Deputat "mall"larda gəzənləri tənqid etdi: "Yerli-yersiz orada gəzir" - VİDEO

Deputat "mall"larda gəzənləri tənqid etdi: "Yerli-yersiz orada gəzir" - VİDEO

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyərək, koronavirus təhlükəsindən qorunmayan, sosial məsafəni gözləməyən, ictimai yerlərdə tibbi maskalardan istifadə etməyən vətəndaşları qınayıb.

Millət vəkili Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişinin “Ekspert rəyi” rubrikasında deyib ki, nə qədər ki virus var, insanlar qaydalara əməl etməlidirlər:

“Vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq, hər kəs tələb olunan qaydalara riayət etməlidir. Vətəndaşlar nə etməlidir, aydındır. Şəxsi gigiyenalarına fikir verməlidirlər, tibbi maskadan istifadə etməlidirlər, məsafə saxlamalıdırlar, sosial hərəkətliliyi minimuma endirməlidirlər. Şəhərimizdə ticarət mərkəzləri var.

Televiziyalarda, sosial şəbəkələrdə baxıram ki, insanlar karantin yumşaldıldıqdan sonra ticarət mərkəzlərinə axışıblar. Bəlkə də “moll”dan heç nə almayacaq, amma yerli-yersiz orada gəzir. Yaxud da ki, lazım olmadığı halda digər ictimai iaşə obyektlərində görünürlər. Bu hallar əlavə risklər yaradır”.

M.İbrahimqızı qeyd edib ki, koronavirusun zərərlərinin aradan qaldırılması üçün hökumət bütün tədbirləri ən yüksək səviyyədə görüb: “Artıq virusa yoluxmamaq vətəndaşlardan, ictimaiyyətdən asılıdır.

Hesab edirəm ki, ictimai qınaq da çox fərqlidir. Müsbət fikirlər var, xəstəlikdən özünü qoruyan və ətrafdakılara tövsiyə verənlər var. Amma çox təəssüf ki, virusa inanmayanlar da var. Bəziləri koronavirusa bu xəstəliyin olmadığı fikri ilə yanaşırlar, adi qriplə müqayisə edirlər. Düşünürəm ki, bütün dünya dövlətləri öz resurslarını, gücünü, vaxtını buna sərf etdiyi halda virusa inanmamaq ən azı gülüncdür”.

BAKU.WS

Mənbə: baku.ws