Deputat Milli Məclisdə 3 vacib məsələdən DANIŞDI

Deputat Milli Məclisdə 3 vacib  məsələdən DANIŞDI

“Son 2 gündə Biləsuvar rayonun Arazbarı, Səmədabad, Nərimankənd, Nəsimikənd, Ağayrı, Günəşli, İsmətli, Aranlı, Çinarlı və Çaylı kəndlərində qəbullar keçirdim və bir daha aydın oldu ki, həmin kəndlər də daxil olmaqla Biləsuvar rayonunda içməli su və suvarma suyu çatışmazlığı kəskin formada hiss edilməkdədir. Bəzi əkin sahələri və kəndlərin demək olar ki, hamısında həyətyanı sahələrin suvarılmasında problemlər var və bunun rayon və ya regional səviyyədə həlli mümkün deyil. Bundan başqa mövcud su ehtiyatları drenaj-kollektor sisteminin yetərli olmaması yaxud pis vəziyyətdə olması ucbatından itkiyə gedir, habelə bu vəziyyət torpaqlarda ciddi şoranlaşma və səhralaşmaya səbəb olur. Habelə, saydığım bütün kəndlərdə insanların örüş sahələrindən məhrum olması ciddi problemə çevrilib. Habelə, təhsil və səhiyyə obyektlərində ciddi təmir tikinti işlərinin aparılmasına , habelə kadr təminatına ehtiyac var. Bu sadaladığım məsələlərlə bağlı rəsmi məktubumu yaxın günlərdə aidiyyatı strukturlara ünvanlayacağam”.

Cebhe.info xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bundan başqa daha iki məsələyə toxunub:

“Cənab Prezident Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı zamanı, xəritədə Sisyanın əsl adının Qarakilsə olduğunu deməsi və xəritədə düzəliş edilməsinə dair irad və tapşırıqları hesab edirəm ki, həqiqətlərin və tarixi ədalətin bərpası istiqamətində son 10 gündə ikinci dəfə mühim diplomatik həmlə idi. Lakin, məni təəssüfləndirən məqam bundan ibarətdir ki, cənab Prezidentin qeyd etdiyi bu ana xətt tutulmaqdansa, ölkədə bəzi media orqanları, bəzi siyasilər dövlət əhəmiyyətli, tarixi ədalətin bərpasına yönəlmiş milli siyasi xətti dəstəkləməkdənsə, bu məsələləri ayrı-ayrı dəyərli tarixi şəxsiyyətlərimizə hücum kimi təqdim etməyə çalışırlar. Əgər belə həssas məsələdə bizdən kimsə fərqli və təxribatçı çıxışlar edəcəksə, vahid mövqe nümayiş etdirə bilməyəcəyiksə dünya bizə nə deyər? Hesab edirəm ki, tarixi ərazilərimizə dair dövlət başçısının fikirlərini başqa cür qiymətləndirmək, “hakimiyyət uğrunda mübarizə”nin alətinə çevirmək siyasi əxlaqa sığmır, mənəvi deqradasiyadır”.

Deputat qeyd edib ki, onu narahat edən növbəti məsələ sosial şəbəkələrlə bağlıdır: “Bu gün Azərbaycanda sosial qaragüruh ucbatından bizim ziyalılarımızın azadlıqları, o cümlədən rəyində qalmaq hüququ pozulmaqdadır. İnsanlar artıq sosial şəbəkədə trolların, müəyyən dairələrdən qidalanan və idarə olunan "şəxs"lərin hücumları ucbatından öz rəylərini, fikirlərini rahat formada deyə bilmir. Hesab edirəm ki, bununla da bağlı artıq konkret tədbirlər görülməlidir və mən də öz təkliflərimi yazılı olaraq təqdim edəcəyəm”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info