Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə

Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə

Ermənistan-Azərbaycan münasibətlərində əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh danışıqları ilə mümkündür. Bu böhranı hərbi yolla həll etmək mümkün deyil.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi uğrunda illərdir davam edən münaqişə bütünlükdə regionu gərginlik ocağına çevirib, bütün Qafqaza öz təsirini göstərib. Bu münaqişə “soyuq müharibə”dən sonrakı dövrün beynəlxalq böhranlarından biri sayıla bilər və o, son dərəcə mürəkkəbliyilə seçilir. Münaqişənin uzun, dərin tarixi kökləri və kontekstləri olsa da, o, Sovet İttifaqının dağılması ilə yeni mərhələyə qədəm qoyub.

Dağlıq Qarabağ Cənubi Qafqazda, Kiçik Qafqaz dağlarının cənub-şərqində 4400 kvadrat kilometrlik quru ərazidə yerləşir.

Dağlıq Qarabağ münaqişəsinə baxış

Dağlıq Qarabağ münaqişəsinin kökləri Azərbaycanla Ermənistanın müstəqillik əldə etməsindən çox-çox əvvələ gedib çıxır. Qacarlar dövlətinin ilk ​​dövründə Araz çayının şimalı Gülüstan və Türkmənçay müqavilələri əsasında Çar Rusiyasına verilib və 1917-ci il oktyabr inqilabınadək Çar Rusiyası tərəfindən idarə edilib. Sovet İttifaqının dağılmasından sonra isə Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında əsas problemə çevrilib. Bu gün Dağlıq Qarabağ böhranını hərtərəfli dərk etmədən, Ermənistan və Azərbaycanın xarici siyasətini anlamaq mümkün deyil.

Tarixi baxımdan, SSRİ rəhbərliyinin 1923-cü ildə Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının tərkibində muxtar vilayət kimi tanıması fikir ayrılığına səbəb olmuşdu. Bu vəziyyət o vaxtdan nə erməniləri, nə də azərbaycanlıları qane edib. Ermənilər Qarabağın Ermənistana birləşdirilməsini istəyirdilərsə, Azərbaycan xalqı bölgəyə muxtariyyət verilməsinə belə, etiraz edirdi.

Nəhayət, 1980-ci illərin sonlarında Mixail Qorbaçovun Sovet İttifaqına rəhbərliyə başlamasından sonra Dağlıq Qarabağla bağlı köhnə tələblər yenidən gündəmə gəlib, nəticədə Ermənistanla Azərbaycan arasında əvvəlcə pərakəndə toqquşmalar, sonra isə genişmiqyaslı müharibə başlayıb. Məsələ ondadır ki, bu iki respublikanın müstəqillik əldə etməsilə, Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisi kimi tanınıb. Bu isə Ermənistanın etirazına səbəb olub. Nəticədə bölgədə 1991-ci il dekabrın 10-da məhz Ermənistan hökumətinin dəstəyilə keçirilmiş referendumda Dağlıq Qarabağda yaşayan separatçılar Azərbaycandan ayrılaraq müstəqil olmağa səs verib. Bununla da iki ölkə arasında silahlı qarşıdurma başlayıb və döyüşlər 1994-cü il mayın 12-dək davam edib. Müharibədə çox sayda insan həyatını itirib, yaralanıb və xeyli sayda azərbaycanlı öz torpaqlarından didərgin düşüb.

BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsilə bağlı 4 qətnamə qəbul edib. Problemin həlli isə beynəlxalq vasitəçi kimi, ATƏT-in Minsk qrupuna həvalə olunub. Minsk qrupu 1992-ci ildə yaradılıb. ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi qrupda 9 ölkə yer alır. Məhz Minsk qrupunun vasitəçiliyilə 12 may 1994-cü ildə Bişkekdə münaqişə tərəfləri arasında atəşkəs sazişi imzalanıb. Sonrakı illərdə Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bir sıra təşəbbüs və təkliflər irəli sürsə də, bu günədək nəticə əldə olunmayıb.

1992-ci ilin mayında İran da Dağlıq Qarabağ böhranının həllinə vasitəçilik etmək təşəbbüsü ilə çıxış etmişdi. O zaman Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla Ermənistan prezidenti Levon-Ter Petrosyan İranın o vaxtkı rəhbəri Əkbər Haşimi Rəfsəncaninin dəvətilə Tehranda bir araya gəlmişdilər. Lakin onların Tehranda birgə bəyanatla çıxış etdikləri vaxtda ermənilər Şuşa şəhərini işğal etdi. Nəticədə İranın xoş niyyəti də münaqişənin həllinə kömək olmadı.

