"Bu qadağa bir müddət hər həftənin şənbə və bazar günlərinə şamil edilməlidir"-Deputat

"Bu qadağa bir müddət hər həftənin şənbə və bazar günlərinə şamil edilməlidir"-Deputat

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.

Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.

Bu barədə deputat Fazil Mustafa Sonxeber.az-a danışıb.

Deputat bildirib ki, Azərbaycan hökuməti bu istiqamətdə çox uğurlu siyasət apardı. Pandemiyanın müəyyən qədər təsirini zəiflətdi və bunu müəyyən nəzarət altında saxlaya bildi. Bu, çox uğurlu addım idi və çox ölklər tərəfindən nümunə olaraq götürüldü:
"Lakin bir ara insanlar buna müharibə şərtlərindəki kimi baxırdı və o dövrə uyğun davranış kimi mənimsəyirdilər. Amma burada biraz yanılma oldu. Çünki insanların bu prosesə əməl etməməsi artıq çox ciddi fəsadlar törətməyə başladı. Son günlər yoluxma sayı 300-ü keçdi. İlk dəfə idi ki, yoluxanların sayı bu həddə çatdı. Onan görə də hökumət əslində Türkiyədə tətbiq olunan formaya bir neçə dəfə keçməli idi.

İndi xüsusilə də şənbə və bazar günlərində karantin rejiminin sərtləşdirilməsi qaçınılmaz yoldur və çox doğru addımdır. Elə etməliyik ki, artıq insanlar özləri anlasınlar ki, verilən azadlığı doğru istifadə etməyəndə ortaya çıxan fəsadlar daha böyük məhdudlaşmaya səbəb olur. İnsanlar əvvəl maska taxmaqdan yorulur, maska yoxdur bəhanəsilə hərəkət edir, sosial məsafəni gözləmir, "koronavirus yoxdur, boş şeydir" deyib həkimlərin, polislərin işini çətinləşdirirdi. Yəni beş nəfərin məsuliyyətsiz davranışlarını bütün xalq çəkdi. Yanınızdakı insanlara niyə "məsuliyyətsizsən, qaydalara niyə əməl etmirsən" demirsiniz. Bunu deməyəndə özün onunla bərabər əziyyət çəkirsən. Yenicə iş yerləri açılmışdı, insanlar iqtisadi cəhətdən dirçəlmək istədiyi zaman 10-15 məsuliyyətsiz adamın davranışı vəziyyəti yenidən iflic etdi. Ona görə də bu qaçınılmaz yoldur. Hesab edirəm ki, bu müddət hər həftənin şənbə və bazar günlərinə şamil edilməlidir.

İnsanlara izah edirsən ki, Füzuli rayonunda erməni səngəri yaxınlığında hərəkət et. Təsəvvür edin həmin vəziyyətdir, orada gəz, snayperlərdən biri səni vursun. Burada snayper olmasa da, virusun dalğaları istənilən an insanı yoluxdura bilər. Demək istədiyim odur ki, hökumətin atdığı addım zəruridir, qaçınılmazdır. Sərtləşdirməni bir az daha gücləndirmək lazımdır. Çünki bu mərhələdən cəmiyyətimizin keçməsi, pandemiya prosesini ən azından gələcəkdə nəzarət altında tutmaq imkanı saxlayır. Buna görə də insanların bu istiqamətdə özlərinin üzərinə düşən məsuliyyəti dərk etməsə, bu pandemiya bizə gələn ilə qədər qonaq olacaq".

Deputat qeyd edib ki, gedişat onu göstərir ki, önümüzdəki aylarda da karantin rejiminin tətbiq olunmasına ehtiyac var. Çünki virusun vaksini hələ tapılmayıb. Ona görə də bu məsələdə qeyri-müəyyənlik hökm sürməkdədir. Düşünürəm ki, hökumətin şənbə və bazar günləri ilə bağlı verdiyi qərar çox doğrudur.Ağıl və şüuru olan insanlar tərəfindən də bu dəstəklənir".

Mənbə: sonxeber.az