“Başqasının bayrağına hörmət etməlisən ki, sənin də bayrağına...” - DEPUTAT

“Başqasının bayrağına hörmət etməlisən ki, sənin də bayrağına...” - DEPUTAT

Xəbər verildiyi kimi, Almaniya Parlamentinin Qanunvericilik Məclisi bayraqları qoruma qanununa edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, Almaniyada Avropa İttifaqı (Aİ) və ya hər hansı bir ölkənin bayrağını yandıran və ya zədələyən insanlara 3 ilə qədər həbs cəzası veriləcək.

Bayrağın yandırılmasının dinc etirazlarla əlqaqəsi olmadığı, əksinə olaraq nifrət, qəzəb və təcavüz yaratdığı qeyd olunub.

Maraqlıdır, indiyədək bu qanun niyə müzakirə olunmayıb?

Cebhe.info-ya açıqlamasında millət vəkili Fazil Müsatafa deyib ki, bu qanunun indi müzakirə olunması son zamanlar Avropada dövlət rəmzlərinə qarşı təkrarlanan neqativ münasibətlə bağlıdır:

“Avropa ölkələrində bu hal genişləndiyinə görə, ona qarşı addım atılır. Hüquq təkrarlanan ictimai münasibətləri tənzimləyir. Görünür orada da təkrarlanan münasibətlər olduğuna görə, bu məsələ ictimai təşəbbüsdən irəli gəlib. Yəni düşünülüb ki, belə bir vəziyyətin qarşısı alınmalıdır. Fikrimcə, burada anlaşılmaz heç bir şey yoxdur. Bu həm də münasibətlərin mədəniləşməsi istiqamətində atılan bir addımdır. Yəni kimin başqasına nifrəti varsa, o, bütövlükdə dövlətin bayrağını yandırmaqla bunun qisas almış kimi göstərməməlidir. Bu etik cəhətdən də doğru deyil. Hesab edirəm ki, qanuna bu dəyişikliyin edilməsi Almaniyada belə halların tez-tez baş verməsidir. Hüquq hər məsələni tənzimləmir. Əgər eyni hallar tez-tez baş verirsə, ona münasibət bildirir. Dövlət rəmzlərinə zərər vermək də neqativ bir hal olduğu üçün prosesin genişlənməsinin qarşısını almaq məqsədilə belə bir addım atılıb”.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da məsələyə münasibət bildirib:

“Dövlət rəmzlərinin qorunması haqqında qanun bir çox ölkədə və bizdə də var. Bizdə belə bir təhlükə yoxdur. Yəni bizdə digər dövlətlərin bayraqları təhqir olunmur. Amma Avropa dövlətlərində bu hal tez-tez müşahidə olunur. Almaniya hökuməti də yəqin ki, son zamanlar başqa cəmiyyətlərdə bayraqlarının yandırılması ilə qarşılaşıblar və ona görə də bu qanun qəbul olunub. Dövlət bayrağını kutsal saymaq tarixdən gələn bir ənənədir. Başqasının da bayrağına hörmət etməlisən ki, sənin də bayrağına hörmət etsinlər. Bizdə də ehtiyac olsa, yəqin ki, bu məsələyə baxıla bilər. Amma mən hələlik bir səbəb görmürəm”.

Mənbə: cebhe.info