Corc Floydun ölümü, Trampın reytinqi, Obamanın fəallığı – TƏHLİL – EKSKLÜZİV

Corc Floydun ölümü, Trampın reytinqi, Obamanın fəallığı – TƏHLİL – EKSKLÜZİV

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minneapolis şəhərində qara dərili vətəndaş Corc Floydun saxta 20 dollar müqabilində siqaret aldığına görə 4 polis tərəfindən saxlanılması və hadisə yerindəcə polislərdən birinin “amansız müdaxiləsi” nəticəsində dünyasını dəyişməsi ölkədə kütləvi iğtişaşlara səbəb olub.

Qazet.az xəbər verir ki, 28 may tarixində başlanan və 9 gündür davam edən etiraz aksiyalarında 10 mindən çox amerikalı həbs olunub və prezident Trampın əmri ilə ordu Vaşinqtona daxil olub.

ABŞ-ın müxtəlif ştat və şəhərlərində baş tutan aksiyalar zamanı şiddət nümayiş olunub – market və ticarət obyektlərinin şüşələri sındırılıb və çox sayda oğurluq halları baş verib.

Qazet.az-ın suallarını cavablandıran politoloq İlqar Vəlizadə ABŞ-da cərəyan edən hadisələrin qarşıdan gələn prezident seçkiləri üzərində böyük təsir qüvvəsinin olduğunu bildirib. Prezidentliyə namizəd Co Bayden son olaylardan öz xeyrinə istifadə edir və Tramp administrasiyasının irqçiliklə mübarizə apa bilmədiyini vurğulayaraq səsverənlər üzərində psixoloji təsirə səbəb olur.

“Əlbəttə ki, bu hadisələr seçki prosesində iştirak edən digər namizədlər tərəfindən fəal şəkildə istifadə olunur. Əsasən də Trampın rəqibləri olaylardan ona qarşı öz addımlarında istifadə edir. Yeri gəlmişkən, son günlərdə eks-prezident Obama fəallaşıb və o da bu hadisələrə öz münasibətini bildirir. Bu da Trampın əsas rəqibi sayılan Co Bayden üçün müəyyən qədər dəstək olur. Obamanın Amerika siyasi səhnəsində nüfuzu hal-hazırda da kifayət qədər böyükdür”.

Sabiq ABŞ prezidenti Barak Obama “Youtube”da etdiyi canlı yayımında şəhər merlərini irqçiliklə mübarizə etməyə çağırıb.

ABŞ-da səsini eşitdirməyə çalışan afro-amerikan cəmiyyətin günlərdir davam edən aksiyaları nəticəsində Corc Floydun ölümündə təqsirlli bilinən 4 polis əməkdaşının hər birini 40 ilədək həbs cəzası gözləyir.

“Əlbəttə ki, Trampın reytinqi aşağı düşüb. Xüsusən də son günlərdə atılan addımlar bunu göstərir. Amerikanın 40 şəhərində fövqəladə vəziyyət elan olunub. Vəziyyət nəzarətdən çıxdığı üçün administrasiya belə addımlar atmağa məcbur olur. Pandemiya hələ də aktual mövzu olaraq qalır, fəsadları mövcuddur – işsizlik, sosial problemlərin artması, ölkə iqtisadiyyatın bəzi hallarda iflic vəziyyətə düşməsi, sərhədlərin ümumiyyətlə bağlı olması iqtisadi sistemə təzyiq rolunu oynayır. Amerika bu vəziyyətdən yalnız pandemiya bitdikdən sonra çıxa bilər. Pandemiyanın bitməsi dedikdə yoluxma sayının xeyli azalması, ölüm hallarının xeyli azalması nəzərdə tutulur. Azalsa da, tendensiya, dinamika o qədər də arzuolunan deyil və risklər çox böyükdür. İkinci dalğa haqda danışılır. Bütün bunlar Tramp üçün mənfi faktordur”, – deyə İlqar Vəlizadə ABŞ-dakı durumu dəyərləndirərkən qeyd edib.

Məlum məsələdir ki, Trampın öz vətəndaşlarının etiraz aksiyalarının qarşısını hərbi güc vasitəsilə almağa cəhd etməsi etirazçılar arasında narazılığı daha da artırıb. Təbii ki, pandemiya səbəbiylə ölkədəki işsizlik səviyyəsinin artması da Donald Trampa olan güvənin azalmasına təsir göstərən məqamlardandır.

Bütün baş verənlərin fonunda qarşıdakı prezident seçkilərində Donald Trampın qələbə qazanıb-qazana bilməyəcəyi sualı öz aktuallığını qoruyur.

Mənbə: qazet.az