Paşinyan hakimiyyətinin sonu yaxınlaşır...

Dünyanı cənginə alan koronavirus pandemiyası düşmən ölkə - Ermənistandan da yan keçmədi. Azərbaycan rəhbərliyinin bəşəriyyətin ümumi bəlası olan bu virusa qarşı apardığı islahatlar nə qədər uğur qazanıbsa, Ermənistan rəhbərliyinin siyasəti bir o qədər uğursuzluğa düçar olub. Bütün dünya koronavirus pandemiyasına qarşı mübarizə aparır. Ermənistan isə bu savaşda acınacaqlı vəziyyətə düşüb. Bu gün Ermənistanın Cənubi Qafqazda pandemiya ocağına çevrilməsi bütün dünya üçün təhlükə olmaqla yanaşı, Azərbaycanın dövlət maraqlarını da təhdid edir. Odur ki, pandemiya dövründə Ermənistanın ictimai-siyasi həyatında nələrin baş verdiyinə nəzər salmaq maraqlı olardı.

Pandemiya Ermənistanda mövcud olan bir çox problemləri daha da ağırlaşdırdı. N.Paşinyan hökumətinin düzgün mövqe tutmaması, yerindəcə həyati əhəmiyyət kəsb edən qərarların qəbul edilməməsi, siyasətdə və iqtisadiyyatda yol verilən səhvlər əhalini acınacaqlı vəziyyətə salmışdı. Ölkədəki bu vəziyyət daxildə siyasi qarmaqarışıqlığa səbəb olmuşdu. Bir az əvvələ qayıdaraq qeyd etmək lazımdır ki, 2018-ci ilin "məxmər inqilabı”ndan sonra bəzi dövlət orqanları iflic vəziyyətə düşmüş, ölkədəki böhranın və daxili siyasi problemlərin həll olunmaması vəziyyəti daha da qəlizləşdirmişdi. Koronavirusla mübarizənin əsas çatışmamazlıqları da bu böhranın nəticəsidir. Digər tərəfdən başı siyasi savaşa qarışan hakimiyyətin və cəmiyyətin pandemiyaya qarşı mübarizə aparmağa vaxtı olmadı. Belə ki, Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökumətin tam tərkibdə istefasını tələb etməsi vəziyyəti daha da ağırlaşdırır. Deputat Naira Zohrabyan Paşinyanı tənqid edərək pandemiyaya qarşı düzgün mübarizə planının mövcud olmamasını, insanların qaydalara riayət etməməsini bildirərək bütün bunların məsuliyyətinin Paşinyanın daşıdığını vurğulayır.

N.Paşinyan hökumətinin Çiçəklənən Ermənistan Partiyasının istefa tələbinə cavabı gecikmədi. Partiya sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açıldı. Çarukyanın evində axtarışın aparılması mühiti daha da gərginləşdirib. Baş verənlərə qarşılıq olaraq Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası və tərəfdarları iyun ayının 15-də Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, "Paşinyan get!”, "Çarukyan Baş nazir” şüarlarını səsləndiriblər. Hökumətin xüsusi göstərişi ilə Çarukyana qarşı təzyiqlər başlamış, hətta iyun ayının 16-da deputat toxunulmazlığının qaldırılması məsələsi parlamentdə müzakirə olunaraq 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çarukyanın tərəfdarları iyun ayının 17-də Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb. Çarukyanla bağlı son hadisələr fonunda "azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatların

səssizliyi heyrət doğurur. Buradan sual yaranır. Qərb niyə susur? Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, niyə Ermənistanda baş verən qanunsuzluqlara qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Cavab isə eynidi: "Əgər mənim adamımsansa, mənə işləyirsənsə deməli demokratsan...”

Fehruzzadə Xatirə

Nəsimi rayonu

Sfera.az

ƏVVƏLKİ XƏBƏR

İşdən çıxarıldığı üçün Putini məhkəməyə verən rəsmi vəfat edib

SONRAKI XƏBƏR

“Virtual əlaçı”lar