Arif Qasımov öz adamaının yerinə həbsxanaya başqasını necə göndərib…

Arif Qasımov öz adamaının yerinə həbsxanaya başqasını necə göndərib…

Nizaminin icra başçısının daha hansı əmlakları üzə çıxdı…

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sahib olduğu çoxsaylı əmlakların siyahısını dəyərli oxucularımıza təqdim etmişdik. “Arif Qasımovun varidatının şok siyahısı: icra başçısının saymaqla bitməyən obyektləri, villasının qarajında milyonlarla dəyəri olan 30 avtomobili və…” başlıqlı məqalənin sonunda onu da vurğulamışdıq ki, təqdim etdiyimiz villa və obyektlər A.Qasımovun mülklərinin yalnız bir qismidir. Yaxın günlərdə bu haqda daha geniş açıqlama verəcəyimizi qeyd etmişdik.

Mövzuya keçməmişdən öncə bir daha oxucularımızın diqqətinə çatdıraq ki, söz verdiyimiz kimi, icra başçısının “topdağıtmaz” sərvəti ilə bağlı yeni şok faktları tezliklə sizlərə təqdim edəcəyik. Hazırda tərəfimizdən araşdırma aparılır və icra başçısının daha bir neçə milyonluq obyektini üzə çıxardığımızı indidən qeyd edə bilərik.

Lakin bu yazımızda A.Qasımovun qanunsuz yollarla əldə etdiyi əmlakların siyahısını deyil, 2011-ci ildə Nizami rayonunun Bələdiyyə sədri işlədiyi dövrdən bu günə qədər sahib olduğu sərvəti kimlərin əli ilə və hansı yollarla əldə etdiyinə aydınlıq gətirəcəyik.

Bir daha qeyd etməyi özümüzə borc bilirik ki, bu araşdırmanı aparmaqda məqsədimiz prezident İlham Əliyevin dəfələrlə rüşvətxor və korrupsioner məmurların qanunsuz fəaliyyətinin üzər çıxarılması ilə bağlı jurnalistlərə çağırışına cavab verməkdir. Digər tərəfdən, qanunsuz fəaliyyətlə məşğul olan, dövlətin milyonlarla sərvətini barbarcasına talan edən məmurların ifşa olunması həm də medianın peşə borcudur. Odur ki, biz ölkə başçısının çağırışı və peşə borcumuzun tələbləri əsasında talançı məmruları ifşa etməyə davam edəcəyik. İnanırıq ki, 2019-cu ilin ortalarından etibarən ölkədə başladılan islahatlar prosesindən sonra, əvvəllər olduğu kimi, artıq hansısa korrupsioner məmur həqiqəti yazan jurnalisti müxtəlif yollarla sıradan çıxarmaq gücündə deyil. Çünki bu halda onların qarşılarında ölkə prezidentini görəcəyinə şübhə etmirik. Məhz bu əminlik də bizi peşə borcumuzu daha layiqli şəkildə yerinə yetirməyimizə zəmin yaradır.

Yanlış anlaşılmasın deyə, onu da qeyd edək ki, biz “Hürriyyət” olaraq yalnız Nizaminin icra başçısı haqqında araşdırma aparmırıq. Qarşıdakı günlərdə bir çox məmurlarla bağlı geniş araşdırma yazılarını təqdim edəcəyik. İlk olaraq A.Qasımovun əmlaklarının siyahısını açıqlamağımız onun əksər məmurlardan və icra başçılarından daha böyük sərvətə malik olması və bu obyektlərin bir çoxunun qanunsuz yollarla əldə edilməsi ilə bağlıdır. Üstəlik, DTX-nın icra hakimiyyətlərində apardığı əməliyyatlardan sonra bir sıra məmurlar ənənəvi talançılıq əməllərindən nisbətən əl çəksə də, A.Qasımov hələ də öz qanunsuz əməllərini davam etdirməklə, ölkə başçısına “meydan oxuyur”.

Digər tərəfdən, təkcə ötən yazımızda sadaladığımız əmlaklarının siyahısı onu deməyə əsas verir ki, A.Qasımovun sərvəti həbs olunan icra başçılarının mal varlığından nəinki on, hətta yüz dəfələrlə artıqdır. Amma bu adam ölkə başçısının başlatdığı islahatlardan dərc çıxarmaq əvəzinə, özünü hələ də “toxunulmaz” hesab edir…

Bir daha xatırladaq ki, A.Qasımov 2015-ci ildə Nizaminin icra başçısı postuna təyin olunmazdan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Demək olar ki, o, ən böyük qanunsuzluğa Nizami rayon Bələdiyyəsinin sədri vəzifəsində çalışdığı müddətdə yol verib. Amma, indi olduğu kimi, həmin vaxt da öz qanunsuz əməllərini daha çox başqalarının əli ilə həyata keçirib.

Məlumat üçün bildirək ki, Arif Qasımov Bələdiyyə sədri vəzifəsində çalışanda, onun Rəhimov Nurəli Qəzənfər oğlu adlı müavini olub. Mənbə deyir ki, A.Qasımovun bütün qanunsuz işlərini bu adam görüb. Onun əli ilə Nizami rayonunda çoxlu sayda geniş torpaq sahələri, bir neçə obyekt və s. əldə edə bilib. Nurəli Rəhimov rəhmətə gedəndən sonra, o, əmlak məsələləri ilə bağlı saxta sənədləşmə işlərini görə biləcək etibarlı adam axtarışına çıxıb. Bu zaman həm də mərhum müavininin xidmətlərinin qarşılığı olaraq, onun qardaşı Rəhimov Abbas Qəzənfər oğlunu Bələdiyyədə işə düzəldib. Həmin vaxtdan da A.Qasımovun bütün çirkli əməllərini qardaşı Nurəli Rəhimovun əvəzinə, Abbas Rəhimov yerinə yetirməklə məşğuldur.

Mötəbər qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, icra başçısının qanunsuz göstərişlərini icra edən Abbas Rəhimov barəsində 2015-ci ildə Nizami Rayon Prokurorluğu cinayət işi qaldırıb. O, saxta sənəd hazırlamaqda ittiham edilib. Mənbə deyir ki, bir müddət istintaq gedəndən sonra Arif Qasımovun dəstəyi ilə cinayət işi bağlanıb. Daha doğrusu, Abbas Rəhimovun onun yolunda hər bir qanunsuzluğa getməyə hazır olduğunu yaxşı bilən icra başçısı, onu xilas edərək, bu qanunsuz əməli Bələdiyyənin başqa bir əməkdaşının – Xəlilov Yaşar Həsən oğlunun üstünə yönləndirib. Bir sözlə, məlum saxta sənəd işindən məhkəmə zamanı da israrla xəbərsiz olduğunu bildirən Y.Xəlilov icra başçısının tapşırığı ilə şərlənərək, barəsində 4,6 il müddətinə həbs qərarı çıxarılıb. Bundan sonra “təmizə çıxan” Abbas Rəhimov indiyədək Bələdiyyədə icra başçısının çirkin əməllərini görməkdədir.

Maraqlıdır, bütün bunları bilə-bilə Bələdiyyə sədri Quliyev Vüqar Həsən oğlu işçisinin qanunsuz əməllərinə niyə göz yumur? Bu məsələdə onun nə kimi çıxarı var?! Doğrudur, əldə etdiyimiz bilgilərə görə, A.Rəhimov hazırda Nizami Rayon Bələdiyyəsində şöbə müdiri olsa da, özünü sədrdən “üstün” səlahiyyət sahibi hesab edir. Deyilənə görə, arxasında A.Qasımov durduğundan, sədrin ona söz demək səlahiyyəti çatmır. Hətta bir neçə dəfə Abbas Rəhimovun özbaşınalığı və qanunsuz əməlləri ilə bağlı şikayət olsa da, ona kimsə bata bilməyib. Bu isə, şübhəsiz, işçilər arasında çox böyük narazılıq yaradıb. Bəs, Vüqar Quliyev nə vaxtadək formal olaraq sədr vəzifəsini daşımağa davam edəcək?!

Mənbə Hurriyyet.org

P.S. Son olaraq bir məsələni də xatırladaq ki, Bakının Nizami rayonunda “Diqlas” Ticarət Mərkəzi yananda icra başçısı Arif Qasımov zərərçəkənləri qəbul etmişdi. Həmin vaxt o, sahibkarların çoxsaylı etirazlarına və suallarına cavab olaraq “mənim sizin zərəri qarşılamaq imkanım yoxdur”, – demiş və zərərçəkənləri dövlətin, yəni ölkə başçısının üstünə yönləndirmişdi. Hansı ki, həmin vaxt prezident İlham Əliyev yanğından zərər çəkən sahibkarlara 3 milyon manat ayrılması haqda qərar vermişdi. Bu gün A.Qasımovun milyonlarla dəyəri olan əmlaklarının siyahısı ortaya çıxdıqca, bir daha əmin oluruq ki, bu adam üçün vətən, dövlət məfhumu yoxdur, onu ancaq xalqın pulunu çapıb-talamaq düşündürür. Halbuki, onun qarajındakı 30 avtomobildən cəmi 2-3 ədədini satmaqla həmin zərəri qarşılamaq olardı.

P.P.S. Onu da qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası yayıldığı ərəfədə ölkə başçısı Koronavirusla Mübarizəyə Dəsətək Fondu yaradaraq, bütün iş adamlarını bu mübarizəyə dəstək verməyə çağırdı. Bu fonda ilk olaraq da ölkə başçısının özü 20 milyon manat vəsait köçürdü. Maraqlıdır ki, sadə vətəndaşlar prezidentin bu çağırışına dəstək verərək, Koronavirusla Mübarizəyə Dəsətək Fonduna öz imkanları daxilində pul köçürsələr də, yüz milyonlarla manatlıq varidatı olan icra başçısı indiyədək bu fonda 1 qəpik belə ödəməyib…

ANONS, ANONS, ANONS!

– Nizaminin icra başçısı Binəqədi rayonundakı obyektləri necə əldə edib?

– Binəqədidəki obyektlər kimlərin adına qeydiyyatdadır və həmin şəxslərlə icra başçısının hansı işgüzar və şəxsi əlaqələri var?

– İcra başçısının oğlu Fuad Qasımov Milli Məclisdəki vəzifəsindən niyə çıxarıldı?

– Arif Qsımovun ikinci oğlu Nadir Qasımov nə üçün Nizami rayonunun “şahzadəsi” adlandırılır?

– Başçının övladlarının və digər sevimlilərinin adına daha hansı mülklər var?

Mənbə: milletinsesi.info