Afrikanın bir nömrəli terrorçusu öldürüldü...

Afrikanın bir nömrəli terrorçusu öldürüldü...

Terrorçu "Əl-Qaidə" təşkilatının islam məğribinin rəhbəri, yəni Şimali Afrikadakı lideri Əmir Əbdülmalik Drukdal öldürülüb.

Moderator.az-ın məlumatına görə, Afrikanın bir nömrəli terrorçusu olan Əbdülmalik Drukdal Fransa ordusunun xüsusi təyinatlılarının və Mali Respublikası ordusunun birlikdə keçirdiyi əməliyyat nəticəsində, Mali ərazisində zərərsizləşdirilib. Xəbəri mediaya Fransanın müdafiə naziri Florans Paril açıqlayıb.

Malinin Sahel rayonuna və ətraf ərazilərə terrorçu dəstələri ilə nəzarət edən "məğrib əmiri" ətrafındakılarla birlikdə mağara formasında qazılmış bunkerdə yaxalanıb. Terrorçular uzun zaman silahlı müqavimət göstəriblər və onları diri tutmaq mümkün olmayıb. Fransa ordusunun xüsusi təyinatlıları, eləcə də əməliyyata dəstək verən Mali hərbçiləri itki vermədən terrorçuları ağır silahlarla məhv ediblər.

Əbdülmalik Drukdal "Əl-Qaidə" lideri Üsamə Bin Ladenin ən yaxın adamlarından olub. Drukdal 1996-cı ildə radikal qruplaşmalara qoşularaq müxtəlif terror aktları törədib. 2006-cı ildə o öz ölkəsində - Əlcəzairdə yaratdığı və rəhbərlik etdiyi "GSPC" terror təşkilatının "Əl-Qaidə" ilə birləşdiyi haqda bəyanat verərək özünü islam məğribinin əmiri elan edib.

Mənbə: moderator.az