ABŞ-ın baş prokuroru ittiham etdi, Rusiyadan cavab gəldi

ABŞ-ın baş prokuroru ittiham etdi,  Rusiyadan cavab gəldi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-dakı etiraz aksiyalarında xarici qüvvələrin əli olması barədə ABŞ-ın baş prokuroru Uilyam Barrın dediklərinə reaksiya verib.

Moderator.az-ın məlumatına görə, Zaxarova deyib ki, baş prokurorun açıqlaması amerikalılar üçün təhqirdir: "Amerika Birləşmiş Ştatları növbəti dəfə daxili problemlərini xarici faktorlara bağlamaqla ictimaiyyətin diqqətini başqa istiqamətə yönəldir. Amerikalılara bu cür hörmətsizlik edənlər onların diqqətini əsas mövzudan yayındırmağa çalışırlar. Əllərində tutarlı faktlar və dəlillər olmadığı halda ABŞ daxildə yaranan problemlərinə görə xariciləri günahlandırırlar. Sual olunur: məgər bu böyük problemlər sizin öz günahınız nəticəsi deyilmi?"

Xatırladaq ki, bu yaxınlarda Minneapolis şəhərində ABŞ-ın qaradərili vətəndaşı Corc Floyd ağdərili polis tərəfindən öldürülüb. Bu, ölkədə iqri ayrı-seçkilik kimi qiymətləndirilir. Hadisəyə etiraz olaraq ABŞ-ın bir neçə ştatında aksiyalar keçirilir. ABŞ-ın bəzi mənbələri aksiyalarda xarici qüvvələrin, xüsusilə Rusiyanın əli olduğunu iddia edir. İki gün əvvəl ABŞ-ın baş prokuroru Uilyam Barr deyib: "Artıq biz görürük ki, xarici qüvvələr hər iki tərəfin (yəni həm etirazçıların, həm də polislərin) sıralarına soxulub hadisələrə necə müdaxilə edirlər və daha da gərginlik yaratmağa çalışırlar". Baş prokurorun "xarici qüvvələr" dedikdə ilk növbədə Rusiyanı nəzərdə tutduğu ehtimal edilir.

Mənbə: moderator.az