Toylarımız da Avropalaşır: “Məclislərimizin formatı dəyişməlidir” - AÇIQLAMA

Toylarımız da Avropalaşır: “Məclislərimizin formatı dəyişməlidir” - AÇIQLAMA

Koronavirus epidemiyası sosial həyatımıza yeni düzən gətirməkdədir.

Kütləvi tədbirlərin: el şənliklərinin, yas mərasimlərinin formatında da dəyişiklik edilməsi təklif edilir.

Deputat Fazil Mustafa isə toyların iki saat ərzində keçirilməsini təklif edib:

“Toylar iki saat olsun. Adamlar 4 aydır toyunu təxirə salıb. 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar”.

Maraqlıdır, pandemiya dövründə toyların formatı dəyişə bilərmi?

Cebhe.info-ya açıqlama verən sosioloq Ağasəlim Həsənov bildirib ki, toyların formatında dəyişikliyə ehtiyac var:

“İlk olaraq onu qeyd edim ki, Azərbaycanda toyların formatı təkcə pandemiyaya görə yox, ümumiyyətlə, onun dəyişməyinə ehtiyac var. Çünki bu dəyərlər zaman keçdikcə transformasiya olunur, buna görə də yeni dövrün tələblərinə uyğunlaşmalıdır. Məsələn, toy adət-ənənələri, 400-500 nəfərin bir restorana yığılması, toy sahibinin böyük vəsait sərf etməsi və s.

Burada qazanc restoran sahibinə qalır. Bu vəziyyət toy sahiblərinə heç də uyğun, əlverişli deyil.

Pandemiya dövrü özü ilə yeni tələblər, qadağalar, şərtlər diktə edir. Onlardan biri də Azərbaycanda xeyir-şər mərasimlərinə edilən düzəlişlərlə bağlıdır. Mən düşünürəm ki, bəli, bu edilməlidir və toylarda insanların iştirak sayına baxılmalı və azaldılmalıdır. Ola bilsin ki, yaranmış bu vəziyyət Azərbaycanda toy mərasimlərinin keçirilməsi ilə bağlı müsbət nəticələrlə yadda qalacaq. İnkişaf etmiş Avropa ölkələrində olduğu kimi toy mərasimlərini 30, 40, maksimum 50 nəfərin iştirakı ilə də keçirmək olar. Belə deyək, sadə bir mərasim təşkil etməklə və ən yaxın qohumların iştirakı ilə qeyd etmək olar. Azərbaycanda isə biz bunun tam əksini görürük.

Ola bilsin ki, pandemiya toylardakı adət-ənənələrin transformasiyası üçün bir vasitə olacaq və bunu dəyərləndirmək lazımdır”.

Tünzalə Rüstəm
Cebhe.info

Mənbə: cebhe.info