“10 min insan özünüməşğulluq proqramına cəlb ediləcək”- Dövlət başçısı

“10 min insan özünüməşğulluq proqramına cəlb ediləcək”- Dövlət başçısı

“Hazırda biz özünüməşğulluq proqramı ilə ciddi məşğuluq. Bu il ən azı 10 min insan bu proqrama cəlb ediləcək. O cümlədən ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir. Bilirəm ki, mənim çağırışımla özəl şirkətlər də ABAD-la müqavilələr bağlayıb, onlara vəsait ayırıb ki, bu sahədə işlər daha geniş vüsət alsın”.

Cebhe.info xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

“Bu mərkəz Ağcabədi rayonu üçün yeni bir xidmət, istirahət, eyni zamanda, əyləncə mərkəzi olacaqdır. Burada iki kinoteatr fəaliyyət göstərir. Bildiyimə görə, Ağcabədi şəhərində kinoteatr yoxdur. Burada gənclərin asudə vaxtlarını keçirmələri üçün imkanlar var, ABAD ticarət mərkəzi fəaliyyət göstərir. Ona görə bu mərkəz insanları cəlb edəcək. Ağcabədi gəncləri burada işlə təmin olunurlar. Qeyd etdiyim kimi, 200-dən çox iş yeri yaradılır ki, bu iş yerlərində gənclər çalışacaqlar”, -deyə prezident bildirib.
Dövlət başçısı “Bu mərkəzin Ağcabədi rayonunda yaradılması təsadüfi deyil. Ağcabədi əhali baxımından ölkəmizin ən böyük rayonlarından biridir. Ağcabədi Qarabağ torpağında yerləşir və son illərdə rayonun inkişafı üçün bir çox işlər görülübdür. Bu, mənim Ağcabədiyə Prezident kimi 7-ci səfərimdir və bu illər ərzində çox böyük işlər görülübdür. Ağcabədidə infrastruktur tamamilə təzələnib. Elektrik enerjisi ilə bağlı əvvəlki illərdə problemlər var idi. İndi bu problemlər aradan qaldırılır. Bu gün Ağcabədidə açılacaq yeni yarımstansiya rayonu dayanıqlı enerji ilə təchiz edəcək. Ağcabədidə qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada insanlar ümumiyyətlə qazın nə olduğunu unutmuşdular. Şəhərin, kəndlərin qaz təchizatı yox idi. İndi qaz təchizatı 90 faizdən çoxdur. Yeni yolların çəkilişi. Mənim növbəti sərəncamlarımda yeni yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayrılması nəzərdə tutulub. Mənə verilən məlumata görə, Ağcabədi rayonunun şəhər və kənd yollarının 60 faizi yenidən qurulur. Qalan 40 faiz üçün də bizim proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında onlar təsbit edilib. Biz bütün yolları abadlaşdıracağıq”,- deyib
Xəzər
Cebhe.info

Mənbə: cebhe.info