"Dünyanın super dövləti də, virusdan ən çox əziyyət çəkən dövləti də Amerikadır"- RƏY

"Dünyanın super dövləti də, virusdan ən çox əziyyət çəkən dövləti də Amerikadır"- RƏY

Müxtəlif dövlətlər tərəfindən koronavirusa qarşı peyvəndin hazırlanması istiqamətində göstərilən səylər ümumbəşəri əhəmiyyətə malikdir. Bunu Almaniya, Fransa, İtaliya və Niderlandın SARS-CoV-2-yə qarşı peyvəndin istehsalını sürətləndirmək məqsədilə alyans yaratmaları, eləcə də Rusiya və Türkiyənin peyvəndin sınaqlardan keçirilməsi prosesində əməkdaşlıq etmək barədə razılığa gəlmələri də sübut edir.
Peyvənd istehsalı üzərində çalışan dövlətlər və dünya mərkəzləri pandemiyanın tezliklə başa çatmasına görə xüsusi məsuliyyət daşıyır. Bunu nəzərə alaraq, adı çəkilən Avropa alyansı koronavirusa qarşı peyvəndin hazırlanması sahəsində qlobal əhəmiyyətli təşəbbüsləri vəd edərək təkcə Avropa İttifaqının üzv ölkələrini deyil, həmçinin dünyanın digər ehtiyacı olan bölgələrini, xüsusən də kasıb ölkələri peyvəndlə təmin etmək məqsədi güddüyünü bildirir. Bu yanaşma hazırlanacaq peyvəndin bütün dünyada ədalətli şəkildə yayılması məsələsinin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Qlobal mərkəzlərin bu istiqamətdə düzgün iradəni ifadə etdirməsindən pandemiyanın başa çatması perspektivinin asılı olması şübhə doğurmur.

Mövzuya politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verərək münasibət bildirib:

"Ayrı- ayrı dövlətlərin peyvəndlə bağlı çalışmalarının həyata keçirilməsindənsə, beynəlxaq komandanın yaradılması daha məqsədəuyğundur. Bu işi daha da sürətləndirərdi və insanların daha da xeyrinə olardı. Alyansın yaradılması yüksək qiymətləndirilir. Rusiya və Türkiyə arasında da pandemiya ilə bağlı müəyyən iş birliyi var. Elə bir məqam yetişə bilər ki, bütün hər şey bir nöqtədə birləşdirilə bilə, hər şeyi eyni mərkəzdən idarə etmək olar. Epidemiyanın dərmanı tapılandan sonra peyvənd inkişaf etmiş ölkələrdə istifadə edilə bilər, digər ölkələrə isə gec çata bilər. Ona görə işi elə qurmaq lazımdır ki, hamı koronavirusun müalicəsində tapılan peyvənddən istifadə edə bilsin".

Politoloq Elxan Şahinoğlu pandemiyada mübarizədə qarşı hər bir dövlətin birləşməli olduğunu qeyd edib. Politoloq həmçinin son günlərdə peyvəndlərin qaradərililər üzərində sınaqdan keçirilməsi məsələsinə də fikirlərini əlavə edib:

"Dünyanın super dövləti Amerikadır, amma virusdan əziyyət çəkən də elə həmin ölkədir. ABŞ hazırda koronavirusa görə 105 mindən çox vətəndaşını itirib, bir milyondan çox virusa yoluxan vətəndaşı var. Peyvəndlərin qaradərili vətəndaşların üzərində sınaqdan keçirilməsi məsələsi iki fransız aliminin fikri idi. Bu o deməkdir ki, onlar ikinci dərəcəli vətəndaşdır. Sözügedən fikrin irəli sürülməsi də Amerikada baş verən son irqi ayrı- seçkilik məsələsi ilə bağlıdır. Bildirim ki, bu doğru yanaşma deyil. Dünyanın ən kasıb ölkələri Afrikada yerləşir. Afrika qitəsi daha öncə də ebola xəstəliyi ilə üz- üzə qalmışdı və yeni xəbərlərə görə yenidən həmin xəstəlik yaranmağa başlayıb. Ona görə də məhz bu cür kasıb ölkələrə dəstək vermək lazımdır, nəinki istifadə etmək".

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az