Qorxutmaq siyasəti maarifləndirmək siyasəti ilə əvəzlənməlidir... – Münasibət

Qorxutmaq siyasəti maarifləndirmək siyasəti ilə əvəzlənməlidir... – Münasibət

"Əgər kimsə şərtlərə əməl etmirsə, koronavirusun daşıyıcısı kimi özünü göstərirsə, ictimai qınaq obyektinə çevrilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı karantin rejiminin yenidən sərtləşdirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident Tərtər, Ağdam və Ağcabədi rayonlarına səfər zamanı özünün əməli və davranışı ilə bütün xalqımıza nümunə göstərib:

Fəzail Ağamalı

"Orada Prezidentin həm də qoruyucu maskadan istifadə etməsi vətəndaşlarımıza həm nümunə, həm də çağırışdır. Bundan öncə müxtəlif platformalarda Cənab Prezident dünyanı bürüyən bu böyük bəladan xilas olmaq, Azərbaycanın az itki verməsi ilə bağlı vətəndaşlarımıza davamlı müraciətlər etmişdi. Ölkənin həm də Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalqımıza səmimi şəkildə müraciət etmiş, vəziyyətin çətin və ciddi olduğunu önə çəkərək hər kəsdən deyilənlərə əməl etməyi və birgə həmrəylik nümayiş etdirərək bu bəladan xilas olmağı önə çəkib. Dövlət özündən olan bütün addımları atıb. İndi də, əlbəttə, digər bir tərəf olan vətəndaşlarımızın məsuliyyətinin artırılmasına böyük ehtiyac var. Etiraf olunmalıdır ki, bununla bağlı bizim problemlərimiz mövcuddur. Artıq karantin rejiminin yumşalması ilə bağlı insanlarımızda bir arxayınlıq əmələ gəllib. Operativ Qərargahın vermiş olduğu tövsiyələri, qərarları kənara qoydular. Və sonda nə baş verdi? Ölkədə virusa yoluxanların sayı xeyli dərəcədə artdı, ölüm sayı artdı və sağalanlar isə əksinə çoxalmağa başladı. Belə bir şəraitdə ölkə Prezidenti hər zaman olduğu kimi, atmış olduğu addımlarla nümunə göstərdi. Həm də bir çağırış etdi ki, buyurun, əgər mən prezident olaraq qapalı yerlərdə, virusa yoluxma ehtimalı güclü olan bir məkanda maskadan istifadə edirəmsə, siz də bir vətəndaş olaraq bunu edin ki, özünzü və ətrafınızı qoruya biləsiniz və normal həyatınızı yaşaya biləsiniz. Bu, yüksək səviyyəli bir nümunə idi. Ölkə Prezidenti hər zaman olduğu kimi, indi də özünün əməli və davranışı ilə bütün xalqımıza nümunə göstərdi. Və xalqımızdan da tələb olunan odur ki, məhz bu nümunəyə söykənərək ölkə Prezidentinin davranışlarını əsas götürərək Operativ Qərargahın qoyduğu qərarlara əməl etsinlər. Qoruyucu maskalardan istifadə etsinlər, sosial məsafəni qorusunlar, eyni zamanda da sanitariya qaydalarına ciddi şəkildə əməl etsinlər, ictimai yerlərdə, bütövlükdə insanların çox olduğu yerlərdə özlərini və başqalarını da qorusunlar. Əgər kimsə şərtlərə əməl etmirsə, koronavirusun daşıyıcısı kimi özünü göstərirsə, ictimai qınaq obyektinə çevrilməlidir”.

Azərbaycan Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli mövzunun çox aktual olduğunu deyib:

Tahir Kərimli

"Bu, çox aktual mövzudur. Pandemiya yayılan vaxtlarda çox həyacan keçirirdik. İrana gedib-gələnlər çox idi. Orada da sürətlə yayılırdı. Azərbaycan höküməti qabaqlayıcı tədbirlər gördü. Şükr Allaha ki, xəstələnənlərin sayında azalma müşahidə olundu. Azərbaycan bu xəstəliyə qarşı yaxşı mübarizə aparıb, xeyli önləyici tədbirlər həyata keçirdi, eyni zamanda iqtisadi ziyanlara görə əhaliyə böyük yardımlar edilib. Hətta Ümumdünya Səhiyyə Təşkilatına və 13-dən çox dövlətə də yardım edib. Bütün bu dövrdə Azərbaycan karantin rejiminin yumşaldılması ilə bağlı bir neçə dəfə ciddi addımlar atdı. İnsanları sosial həyata qaytarıdı və tövsiyə olundu ki, əhali sosial məsafə saxlayıb, maska taxsın. Hökümətin gördüyü tədbirlər göz önündədir. Vətəndaşlar isə bundan sui-istifadə edirlər. Bu gün işə gələndə isə şahidi oldum ki, adamlar maska taxmır, məsafə yox. Hamını cərimələmək olmur, belə olmaz axı. Azərbaycanın dövlət başçısı hamıya nümunə üçün maskadan istifadə edir. Amma vətəndaşlar hələ də inanmırlar. Bunlar görmürmü ki, xəstələnənlərin sayı günü-gündən artır? Çox çətinliklər yaranıb, ikinci dalğa yarana bilər. Karantin qaydalarının iki günlük sərtləşdirilməsini doğru hesab edirəm”.

Ağ Partiya başqanı Tural Abbaslı hər kəsin indiki məqamda gigiyenik təhlükəsizlik qaydalarına diqqət yetirməli olduğunu düşünür:

Tural Abbaslı

"Ümümiyyətlə, tək ictimai-siyasi xadimlər deyil, hər kəs indiki məqamda gigiyenik təhlükəsizlik məsələlərinə diqqət yetirməlidir. İctimaiyyət önündə olan və hərəkətləri digərlərinə nümunə olacaq ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri və başqaları da belə məsələlərdə xüsusi nümunə nümayiş etdirməlidirlər. İnsanların gigiyenik qaydalara əməl etməmələri məsələsi isə çox ciddi və üzərində xüsusi işlənilməli məsələdir. Belə ki, ancaq yüksək cərimələrlə qorxudaraq insanları nəyəsə məcbur etmək mümkün deyil. Odur ki, iqtidar insanları qorxutmaq siyasətini maarifləndirmək siyasəti ilə əvəzləməlidir. Belə məlum olur ki, sadə vətəndaşların dövlət orqanlarına və onların nümayəndələrinə etibarları minimumdur. Odur ki, onların dediklərini də ciddiyə almırlar. Məncə, iqtidar bu məsələ üzərində də düşünməlidir ki, niyə insanların etibarlarını bu qədər itiriblər. Mənim təklifim odur ki, pandemiya və onun təhlükələri ilə bağlı insanların maarifləndirilməsini daha da gücləndirmək və onları səmimi şəkildə inandırmaq lazımdır. Əks təqdirdə milyonlarla insanı inzibati resursların gücü hesabına nəyəsə məcbur etmək alınmayacaq. Ancaq onlar həqiqətən də inansalar ki, bu, ciddi epidemiyadır, o zaman heç bir nəzarət olmadan da aidiyyatı orqanların, mütəxəssislərin tövsiyələrinə sözsüz əməl edəcəklər”.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az