Son illər Dağlıq Qarabağ məsələsi istər Azərbaycan, istərsə də Ermənistan üçün həyati məsələyə çevrilib. Tərəflər arasındakı düşmənçilik yalnız siyasi və ərazi problemilə məhdudlaşmır, eyni zamanda etnik aspektləri də əhatə edir.

Maraqlıdır ki, son illərdə bu münaqişədə din amili də qabardılır. Bəziləri münaqişəni müsəlmanlarla xristianlar arasındakı qarşıdurma kimi belə, təqdim etməyə çalışır. Bu, şübhəsiz ki, böhranı daha da mürəkkəbləşdirə, ona müxtəlif qüvvələrin cəlbinə yol aça bilər.

Ermənistan-Azərbaycan münasibətlərində regional və transregional güclərin rolu

Beynəlxalq münasibətlər üzrə analitiklər hesab edir ki, Qafqaz regionunda ən aktual problemlərdən olan Dağlıq Qarabağ münaqişəsi region ölkələrlə yanaşı, böyük dövlətlərin də diqqət mərkəzindədir. İran, Türkiyə və Rusiyanın region dövlətləri olaraq, Azərbaycan və Ermənistanla bağlı konkret siyasəti var. Bununla yanaşı, bölgəyə təsirini genişləndirmək istəyən ABŞ kimi transregional güclər də hər zaman proseslərin içərisində yer almağa çalışır.

Dağlıq Qarabağ münaqişəsi fonunda həm Azərbaycana, həm də Ermənistana silah satmaqla kifayət qədər gəlir əldə edən Rusiya eyni zamanda, xarici güclərin regionda mövcudluğunu məhdudlaşdırmağa, bölgəyə təsirini azaltmağa çalışır. Bu üzdən o, Minsk qrupu çərçivəsində xüsusi fəallıq göstərərək, təşəbbüsün ABŞ-a keçməsini əngəlləmək istəyir. Rusiyanın Qafqazı hələ də öz orbitində saxlamağa çalışdığını nəzərə alsaq, o, buradakı hökmranlığını heç bir halda güzəştə getmək istəmir. Bu üzdən Moskva bölgə ilə bağlı sülh prosesini özündən asılı vəziyyətə salmaq üçün əlindən gələni edir.

Lakin ABŞ da bölgəyə təsir imkanları baxımından, Dağlıq Qarabağ münaqişəsindən yararlanmağa çalışır. Bəzi analitiklər hesab edir ki, ABŞ-ın Qafqazla bağlı əsas strategiyası Dağlıq Qarabağ münaqişəsindəki status-kvonun qorunub saxlanmasını nəzərdə tutur. Münaqişənin hər iki tərəfilə münasibətlərini qoruyub saxlayan Vaşinqton problemin davam etməsi fonunda bölgədə siyasi, təhlükəsizlik və hərbi nüfuzunu genişləndirməyə, bununla da Rusiyanın qarşısını kəsməyə çalışır.

İranın mövqeyi

İran həm Ermənistan, həm Azərbaycan, üstəlik, münaqişə bölgəsi olan Dağlıq Qarabağla quru sərhədi olan yeganə dövlətdir. Bu baxımdan, Tehranın Ermənistan və Azərbaycanla münasibətləri çox önəmlidir. O, son illərdə Dağlıq Qarabağ münaqişəsilə bağlı yalnız kompromis, balans və barışıq tərəfdarı kimi çıxış edib. Bu mənada balanslı siyasət yürüdən İran hesab edir ki, nəinki mövcud münaqişələrin həlli, ümumilikdə bölgədə sabitlik yalnız regional əməkdaşlıq vasitəsilə mümkündür. Tehranda əmindirlər ki, transregional qüvvələr belə məsələlərdə müsbət və effektiv iş görmək iqtidarında deyil. İran hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması bölgədə sabitliyin pozulması ilə nəticələnəcək. Odur ki, o, tərəfləri hər zaman zorakılıq və qarşıdurmadan çəkinməyə çağırır.

Mənbə: worldmedia.az