Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

Ailələrə pul veriləcək - Qızların tələf edilməməsi üçün...

Azərbaycanda gendər problemini həll etmək üçün yeni layihə işə yarayacaq?..

Sosioloq: “Əgər ailə istəyir ki, onun qızı yox, oğlu olsun o ailəyə pulun təklif edilməsi ilə fikirlərinin dəyişilməsi mümkün olmayacaq”

“Bu cür proqramların problemin həllində ciddi rol oynayacağına və bizim qızları xilas edəcəyinə inanmıram”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu qız övladı olan ailələr üçün nəzərdə tutulan güzəşt proqramlarını PİA.az-a şərh edərkən qeyd edib.

BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd edilib ki, yalnız qız övladı olan ailələr üçün onlara dəstək verəcək proqramlar yaradılacaq.

Eyni zamanda, qeyd edilir ki, həmin dəstək ya qızların özünə (məsələn, təhsil təqaüdləri, yaxud tibbi imtiyazlar kimi), yaxud valideynlərinə (pensiya dəstəyi kimi) verilməlidir.

Layihəyə görə, bu tədbirlərin 2019-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Ombudsman tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Bu cür addımla gendər probleminin, xüsusən qızların abort edilməsinin qarşısını almaq mümkün olacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğluna müraciət edib.

Ölkədə elmi əsaslarla maarifləndirmə getmədiyini bildirən professor əlavə edib ki, buna görə də atılan addımdan o qədər də böyük uğur gözləmir:

“Belə məsələləri bir qədər dərindən təhlil etmək və Azərbaycan mühitini öyrənmək lazımdır. Həmçinin bu məsələdə qondarma sosioloji araşdırmaya yox, həqiqi sosialoji araşdırmaya ehtiyac var. Yəni həqiqi sosialoji araşdırma aparmaq lazımdır ki, əhali arasında hansı modellərin işlənə bilməsini öyrənə biləsən.

Bu cür proqramların məsələdə ciddi rol oynayacağına və bizim qızları xilas edəcəyinə inanmıram. Bu istiqamətdə elmi əsaslarla maarifləndirmə daha çox ehtiyac var. İndi maarifləndirmə deyəndə əksər adamlar 50 il bundan əvvəlki maarifləndirmə metodları kimi bir şey fikirlərlər. Amma indi maarifləndirmə elmi əsaslarla olmalıdır. İndi əvvəlki kimi tətbiq erası qurtarıb və texnologiya erasıdır. Kompleks tədbirlər həyata keçirmək lazımdır ki, bu sahədə dəyişiklik olsun. Bu istiqamətdə də iş getmir.

Bir məsələni qeyd etmək istəyirəm. Çoxları deyirlər ki, qızlarımız az doğulur. Buna görə də oğlanlarımız evlənməyə qız tapmayacaq. Bu gülüncdür. Çünki ölkədə oğlanın çox doğulması əslinə qalanda yaxşı haldır. Oğlanların bir çoxu ölkədən çıxıb gedir, bir çoxu müharibələrdə yaxud da yol hadisələrində həlak olur. Buna görə də oğlanın sayca çox doğulmağı yaxşı haldır. Burada qorxulu bir şey yoxdur.

Ən qorxulu olan valideynlərin övlad qatilinə çevrilməsidir. Mən tələbələrə mühazirə oxuyanda ayrıca olaraq övlad qatili mövzusunda söhbətimiz olur. Təsəvvür edin ki, ananın bətnində körpə var və ata da, ana da qərar verirlər ki, həmin körpəni öldürək. Bu adamlar özləri mənəvi cəhətdən zərbə alırlar. Həmin insanlar ətrafdakı insanlara qarşı da qəddarlaşırlar.

Biz bu gün televirzorda şit-şit verlişlər əvəzinə yaxşı verlişlər təşkil etməliyik. O verlişlərdə də bu məsələnin mənəvi tərəfin izah etməliyik. Həmçinin izah etməliyik ki, indiki dövr əvvəlki dövr deyil uşaq evə yük olsun. İndi elə qız uşağı doğula bilər ki, o ölkə, xalq üçün çox faydalı işlər görə bilər. Bunları biz edə bilsək, bu maarifləndirmə normal maarifləndirmə olacaq. Yoxsa birdən-birə ayıbdır belə etməyin deməklə heç nə mümkün deyil.

Dediyim kimi ölkədə elmi əsaslarla maarifləndirmə getmir. Buna görə də atılan addımdan o qədər də böyük uğur gözləmirəm. Çünki indi ailədə adətən iki uşaq doğulur. Ailə də hökmən çalışacaq ki, bu iki uşaqdan biri oğlan olsun. Bunda da hər hansı fondun verəcəyi müəyyən qədər pul, kömək bu fikiri dəyişəcək gücündə deyil. Çünki əgər ailə istəyir ki, onun qızı yox oğlu olsun o ailəyə pulun təklif edilməsi ilə fikirlərinin dəyişilməsi mümkün olmayacaq.

Hətta bir çox imkanlı ailələr var ki, onların dəstəyə ehtiyacı yoxdur. Buna görə də atılan addım problemi həll etməyəcək. Düzdür bu addım problemin həllində müəyyən qədər rol oynaya bilər. Amma bir dah qeyd edim ki, problemi həll etmək gücündə deyil”.

Mənbə: pia.az