"Nəinki Qarabağ Ermənistan torpağıdır, əksinə, Ermənistan özü bütövlükdə tarixi Azərbaycan torpağıdır"-RƏY

"Nəinki Qarabağ Ermənistan torpağıdır, əksinə, Ermənistan özü bütövlükdə tarixi Azərbaycan torpağıdır"-RƏY

Prezident İlham Əliyevin İrəvanın Azərbaycanın qədim şəhəri olması barədə çoxsaylı bəyanatları daşıdığı tarixi məzmunla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivi baxımından da böyük əhəmiyyət kəsb edir.

Nəinki Qarabağın, həmçinin İrəvan, Göyçə, Zəngəzur bölgələrinin – keçmişdə İrəvan xanlığına məxsus ərazilərin – Azərbaycanın tarixi torpaqları olduğuna dair həqiqətlər dünya ictimaiyyəti və maraqlı olan xarici qüvvələrə, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrlərinə çatdırılması təcavüzkar Ermənistana güclü təzyiq vasitəsidir. Bu həqiqətlər erməni tərəfinin Qarabağımıza və digər əzəli torpaqlarımıza əsassız iddialarına elmi-tarixi və siyasi-hüquqi dəlillərə söykənən Azərbaycanın prinsipial cavabıdır.
Azərbaycan dövlət başçısı tərəfindən İrəvanın tarixi mənsubiyyətinə dair məsələnin ortaya qoyulması eyni zamanda rəsmi Bakının Dağlıq Qarabağ tənzimlənməsində heç bir ərazi güzəştlərinə getməyəcəyini qəti şəkildə ifadə etdirən işarələrdən biridir.

Bununla bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a danışıb.

Politoloq bildirib ki, müasir beynəlxalq hüquq prinsipləri ilə yanaşı, istənilən münaqişənin tarixi-siyasi arqumentlərə əsaslanan ideoloji bazası da üstünlük qazanmaqda böyük rol oynayır:
"Prezident İlham Əliyev daima öz nitqlərində xüsusi vurğulayır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir, buna bizim tam əsasımız var. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır.

Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək. Bu, o deməkdir ki, Ermənistan nəinki Azərbaycan ərazisinin bir hissəsinə iddia etmək üçün tarixi, hüquqi, siyasi iddialara malikdir, əksinə, o, Azərbaycan torpaqlarını son əsrlərdə mərhələli şəkildə işğal edib, orada heçdən bir dövlət yaradıb. İndi də onun ərazilərini işğal yolu ilə genişləndirmək siyasəti aparır. Müasir beynəlxalq münasibətlər sisteminin formalaşmasına təsir edən beynəlxalq hüquq Azərbaycanın tam haqlı olduğunu sübut edir. Son əsrlərdə bağlanmış bütün beynəlxalq müqavilələr - Kürəkçay, Gülüstan, Türkmənçay, Qars müqaviləsi və s. hamısı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsbit edir. Ermənistanın Qarabağın ermənilərə aid olmasını təsdiq edən, birbaşa istinad edə biləcəkləri heç bir tarixi sənəd, müqavilə yoxdur. Ermənistan Qarabağı özününküləşdirmək üçün yalançı mifoloji tarixə və beynəlxalq hüququn dolayısı yolu ilə təfsirinə çalışır.
Prezident İlham Əliyev dəfələrlə beynəlxalq görüşlərdə bunu Ermənistan rəhbərliyinə sübut edib. Tarixi mənbələrə əsaslanaraq sübut edib ki, nəinki Qarabağ Ermənistan torpağıdır, əksinə, Ermənistan özü bütövlükdə tarixi Azərbaycan torpağıdır.

Müasir dövlətlərin sərhədləri 1945-ci ildən bəri BMT-nin qəbul etdiyi prinsiplər çərçivəsindədir. Lakin bir halda ki, Ermənistan Azərbaycan torpaqlarına yalançı tarix əsasında iddia irəli sürür, o zaman Azərbaycan da həqiqi tarixi faktları ən yüksək səviyyədə - dövlət başçısı səviyyəsində dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ermənistan Dağlıq Qarabağ ermənilərinin müstəqil olmasını tələb edirsə, Azərbaycan da simmetrik şəkildə Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarının Azərbaycana məxsus olmasını iddia etmək haqqına sahibdir. Bu, Ermənistanın indiyədək Azərbaycana hücum, onu sıxışdırmaq, dünya ictimaiyyətini öz saxta tarixinə inandırmaq diplomatiyasına adekvat cavabdır və uğurlu əks-hücumdur. Dünya birtərəfli erməni yalanlarına inanmaqdan uzaqlaşaraq, real tarix və gerçək siyasət, diplomatiya dərsi almalıdır ki, kimin haqlı, kimin haqsız olmasını daha yaxşı dərk etsin. Bunu da Azərbaycan ən uğurlu şəkildə diplomat, tarix və siyasi elmlər üzrə alimlik dərəcəsi olan prezident İlham Əliyevin simasında uğurla həyata keçirir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az