Bir uçurulmuş abidənin şəkli ilə ermənilərə böyük zərbə vurmaq olar - Prezident “150 il” şəkli üstündə əhəmiyyətli perspektiv göstərdi…

Bir uçurulmuş abidənin şəkli ilə ermənilərə böyük zərbə vurmaq olar - Prezident “150 il” şəkli üstündə əhəmiyyətli perspektiv göstərdi…

Qasım Hacıyev: “Bu çox ciddi fakt və arqumentdir, biz bu əsaslara söykənərək ermənilərə qarşı yeni elmi hücum kampaniyası həyata keçirməliyik”

Məlum olduğu kimi, Prezident İlham Əliyev Tərtər rayonuna səfəri zamanı bir sıra əhəmiyyətli obyektlərin açılış mərasimlərində iştirak edib.

Prezident Tərtər Olimpiya Kompleksinin açılışında tariximizlə, tarixi torpaqlarımızla, eləcə də ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı maraqlı və diqqətçəkən faktlar açıqlayıb. “…İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən, indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra.

Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır”.

“Marağa-150 il” abidəsinin əlimizdə olan fotoşəkilləri ilə ermənilərə qarşı böyük hücum kampaniyası qurmaq tam mümkündür. Ermənilərin özləri tərəfindən dağıdılan bu abidənin şəkilləri vasitəsilə mübarizə kampaniyasını necə qurmaq olar?

Qeyd edək ki, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə qoyduqları “Marağa-150” abidəsi 1991-ci ildə ermənilərin özləri tərəfindən dağıdılıb. "Marağa-150" abidəsi erməni miqrantlarının Qarabağa gəlməsinin başlanğıcını göstərirdi. “Marağa-150” ermənilər tərəfindən dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıqları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir. Abidənin yerləşdiyi yer hazırkı Şıxarx qəsəbəsidir. Şıxarx qəsəbəsi ilə Tərtər şəhəri arasında 20 dəqiqəlik yol məsafəsi var.

“...yeni bir təbliğat həyata keçirməyimizə əsas verir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, “Marağa-150” abidəsi Azərrbaycan Respublikasının Ağdərə rayonunun Marağa kəndində İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə qoyulmuşdu. O vurğuladı ki, üzərində ermənicə “Marağa-150” yazılmış abidə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda yoxa çıxmış, sonra isə ortada dağıntıları görünmüşdü.

“Prezident olduqca maraqlı və diqqətçəkən məsələyə toxunub. Prezident bu haqlı məsələni qaldırmaqla, ifadə etməklə biz tarixçilərin qarşısına yeni vəzifələr qoydu. Bu çox ciddi fakt və arqumentdir, biz bu əsaslara söykənərək ermənilərə qarşı yeni elmi hücum kampaniyası həyata keçirməliyik. “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra İrandan gələn erməniləri əsasən Dağlıq Qarabağda, Türkiyədən köçürülən erməniləri isə əsasən Qərbi Azərbaycan torpaqlarında yerləşdirdilər. 40 min erməni İrandan Dağlıq Qarabağa, 86 min erməni isə Qərbi Azərbaycana köçürülüb. Ağdərə ərazisinə İranın müxtəlif yerlərindən, o cümlədən də Marağadan köçürülən ermənilər məskunlaşdırıldı. 1978-ci ildə onlar Dağlıq Qarabağa köçürülməsinin və burada məskunlaşdırılmasının 150 illiyi münasibətilə “Marağa-150” abidəsini qoydular. Bu abidənin qoyulduğu dövrdə çəkilən şəkilləri kitablarda və o dövrün mətbuat orqanlarında var. Bu da bizim əlimizdə olan danılmaz faktlardan biridir. Eyni zamanda, abidə ermənilər tərəfindən dağıdıldıqdan sonra da onun qalıqlarının fotoları kitablarda, başqa nəşrlərdə yer alıb. Bu şəkillər, həmçinin, orta məktəblərdə tədris edilən VII sinif “Qarabağ tarixi” dərsliyinə də salınıb. Bu dərsliyin müəllifi mənəm. Əslində, o vaxt o abidənin orada qoyulması ermənilərin bura gəlmə olduğunu, Dağlıq Qarabağa köçürüldüyünü təsdiqləmək idi. Bu abidənin özü ermənilərin bu torpaqlara İrandan gəlmə olduğunu sübut edən böyük bir faktdır. Ermənilər Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqdan sonra izi itirmək, ört-basdır etmək, buraya “gəlmə olmadıqlarını” “sübut etmək” üçün sonradan o abidəni məhv etdilər, dağıtdılar. Ermənilərin daha başqa mənfur hərəkətləri də var. Onlar həm Dağlıq Qarabağa gəlmə olduqlarını sübut edən “Marağa-150” abidəsini, həm də Xocalıdakı qədim türk kurqanlarını dağıtdılar. Xocalı kurqanlarını və “Marağa-150” abidəsini dağıtmaqla tarixi təhrif etmək, həqiqəti gizlətmək istədilər. Ermənilərin bizim torpaqlara gəlmə olduğunu sübut edən hər iki fakt çox əhəmiyyətlidir. Oradakı arxeoloji abidələr, eləcə də toponimlər ermənilərin bura sonradan gəlmə olmasını sübut edir. “Marağa-150” abidəsi isə heç cür inkar oluna bilməz, bu, ermənilərin özləri tərəfindən qoyulan abidədir. Onların buna qarşı əks arqumentinin olmasını təsəvvür etmirəm. Ona görə də Prezidentimiz bu tarixi həqiqəti bir daha qeyd etdi və bu faktı tarixçilərimiz də, elə ermənilərin özləri də yaxşı bilirlər. Ermənilər tarixi faktları müxtəlif saxta və süni yollarla inkar etməyə çalışsalar da, bu abidənin yeri durur, qalıqları var. Bu, sənədlərdə də əks olunub”.

Ermənilərin Dağlıq Qarabağa köçürülməsi tarixi ilə bağlı əlimizdə kifayət qədər material, sübut və faktlar olduğunu qeyd edən Q.Hacıyev hesab edir ki, bu faktları artıq beynəlxalq aləmdə yaymağın tam zamanıdır: “Prezident də qeyd etdi ki, həmin abidənin fotoşəkilləri var. Bəli, o fotoşəkillər, eləcə də dövrün mətbuat orqanlarında çap edilən tarixi məlumatlar, kitablarda yer alan faktlar bizim ermənilərin beynəlxalq aləmdə ifşa edilməsi üçün yeni bir təbliğat həyata keçirməyimizə əsas verir. Ermənilər heç bir səviyyədə bunu inkar edə bilməzlər və bizim əlimizdə kifayət qədər fakt var. O faktların yenidən gündəmə gətirilməsi və dünyaya yayılması üçün kifayət qədər əsasımız, imkanlarımız var. Doğrudur, biz dəfələrlə bu məsələyə toxunmuşuq, amma mübarizə üsullarını daha da genişləndirməliyik”.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com