COVID-19: Fransada 14 iyul hərbi paradı yeni formatda keçiriləcək

COVID-19: Fransada 14 iyul hərbi paradı yeni formatda keçiriləcək

Paris, 4 iyun, AZƏRTAC

Fransada 14 iyul milli bayram - Bastiliyanın alınması günü münasibətilə Yelisey Çölləri prospektində təşkil edilən ənənəvi böyük hərbi parad Konkord meydanında yeni mərasimlə əvəz olunacaq.

Konkord meydanında COVID-19 böhranının nəzarətdə saxlanılmasına görə tibb işçilərinə təşəkkür əlaməti olaraq yeni mərasim təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, sanitar böhranın tələblərinə uyğunlaşdırılaraq, ənənəvi 14 iyul hərbi paradı Konkord meydanında tibb işçilərinə həsr olunan hərbi mərasimlə əvəzlənəcək. Sosial məsafə qaydasına riayət olunaraq, yeni mərasim məhdud şəkildə - 2 min iştirakçı və 2 500 qonağın iştirakı ilə keçiriləcək.

Hava qüvvələrinin uçuş nümayişi də daxil olan hərbi tədbir koronavirus epidemiyasına qarşı mübarizədə iştirak etmiş hərbiçilərə və epidemiya müddətində fransızların hər axşam alqışladıqları tibb işçilərinə həsr olunacaq. Hərbi tədbir ictimaiyyət üçün açıq olmayacaq. Ancaq sanitar vəziyyətdən asılı olaraq, bu qərara yenidən baxıla bilər.

Qeyd edək ki, mayın 13-də Nazirlər Şurası Prezident Emmanüel Makrona “14 iyul milli bayramının COVID-19 epidemiyasına mübarizə aparanlara ehtiramı ifadə etmək məqsədilə yeni formatda keçirilməsi”nə dair istəyini bildirmişdir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az