Orta məktəblərdə hərbi dərslər keçirilir – Polkovnik

Orta məktəblərdə hərbi dərslər keçirilir – Polkovnik

“Azərbaycanda orta məktəblərdə hərbi hazırlıq dərslərinin keçirilməməsi ilə bağlı səslənənlər həqiqətə uyğun deyil. Bu gün otra məktəblərdə belə bir fənn var, hərbi dərsləri keçirilir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bakı şəhəri üzrə təhsil idarəsinin nümayəndəsi, ehtiyatda olan polkovnik Musa Qurbanov deyib. O vurğulayıb ki, bu gün Bakı şəhəri üzrə 125-dən artıq atəş trinajoru siniflər var:

“Fazil Mustafanın nitqindən elə anlaşılır ki, ümumiyyətlə hərbi dərslər yoxdur, lakin belə deyil. Bu gün o dərsləri ehtiyatda olan zabitlər tədris edirlər. O zabitlər “Müəllimlərin işə qəbulu” müsabiqəsindən keçirlər.

Artıq ikinci dəfədir ki, belə halla rastlaşırıq. Fazil Qəzənfəroğlu, Şair Ramaldanov bu məsələni qaldırıblar. İradlarda “Bu dərslərin keçirilməsinə ehtiyac var” deyirlər. Amma onsuz da bu dərs keçirilir. Bakı şəhəri üzrə 307 ümumtəhsil məktəbi var, 307 hərbi rəhbər var, fənn var, sinif var, maddi texniki baza var. Bu dərslər yoxmuş kimi fikir formalaşdırmaq yanlışdır.

Biz bu işlərlə məşğul oluruq. Bəlkə də “dərsin səviyyəsi aşağıdır” kimi bir söz demək olar. Müəllimin keçmə metodu, maddi-texniki baza da aşağı ola bilər. Amma birbaşa “bu dərsləri bərpa edək” demək doğru deyil. Var olan bir şeyi necə bərpa edək?”.

Sayad Həsənli

 

Mənbə: yenisabah.az