"Qısa müddətdə koronavirus xəstələri azala bilər, bir şərtlə..." - Millət vəkili

"Qısa müddətdə koronavirus xəstələri azala bilər, bir şərtlə..." - Millət vəkili

Bu vaxta qədər Azərbaycan hökümətinin gördüyü tədbirlər sayəsində Azərbaycanda koronavirusa yoluxmaların sayı minimum həddə idi. Ona görə insanlarda bəzən yanlış təsəvvür yaranırdı ki, minimum yoluxma özü-özünə baş verən hadisədir. Hətta bəzən şübhə edənlər tapılırdı ki, bəlkə ümumiyyətlə koronavirus yoxdur. Çox təəsüf ki, sosial şəbəkələrdə və bir sıra media resurslarında koronavirusun mövcudluğu ilə bağlı şübhə versiyaları irəli sürülür.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib:

"Çox təəssüf ki, vətəndaşlarımız bu şaiələrə inanır. Ancaq nəzərə almaq lazımdır ki, bütün dünyanı iflic edən, dünya iqtisadiyyatına böyük maliyyə zərbələri vuran bu pandemiya real təhlükədir. Vətəndaşlarımızın karantin rejiminin qaydalarına uymamalarının səbəbi bir qədər də yersiz inamsızlıqdır. Amma indi nə baş verdi?

Karantin rejimin yumşaldılması ilə bağlı bir sıra addımlar atılan kimi yoluxmaların sayı artdı. Artıq vətəndaşlarımızda real məlumatlar var ki, bir tanışı, bir dostu, ətrafında olan kimsə koronavirusa yoluxub. Yalnız indi inanmağa başlayırlar".

Millət vəkili bildirib ki, virus bizim aramızdadır və onun varlığına inanmaq lazımdır: "Koronavirus var, bizim üçün real təhlükədir. Hətta insanların həyatına son verəcək qədər təhlükəlidir. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə vətəndaşların cərimələnməsi onların özlərinin sağlamlığının qorunması üçündür. Bu iki məqama vətəndaşlarımız inansa, düşünürəm ki, qısa müddətdə yoluxmaların sayı artdığı kimi, yenidən azalacaq. Gələcəkdə də bunu sıfıra endirə biləcəyik.

Ona görə də mən düşünürəm ki, vətəndaşlarımız 50-100 manat cərimələri cərimə kimi deyil, dövlətin onların qeydinə qalması kimi qiymətləndirsinlər. 30 qəpik ailə büdcəsindən məxaric etməklə sağlamlıqlarını alırlar, həm də 50 manat cərimədən yayınmış olurlar".

Hikmət Babaoğlu qeyd edib ki, insanlar bunu psixoloji baxımdan dövlətin qayğısı kimi qymətləndirməlidir: "Belə olan halda, qaydalara uymaq çox rahat olacaq. Biz bunu sadəcə cərimə kimi görsək, əlbəttə, bizim də işlərimiz çətinləşəcək. Ümumi ictimai mənafeyimizə zərbə dəyəcək.

Mən vətəndaşlarımıza bir daha çağırış edirəm, görürsüzmü, yumşalmalar başlayan kimi yoluxmaların sayı artdı. Artıq mən əminəm ki, hər kəsin ətrafında yoluxanlar var. Bunu ciddiyə almaq lazımdır. Görülən tədbirləri yalnız və yalnız vətəndaşların sağlamlığı, koronavirusdan qorunmaları üçün atılan addımlar kimi qiymətləndirmək lazımdır".

 

Mənbə: teleqraf.com