Azərbaycanın Bağanıs Ayrım kəndinin işğalına həsr edilmiş kitab çap olunub

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Bağanıs Ayrım kəndinin işğalının 30 illliyinə həsr olunmuş “İlk şəhid kənd” adlı kitab işıq üzü görüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax rayonunda yerləşən bu kənd 1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Həmin gün tamamilə silahlanmış mənfur düşmən böyük qüvvə ilə hücuma keçərək kəndin evlərinə od vurub, 6 nəfər əliyalın və dinc kənd sakinini qətlə yetirib. Günahsız insanları öldürməklə kifayətlənməyən ermənilər adamları diri-diri ocaqda yandırıb, Azərbaycan torpaqlarında ilk dəfə misli görünməyən faciə törədiblər. Qətliamı törədərkən ermənilər qocaya, qadına, hətta körpə uşağa belə qıyıblar. Yandırılan kənd sakinlərindən böyüyü 75 yaşlı qoca kişi, kiçiyi isə 39 günlük körpə uşaq olub. Bundan başqa, kəndin müdafiəsinə qalxmış 1 milis işçisi də düşmənlər tərəfindən öldürülüb. Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib, əhali öz doğma yurd-yuvalarından didərgin düşərək rayonun müxtəlif yerlərinə səpələnib. Bununla da Bağanıs Ayrım işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə daxil olub.

Qazax Rayon İcra Hakimiyyətinin orqanı olan “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl 1999-cu ildə vətənpərvərlik təşəbbüsü ilə çıxış edərək Bağanış Ayrım kəndinin işğalından bəhs edən “Bu, əsl faciə idi” adlı kitab yazıb, ermənilərin törətdikləri vəhşiliyi dünya ictimaiyyətinə çatdırıb. Tarixi sənədlərin, faciəni özündə əks etdirən şəkillərin köməyi və kənd sakinlərinin, şahidlərin ifadələri ilə ermənilərin törətdikləri vəhşiliklər kitabda öz geniş əksini tapıb.

Mövzunun aktuallığı, Bağanıs Ayrım kəndinin hələ də işğal altında olması, qeyd edilən kitabın kiril əlifbası ilə çap edilməsi nəzərə alınaraq “Bu, əsl faciə idi” kitabı genişləndirilmiş halda təzə ad altında latın qrafikası ilə yenidən nəşr olunub. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çap olunmuş “İlk şəhid kənd” kitabına yeni materiallar əlavə edilib, tarixi-publisist əsər faktlar və hadisələri özündə əks etdirən fotoşəkillərlə zənginləşdirilib. Kitabda ermənilərin Bağanıs Ayrımda ağacları da məhv etdiklərindən, evlərin daşlarını belə sökərək apardıqlarından, qəbiristanlığı dağıtdıqlarından və kəndi özü boyda xarabalığa çevirdiklərindən bəhs olunub. Yeni tarixi-publisist əsərdə insanlığa sığmayan vəhşiliyin cəzasını almayan erməni quldurlarının bu qanlı hadisədən sonra Qazaxın daha 6 kəndini - Xeyrımlı, Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı kəndlərini işğal etdikləri də qeyd olunub. Bu gün Qazaxın 7 kəndinin terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altında olması kitabda qeyd olunub.

1990-cı ilin martında Bağanıs Ayrım kəndində qətliam törədən erməni silahlı qüvvələri cəzasız qaldıqları üçün bu hadisədən 2 il sonra, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda bu faciəni daha geniş şəkildə təkrar edərək Azərbaycan xalqına qarşı soyqırımı törədiblər.

Elçin İsmayılın sayca onuncu olan “İlk şəhid kənd” kitabında kəndin indiki işğal vəziyyəti, kənd sakinlərinə göstərilən dövlət qayğısı və onların bugünkü yaşayış şəraiti, Azərbaycan Ordusunun işğal olunmuş kəndləri hər an azad etməyə hazır olduğu, kənd sakinlərinin öz doğma yurd-yuvalarına qayıtmaq arzuları barədə məqalələr də yer alıb.

“İlk şəhid kənd” kitabının ön sözün müəllifi akademik Teymur Bünyadov, redaktoru isə professor Rüstəm Kamaldır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Çimnaz pandemiyaya görə bu addımı atdı

SONRAKI XƏBƏR

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq