“Cəmiyyət bir növ müharibəyə hazırlaşmalıdır” – Prezidentin çıxışına şərh

“Cəmiyyət bir növ müharibəyə hazırlaşmalıdır” – Prezidentin çıxışına şərh

May ayının 21-də Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasimi yenidən cəmiyyətdə əsas diqqəti Qarabağa yönəldib. Bəzi şəxslər müharibənin çıxış yolu olmadığını desələr də, ictimai-siyasi statusu olan şəxslərin əksəriyyəti, o cümlədən sıravi vətəndaşlar artıq Azərbaycanın suverenliyinin ancaq müharibə yolu ilə bərpa olunacağını düşünür.

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda danışıb, sərt bəyanatlar verib. Ermənistan dövlətinin faşist və terrorçu mahiyyətinin ifşa olunması haqsa mühüm medajlar verib.

Keçmiş dövlət müşaviri, professor, politoloq Qabil Hüseynli Yenisabah.az-a açıqlamasında bildirib ki, ordunun indiki potensialı Ermənistanı məğlub etməyə və işğalçı qoşunları ərazimizdən çıxarmağa yetərlidir, amma iqtisadi və hərbi cəhətdən daha da güclənməyə böyük ehtiyac var:

“Ölkə başçısı İlham Əliyev Tərtərdə olarkən bununla bağlı maraqlı fikirlər səsləndirdi. Qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi bizim birmənalı qəti mövqeyimizdir. Bu məsələdən kənara çıxmağın hər hansı bir forması yolverilməzdir.

Bununla da son zamanlar həm Paşinyanın, həm də qondarma Dağlıq Qarabağ Respublikasına seçilən qondarma prezidentin müəyyən çıxış və hədələrinə cavab oldu. Prezident vurğuladı ki, biz daha da güclənməliyik. Həmçinin onu da əlavə etdi ki, geosiyasi şərtlərdə leyhimizə olan ciddi dəyişikliklər var, amma onların tamamilə bizim xeyrimizə dəyişməsi prosesi hələ başa çatmayıb. Biz bunu da nəzərə almalıyıq. Prezidentin deməyindən belə çıxır ki, ermənilər danışıqlar formatına ciddi fikir vermirlər və məsələnin hərb yolu ilə həll olunması tezliklə gündəmə gəlməli olacaq. Azərbaycan ordusunun yeni silahlarla təchiz edilməsi prosesi sürətləndirilməlidir. Ölkənin mənəvi-psixoloji atmosferası daha da müharibə istiqamətinə köklənməlidir. Yəni cəmiyyət bir növ müharibəyə hazırlaşmalıdır”.

Politoloq vurğulayıb ki, bu gün torpaqlarımızın azad edilməsi üçün müharibədən başqa hər hansı yol yoxdur:

“Danışıqlar, qarşılıqlı dialoq yolu ermənilər tərəfindən qapadılıb. Ermənilər bu bəs deyilmiş kimi Azərbaycana qarşı təhdidlər də irəli sürürlər. Belə olan təqdirdə danışıqlar prosesinin effektivliyi haqqında illuziyalara qapılmaq lazım gəlmir. Yeganə yol odur ki, Azərbaycan hərbi qüdrətini artırmalı, geosiyasi şərtləri öz xeyrinə çevirməlidir. Ermənistana köməklik göstərən, onun arxasında duran qüvvələrin dəf edilməsi prosesi uğurla aparılmalıdır. Ən azından onların bu məsələlərdə neytrallığına nail olunmalıdır. Azərbaycan Ermənistanla baş-başa qalmalıdır. Bundan sonra Azərbaycan xalqı öz sözünü demək qüdrətinə sahib olacaq”.

Qabil Hüseynli ölkədə gedən təmizləmə prosesini də diqqətə çəkib:

“Cəmiyyətimizdə təmizləmə prosesi gedir. Sosial ədalət bərpa olunmalı, məmur və məmur övladı özbaşnalığına son qoyulmalıdır. Rüşvət və korrupsiyanın kökünün kəsilməsi cəmiyyətin inkişafının başlıca hədəflərindən birinə çevrilməlidir. Bu kontekstdə də Azərbaycan özünün maliyyə resurslarına söykənərək ölkənin iqtisadi inkişafını daha da gücləndirməlidir. Qeyri-neft sektorunu, sənayeləşdirməni, kənd təsərrüfatını inkişaf etdirməli, cəmiyyətin maddi rifah halını yüksəltməlidir. Prezidentin çağırışlarına əməl edilməlidir. Çağırışların başlıcası torpaqlarımızın azad edilməsi, suverenliyimizin həmin torpaqlara yayılmasından ibarətdir”.

Həmsöhbətimiz Ermənistanın Dağlıq Qarabağla bağlı iddialarını hüquqi, siyasi və tarixi aspektdən şərh edərək onların əsassız olduğunu da qeyd edib:

“Tarixi nöqteyi-nəzərdən ermənilərin irəli sürdüyü iddialar heç bir tənqidə dözmür. Ermənilərin özləri də hələ Sovet dönəmində açıq qeyd edirdilər ki, Qarabağ torpaqlarına onlar gəlmədirlər. Hətta onlar Dağlıq Qarabağla Tərtər rayonunun sərhəddində bu torpaqlara gəlmələrinin 180 illik münasibətilə böyük bir abidə kompleksi də ucaltmışdılar. İndi abidəni dağıdıblar, amma fotoları qalıb. Həmin ermənilərin böyük əksəriyyəti İrandan gəlmə ermənilərdir. Müəyyən qismi isə Türkiyə və digər torpaqlardan gəlmələrdir. Amma Qarabağ xanlığı indiki Ermənistanın Zəngəzur və Meğri rayonlarını da əhatə edən böyük bir ərazi vahidi idi, Şuşa onun mərkəzi olub. Vaxtilə Qarabağda mehtər işləyən, onu özünə böyük səadət hesab edən ermənilər sonradan bu ərazilərdə məskunlaşmağa başladılar.

Türkmənçay sülh müqaviləsindən sonra Rusiyanın məqsədyönlü siyasəti nəticəsində Cənubi Qafqazda ermənilərdən ibarət dəstə düzəltdilər. Onlardan istifadə edib işğalçı siyasət yeritdilər. Ermənilər həmişə böyük dövlətlərin əlində vasitə olub və tarixi faktlarla bunu onlara sübut etmək olar. Amma onlar yalanlardan düzməcə bir Ermənistan, Arsax obrazı düzəldirlər. Hansı ki, tarixdə belə şeylər olmayıb. Onların söylədiyi tarixi iddialar tamamilə əsassızdır. Hüquqi nöqtəyə gəldikdə isə faktiki olaraq ermənilər burada separatist hərəkət başladıblar. Azərbaycanın tərkib hissəsi olan ərazidə Azərbaycan tərəfindən verilən muxtariyyətdən sui-istifadə edərək bu ərazilərdə separatçı hərəkətə başlayıblar. Sonra bu hərəkətə Ermənistandan gələn silahlı dəstələr qoşulub. Sovet dövründə Sovet ordusunun müəyyən hissəsindən alınan kömək nəticəsində həmin ərazidə yaşayan azərbaycanlıları etnik təmizləməyə məruz qoydular. Onlara ağalıq edən dövlətin köməyi ilə bu ərazilərdə soyqırım və quldurluq siyasəti yeritdilər. Bu etnik təmizləmə prosesi sonradan Dağlıq Qarabağın ətrafındakı yeddi rayonu da əhatə etdi”.

Siyasi şərhçi dünya birliyinin 2018-ci ilə qədər Ermənistanda hakimiyyətdə olan qüvvələrin cinayətkar olmasına niyə sükutla yanaşdığını da izah edib:

“Onu deyək ki, proseslərə bizim özümüz də fəal surətdə müdaxilə edə bilmədik. Məsələn, diqqət edin, Dağlıq Qarabağda soyqırım baş verəndə Azərbaycanın əsas informasiya kanalı olan “AzərTAc” hadisələri gizlətmək, örtbasdır etmək yolunu tutdu. Bu məsələlər haqqında ictimaiyyətə geniş məlumat verilmədi. Bu məlumatların cəmiyyətə verilməsi 10 gündən çox gecikdirildi. Bu müddət ərzində ermənilər öz törətdikləri soyqırımın şəkil və videosunu çəkərək bütün dünyaya yaydılar, hətta o videonun bir nüsxəsi də Vatikana getdi, katolik kilsəsinin başçısı II İohan Pavelə çatdırıldı. Və təbii olaraq video fərqli təqdim olundu.

Deyildi ki, vəhşi müsəlmanlar svilizasiyalı xristian ermənilərə qarşı bu cür soyqırım törədirlər. Özlərinin törətdikləri qəddar cinayətləri bizim adımıza yazaraq bütün dünyaya bəyan etdilər və dünya da ilkin siyasi rəy kimi onların göstərdiyi materialı qəbul etdi. Biz isə bir müddət onları ört-basdır etmə yolunu tutduq. Burada həm də informasiya müharibəsi də baş verir ki, bu müharibədə biz hələ son zamanlar çevik hücumçu siyasət yeridə bilirik. Artıq informasiya müharibəsində tədricən də olsa, Ermənistanın mövqeyini zəiflətməyə və mövqelərimizi gücləndirməyə nail olmuşuq.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı həqiqətləri bütün dünyaya çatdıra bilirik. Burada prezidentin rolu böyükdür. O, müxtəlif tədbirlərdəki çıxışlarında həqiqətləri dünyaya çatdırıb. Erməni fitnəkarlığının əsl iç üzü göstərilib. Bu proseslər çox çətin idi, çünki bu dəqiqə dünyanın söz sahibləri xristian mənşəli insanlardır. Onlara həqiqətləri çatdırmaq üçün nə qədər irimiqyaslı iş aparılması hamıya məlumdur. Beynəlxalq təşkilatlar Ermənistanı işğalçı hesab etsə də, bunu siyasi qərara çevirməyə tələsmirlər. Bu istiqamətdə də görüləcək işlər çoxdur. Müharibə Ermənistanla Azərbaycan arasında olsaydı, biz vəziyyəti çoxdan öz xeyrimizə dəyişib ermənilər üzərində həlledici qələbə qazana bilərdik. Amma həmişə Ermənistanın arxasında qəyyum dövlət dayanıb, onu silahlandırıb, yeri gələndə açıq şəkildə müharibəyə müdaxilə edib və qüvvələr nisbətini Ermənistanın xeyrinə dəyişə bilib. Belə vəziyyətlə baş-başa qalmışıq.

Amma yaxşı ki, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ordumuz dünyanın ən yaxşı 100 ordusu sırasındadır, hərbi təchizatı sürətlə aparılır, hərbə ayrılan vəsait günbəgün artır və nəticədə bizdə belə bir ümid yaranır ki, erməni ordusundan qat-qat üstün olan ordumuz öz sözünü gec-tez deyəcək və ərazi bütövlüyümüz bərpa olunacaq”.

Sayad Həsənli

Mənbə: yenisabah.az