəbəkələrdə rastlaşdığım bir utancverici hadisəni nəzərinizə çatdırmaq istərdim. Metroda, sərnişinlərin toplam şəkildə iki gənc polis işçilərinə təpgi göstərmələri, onları vaqondan çıxararaq “qələbə” sevinci yaşamaları, kənardan olduqca acınacaqlı görünürdü. Vəzifəsi vətəndaşların sağlamlıqlarının keşiyində durmaq, virusun yayılmasının qarşısını almaq üçün həyatlarını belə risqə atan, vəzfə borclarını yerinə yetirən o iki gəncə vaqondakı çoxsaylı insanların təzyiq göstərməsinə nə ad vermək olar. Bax bu anlaşılan deyil. Normal cəmiyyət bunu qınamalıdır, alqışlamalı deyil. Bu faktdır ki, zamanında dövlətin müdaxiləsi nəticəsində,pandemiyanın birinci mərhələsini biz ölkə olaraq az itkilərlə keçdik. Ancaq karantin rejimi ləğv olunduqdan sonra az bir müddətdə koronovirusa yoluxanların sayı kəskin şəkildə artdı və artmaqda davam edir. Nazirlər kabineti yanında operativ qərargah məcburiyyət qarşısında həftə sonları üçün məhdudiyyət tədbirlərini bərpa edir. Əgər yeni yoluxanların statistikası artan templə inkişaf etsə, daha da ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq. Burada əhali arasında gəzən çoxsaylı şayiələri, inamsızlıq mühitini xüsusi vurğulamaq istərdim. Bəzi hallarda cəmiyyət arasında kifayət qədər tanınmış insanlar belə əsassız söhbətləri yaymaqla məşğuldurlar. Bu qeyri-ciddi münasibət , həm də təhlükəlidir. Bir misal çəkmək istərdim. Olduqca hər tərəfli inkişaf etmiş Skandinaviya ölkəsi olan İsveçdə təxminən 9 milyon insan yaşayır. Pandemiyanın başladığı dövrdə, dünyanın əksər ölkələrindən fərqli olaraq bu ölkədə koronovirusun yayılmasının qarşısının alınması üçün heç bir əməli iş aparılmadı və ümumiyyətlə ciddiyə alınmadı. Qısa zamanda Covid-19, 41 000-ə yaxın insanda aşkarlandı və 4 500- dən artığı dünyasını dəyişdi. Təkcə son bir gündə 2 300- yaxın yeni yoluxma qeydə alınmışdır. Düşünürəm ki, mövcud vəziyyət hər bir vətəndaşımızı ciddi düşündürməli,davranışlarında diqqətli olmalı, həm özünü,yaxınlarını, eyni zamanda dövləti düşünməli və tezliklə normal həyata qayıtmağımız üçün öz töhfəsini verməlidir” – N.Məhəməliyev qeyd edib.

Mənbə: pravda.az