“Prezident polisin fəaliyyətini yüksək qiymətləndirir” - Nazir

“Prezident polisin fəaliyyətini yüksək qiymətləndirir” -  Nazir

"Pandemiya elə qlobal fəsadlar və kəskin problemlər yaradıb ki, onun ağır nəticələri bütün dünyada özünü hiss etdirir. Ötən aylar ərzində fövqəldövlətlərin koronavirus qarşısında aciz qaldığını, ən güclü səhiyyə sisteminə malik ölkələrdə insanların müalicəsi üçün xəstəxanaların çatışmadığını, dünya iqtisadiyyatında aparıcı rola malik dövlətlərin ciddi böhranla, vətəndaşlarının isə böyük sosial çətinliklərlə üzləşdiyini müşahidə etdik. Bu acınacaqlı mənzərə təəssüf ki, hər gün daha da kəskinləşir". Azvision.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov "Azərbaycan" qəzetinə müsahibəsində deyib

Nazir bildirib ki, bu bəla Azərbaycandan da yan keçməyib. Onun sözlərinə görə, mart ayından etibarən ölkədə karantin rejimi tətbiq olunub və müəyyən dövrlərdə daha da sərtləşdirilib.

"Möhtərəm Prezident ilk gündən pandemiyanın yarada biləcəyi çətinlikləri düzgün müəyyənləşdirdi və preventiv tədbirlərlə koronavirusun tibbi, iqtisadi, sosial, psixoloji fəsadlarına qarşı sistemli mübarizə strategiyası formalaşdırdı. Qabaqlayıcı addımların atılmasına dair konkret göstərişlər verdi. Təsadüfi deyil ki, martın sonlarında elan olunmuş və aprel ayından icrasına başlanan sosial-iqtisadi dəstək proqramı sayəsində indiyədək ölkə iqtisadiyyatına, sahibkarlara, işsiz vətəndaşlara, aztəminatlı təbəqələrə və digər həmvətənlərimizə dövlət tərəfindən 3, 5 milyard manatdan artıq vəsait ödənib. Həmin sosial-iqtisadi dəstək kampaniyası isə tibbi müdafiə tədbirləri ilə paralel aparılırdı. Qısa müddətdə ölkənin səhiyyə sisteminin infrastruktur və mütəxəssis bazası pandemiya dövrünə uyğunlaşdırıldı, təkmilləşdirildi, yeni modul xəstəxanalar istifadəyə verildi.

Bu prosesdə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ilk gündən göstərdiyi təşəbbüslər və səylər, aidiyyəti dövlət orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirələrdə qəbul edilən qərarlar pandemiya ilə mübarizənin səmərəliliyinin artmasını şərtləndirdi, habelə Heydər Əliyev Fondunun ölkə boyu təşkil etdiyi böyük humanitar dəstək aksiyaları xalqımız tərəfindən minnətdarlıqla qarşılandı".

General-polkovnik qeyd edib ki, ölkəmizin pandemiyaya qarşı mübarizə strategiyası beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

"Bütün bunlar xalqımızda dövlətə, iqtidara həm etimadı yüksəldir, həm də dövlət başçısının siyasətinin alternativsizliyini təsdiq edir. Nəticə etibarilə Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı ümummilli səfərbəredici qüvvəyə çevrilib və vətəndaşlarımız bu bəladan xilas yolunda öz Liderinin ətrafında daha sıx birləşib. Ölkə rəhbərinə son aylarda ünvanlanan on minlərlə vətəndaş məktubları da bu həqiqəti tam təsdiqləyir.

Sözügedən sahədə digər dövlət strukturları kimi daxili işlər orqanları da ölkə rəhbərinin müəyyənləşdirdiyi strateji prinsiplər əsasında fəaliyyət göstərir. Bu müddətdə polisin işinin ilkin nəticələri barədə mənim rəyimə gəldikdə isə hesab edirəm ki, bunu ictimaiyyət və kütləvi informasiya vasitələri daha dolğun və obyektiv verə bilər. Çünki həmişə olduğu kimi, bu dövrdəki fəaliyyətimiz də sizlərin gözü önündə, geniş ictimai nəzarət altında həyata keçib. Sözsüz ki, xidmətimizdə müəyyən nöqsanlar var və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görürük. Ümumilikdə isə cənab Prezident Daxili İşlər Nazirliyinin, onun təşkilati strukturlarından olan polisin və Daxili Qoşunların fəaliyyətini yüksək qiymətləndirir ki, bu da bizim üçün ən böyük mükafatdır".

Azvision.az

Mənbə: azvision.az