Karantin rejimi ilə bağlı sərt qərarların qəbulu vacib idi - RƏY

Karantin rejimi ilə bağlı sərt qərarların qəbulu vacib idi - RƏY

Report

Azərbaycan hökumətinin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planının həyata keçirilməsinə başlanıldı. Lakin əksər vətəndaşların son zamanlar karantin rejiminə əməl etməməsinə görə yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandı. Bu səbəbdən də hökumət karantin rejiminin yenidən sərtləşdirilməsi barədə qərar qəbul etdi.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə “Report”a açıqlamasında bildirib ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün sərt qərarın qəbulu vacib idi: “Koronavirus pandemiyası dünyanı bürüyən bir bəladır. Bu xəstəlikdən çox sayda ölüm halları da var. Hökumət və müvafiq qurumlar əllərindən gələni etdilər ki, Azərbaycan xalqı bundan mümkün qədər az zərərlə çıxsın. Bununla bağlı müəyyən nəticələr də əldə edildi. Lakin bir balaca yumşalma olan kimi xəstəlik sayında artım müşahidə edildi. Çünki bir çox vətəndaşlarımız intizamsılıq nümayiş etdirərək müəyyən olunmuş qaydalara və qadağalara əməl etmədilər. İctimai yerlərdə maskadan istifadə edilməməsi, sosial məsafənin qorunmaması tətbiq edilən xüsusi karantin rejimi nəticəsində əldə edilən müsbət tendensiyanı mənfiyə doğru dəyişdi. Bu cür intizamsızlıq təkcə özünə qarşı deyil, həm də digərlərinə qarşı etinasızlıq və təhlükə yaratmaqdır”.

Araz Əlizadə

Partiya sədri bu kimi halların və xəstəliyin yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsini dəstəkləyir: “Həftəsonları tam məhdudiyyət vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. Məhdudiyyətin yalnız həftənin iki gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasını deməyə əsas verir. Əgər ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır. Təəssüflər olsun ki, koronavirusla mübarizədə müsbət tendensiyaya yalnız sərt qaydalar tətbiq etmək yolu ilə nail olmaq olur”.

A.Əlizadə vurğulayıb ki, vətəndaşlar məsuliyyətli olmalı və qaydalara qeyd-şərtsiz əməl etməlidir: “Axı bu maskanı taxmaq çətin məsələ deyil. Hamı bilməlidir ki, həm özünün, həm də digərlərinin sağlamlığı üçün bunu etmək vacibdir. Şəxsən özüm həm maskadan, həm əlcəkdən istifadə edirəm, avtomobilimdə daim antiseptik vasitə saxlayıram. Tibb elminə böyük töhfələr vermiş Nikolay Semaşkonun dediyi kimi, “sanitariya mədəniyyəti olmadan heç bir mədəniyyətdən danışmaq olmaz”.

ASDP qeyd edib ki, vətəndaşlar bu məsələdə prezidentdən nümunə götürməlidir: “Ötən gün dövlət başçısı belə rayonlara səfəri zamanı tibbi maskadan istifadə etdi. Əgər prezident bunu edirsə, adi vətəndaşlar niyə etməsinlər?”

Mənbə: report.az