Aprel döyüşlərini araşdıran komissiyanın hesabatının təqdim olunacağı vaxt açıqlanıb - ƏTRAFLI

Aprel döyüşlərini araşdıran komissiyanın hesabatının təqdim olunacağı vaxt açıqlanıb - ƏTRAFLI

Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran istintaq komissiyasının sədri Andranik Köçəryan jurnalistlərlə brifinqdə Ermənistanın keçmiş Baş naziri Karen Karapetyanın niyə komissiyaya dəvət olunduğunu açıqlayıb. Köçəryan qeyd edib ki, bu, Karapetyanın Aprel döyüşləri vaxtı keyfiyyətsiz yanacağa görə erməni tərəfinin hərbi texnikasının işləmədiyinə dair əvvəllər verdiyi açıqlama ilə bağlı olub.

“Bəs Karen Karapetyanı niyə çağırmışdıq? Tanış olacaqdıq?”, - deyə Köçəryan bildirib.

Karapetyandan əvvəl Baş nazir vəzifəsini tutmuş Hovik Abrahamyanın niyə komissiyaya dəvət olunmadığı ilə bağlı verilən suala Köçəryan cavab verib ki, Hovik Abrahamyan Aprel döyüşləri günlərində Baş nazir funksiyalarını tam həyata keçirmiş ola bilməzdi.

“Bəyanat cəmiyyət üzərində təsir buraxmasaydı, Karapetyanı da çağırmazdıq”, - deyə o bildirib.

Andranik qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov komissiyanın iclasında iştirak etməməklə komissiyada bir çox şübhələr yaradıb: “Yuri Xaçaturovun artıq başqa orqanlarda cavab verməli olduğu suallar qalıb”.

Köçəryan bildirib ki, qondarma qurumun keçmiş “rəhbəri” ilə də müzakirə aparıb. Onun sözlərinə görə, Bako Sahakyanın iştirakı ilə baş tutmuş iclasın detalları komissiyanın nəticəsində olacaq.

Komissiyanın sədri vurğulayıb ki, komissiya Aprel döyüşlərinin niyə olduğunu, hansı məqsədin olduğunu, niyə başladığını, başlamazdan əvvəl erməni tərəfinin buna nə dərəcədə hazır olduğunu söyləyəcək.

Köçəryan, həmçinin Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyanın komissiyaya ikinci dəfə çağrılması məsələsinə də toxunub: “Niyə komissiya ikinci dəfə Arşşak Karapetyanı çağırdı? Bu o deməkdir ki, hansısa problemlər görürük”.

O qeyd edib ki, tam hesabat sentyabr ayında olacaq.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az