Jalə Əliyeva: Azərbaycan dövləti heç bir qüvvəyə, o cümlədən AŞPA-ya onunla diktə, təzyiq dilində danışmağa imkan verməyəcək

Jalə Əliyeva: Azərbaycan dövləti heç bir qüvvəyə, o cümlədən AŞPA-ya onunla diktə, təzyiq dilində danışmağa imkan verməyəcək

Azərbaycan müstəqillik əldə etdiyi 29 ildə dünya ailəsinin layiqli bir üzvünə çevrilib. Belə ki, Azərbaycan BMT-də daxil olmaqla, əksər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Əməkdaşlıq etdiyimiz, tam və bərabərhüquqlu üzvü olduğumuz təşkilatlardan biri də 70-dən çox yaşı olan Avropa Şurasıdır. İyirmi ilə yaxındır ki, Azərbaycan bu təşkilatda iştirak edir, bu təşkilatın Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunur. Hər bir beynəlxalq təşkilatla olduğu kimi, Avropa Şurası ilə də, onun Parlament Assambleyası ilə də səmimi, konstruktiv əməkdaşlıq niyyətlərimizi həm sözümüzlə, həm də əməli fəaliyyətimizlə ortaya qoymuşuq. Ancaq çox təəssüflər olsun ki, hər zaman Avropa Şurasından, xüsusilə AŞPA-dan özümüzə, dürüst və səmimi niyyətlərimizə qarşı ögey, biganə, qərəzli mövqe görmüşük.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva bildirib.

“AŞPA hər zaman Azərbaycana qarşı ədalətsiz və haqsız mövqeyi ilə seçilib, ermənipərəst anti-Azərbaycan dairələrin təsiri altında olub, onların tribunasına çevrilib. Bu təşkilat Avropanın, aparıcı Qərb ölkələrinin özündə, gecə-gündüz demokratik dəyərlərin, insan hüquqlarının təmin edilməsindən danışanların, xalqlara, dövlətlərə dərs keçənlərin özlərində bu ümumbəşəri dəyərlərin hər an pozulmasına qarşı daim səssiz qalıb. Avropa ölkələrində Afrikadan, Orta və Yaxın Şərqdən gələn miqrantlara hansı münasibətin sərgiləndiyi hamımızın gözləri önündədir. Ksenefobiya, islamafobiya, antisemitizm Avropada tüğyan edir, amma bir dəfə olsun belə, AŞPA-nın səsi, etirazı eşidilmir. Başqa bir ölkənin ərazisini illərdir işğal altında saxlayan, bir milyondan artıq insanı ata-baba yurdlarından qaçqın-köçkün salan, faşizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistana qarşı bəlkə bu təşkilatın sərt, kəskin mövqeyini, etirazını görən olub? İşğala və təcavüzə məruz qalan, 32 ildir bundan əziyyət çəkən bir xalq, bir dövlət olaraq, bizlər bunu görməmişik, eşitməmişik. Əksinə, bu qurum Xocalı kimi 20-ci əsrin insanlıq dramını yaşadan Ermənistanın qanlı cinayətkar rejiminin rəhbərlərinin - sarkisyanların, digərlərinin tribunasına çevrilib. Xocalı soyqırımını törətdiyini etiraf edən və şəstlə bunu AŞPA-nın tribunasından bəyan edən görəsən kim olub? Hərbi cani Sarkisyana bu tribunanı verən-ona qaşın üstə gözün var deməyən görəsən kimdir, hansı qurumdur? Məhz AŞPA, Avropa Şurasının rəhbərliyi. Uzun illərdir Ermənistanın özündə insan haqları kobud şəkildə pozulur, tapdalanır, insanlar incidilir, təqib olunur, həbsxanalara doldurulur, qətlə yetirilir, amma bir dəfə olsun belə AŞPA onlara heç nə demir, heç bir təzyiq mexanizmini işə salmır, bütün qanunsuzluqları görməzdən, eşitməzdən gəlir” - deyə Jalə Əliyeva vurğulayıb.

Deputat bildirib ki, bütün bunlarla bərabər, AŞPA Azərbaycanda ən xırda nöqsanı şişirdib, onun ətrafında linç məhkəməsi qurmağa, Azərbaycana qarşı olmazın böhtanlarını və iftiralarını yağdırmağa çalışır, cəhd edir. Deməli, bu qurumun məqsədi heç də demokratiyanın, insan hüquqlarının təmin edilməsi, müdafiəsi deyil, öz hökmünü, öz diktəsini yeritmək, qəbul etdirməkdir. Ancaq unudurlar ki, Azərbaycan onların qarşısında görmək istədikləri və arzuladıqları "banan respublikası" deyil. Onun qarşısında dayanan güclü, qüdrətli, demokratik, hüquqi, dünyəvi müstəqil Azərbaycan Respublikası, onun müdrik lideri İlham Əliyevdir. Azərbaycan dövləti və dövlət başçısı heç bir qüvvəyə, o cümlədən AŞPA-ya onunla diktə, təzyiq, zor dilində danışmağa imkan verməyib, bu gün də imkan vermir, sabah da imkan verməyəcək.

Jalə Əliyeva deyib: “Əgər AŞPA, Avropa Şurasının digər təşkilatları azacıq olsa belə, öz elan etdikləri dəyərlərə sadiq olsaydılar, işğalçı Ermənistanın dəstəklədiyi qondarma, cinayətkar "DQR" rejiminin növbəti "seçki şousu"na, Şuşadakı "andiçmə mərasimi" təxribatına dərhal qiymət verər, tutarlı mövqeyini ifadə edərdi. Amma etmədi, yenə də, ermənipərəst mövqeyinə, anti-Azərbaycan siyasətinə "sadiq" qaldı, bir daha iç üzünü, mahiyyətini nümayiş etdirdi. Elə hesab edirəm və bu, belədir, AŞPA-ya ən gözəl və sərrast qiyməti dövlət başçımız İlham Əliyev verdi. Cənab İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında tarixi çıxışı zamanı bunları dedi:"...Bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu", satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə də Avropa Şurası bu saxta seçkilər haqqında səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!" Hesab edirəm ki, bu açıqlamanın geniş şərhinə, əlavə izahatına da ehtiyac qalmır. Ancaq AŞPA-dakılar da, digər beynəlxalq qurumlardakı ermənipərəst anti-Azərbaycan dairələr də bilsinlər, unutmasınlar ki, cəhdlərinin, səylərinin bu günə kimi heç bir nəticəsi olmayıbsa, bundan sonra da olmayacaq. Hər zaman məğlubiyyətə, fiaskoya uğrayacaqlar. Azərbaycan isə öz müstəqil dövlətçilik yolu ilə gedəcək, zəfərlərinə zəfər qatacaq, kimsənin köməyi, rəyi, icazəsi olmadan da bütün ərazilərində öz suveren hüquqlarını təmin və bərpa edəcək!”.

Mənbə: azertag.az