Jalə Əhmədova: Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək. Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısındakı çıxışında da aydın bəyan etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə hazır və qadirdir, o, müstəqil siyasət həyata keçirir və bəzi anti-Azərbaycan xarakterli təşkilatların qeyri-konstruktiv və sifarişli bəyannamələrinə məhəl qoymur.

Bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

J.Əhmədova bildirib ki, hazırda Dağlıq Qarabağda saxta xunta rejimi hökm sürür: “Təbii ki, bu saxta rejim tərəfindən keçirilmiş saxta seçkilər gülməli bir şoudur. ATƏT-in Minsk qrupunun həmsədrlərindən tutmuş İslam Əməkdaşlıq Təşkilatına qədər - bütün önəmli beynəlxalq təşkilat və əksər dövlətlər bu saxta seçkiləri tanımadıqlarını bəyan etdilər.

Lakin maraqlıdır ki, cəmi bir təşkilat susdu. Bu təşkilat isə illərdir sistemli bir şəkildə anti-Azərbaycan qətnamələri qəbul edən Avropa Şurasıdır. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, onun haqqında uydurmalar yaymaq və saxta məruzələr qəbul etməkdir.

Cənab Prezidentin də qeyd etdiyi kimi, heç kəsə sirr deyil ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşmüş bir quruma çevrilib. Görünür, AŞ PA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır. AŞ PA-da son illər aparılan müzakirələrin hamısı daha sönük keçməkdədir. Onun 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir”.

Deputat vurğulayıb ki, ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir: “Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmişəki kimi həmin hadisələri görməzdən gəlirlər. AŞ PA və ATƏT-in müvafiq strukturları heç cür Azərbaycana qarşı azərbaycanofobiya halını almış antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır.

Bütün bunlara münasibətdə son olaraq qeyd etmək istərdim ki, Azərbaycan heç bir antipatiyaya, saxta və əsassız qətnamələrə və mənasız nifrət çıxışlarına baxmayaraq öz uğurlu inkişaf yolu ilə irəliləyəcəkdir”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Amazon” şirkətinin rəhbəri aksiyalara dəstək verdi

SONRAKI XƏBƏR

Qənirə Paşayeva son 15 gündə 300-ə yaxın seçicisi ilə online şəkildə görüntülü danışıb...