Kim Çenin bacısı qonşularını TƏHDİD ETDİ: Cavabı ÇOX AĞIR olacaq

Kim Çenin bacısı qonşularını TƏHDİD ETDİ: Cavabı ÇOX AĞIR olacaq

Şimali və Cənubi Koreya arasında münasibətlər yenidən gərginləşib.

Publika.az xəbər verir ki, cənubi koreyalı siyasi fəallar və Şimali Koreyadan bu ölkəyə sığınanlar 500 min ədəd şarla sərhəd bölgəsindən rəsmi Pxenyana qarşı təxribatçı broşuralar atıb.

Təxribatçılığa qarşı xəbərdarlıq bu dəfə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Inın bacısı Kim Yo-Conqdan gəlib. O, vəziyyətin belə davam edəcəyi təqdirdə, Cənubi Koreyanın bunun əvəzini ağır şəkildə ödəyəcəyini deyib.

Ölkənin rəsmi informasiya agentliyi KCNA-nın xəbərinə görə, Kim Çen Inın xələfi olacağı iddia edilən Kim Yo Cənubi Koreyanın bu təxribatları fərdlərin azadlığı və ifadə azadlığı adı altında göz yummasına sərt qarşılıq verəcəklərini deyib. O, şarları uçuranları “pislik” və “it” adlandırıb.

Məsələ ilə bağlı Cənubi Koreyadan açıqlama gəlib. Ölkənin Birləşmə Nazirliyinin mətbuat katibi Yoh Sanq-Key siyasi fəalların sərhəddə broşura atmasını qadağan edəcək yeni qanunlar üzərində işlədiklərini bildirib.

Xatırladaq ki, iki ölkə arasında sərhəddə broşura atmaq illərdir davam edən problemlərdən biridir.

Mənbə: publika.az