"Əgər normal həyata qayıtmaq istəmiriksə, deməli hamımızın sonu çatır" - FOTO

"Əgər normal həyata qayıtmaq istəmiriksə, deməli hamımızın sonu çatır" - FOTO

"Son zamanlarda Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları çox sürətlə artıb və çox yüksək rəqəmə çatıbdır. Əlbəttə ki, belə bir narahatçılığı görəndən sonra Operativ Qərargah yenidən karantin rejimi tədbiq edib".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi deyib.

O bildirib ki, məsuliyyətsiz vətəndaşlarımız cənab Prezidentin də qeyd etdiyi kimi, cəmiyyət tərəfindən ictimai qınağa məruz qalmalıdırlar:

"Bizim əhali, bizim cəmiyyət ehtiyacdan verilən belə bir qərarın qəbul olunmasına çox böyük həssaslıqla və böyük anlayışla yanaşmalıdır. Bu virusdan ölənlər arasında həm qocalar, həm orta yaşlı nəslin nümayəndələri var. Bu da əlbəttə ki, hər birimiz üçün çox böyük narahatlıqdır. Ölkə rəhbəri dəfələrlə çıxış edib, hətta öz şəxsi münasibətini nümayiş etdirib, özü maska ilə gəzir. Əgər ölkə Prezidenti bunu edirsə, adi vətəndaşlar niyə etməsinlər? Hökümətimiz, dövlətimiz bizim insanların sağlamlığı üçün bütün bu məsələləri qabardırlar. Ancaq çox təəssüf olsun ki, cəmiyyətdə məsuliyyətsiz simalar da var.

Hətta yaşlı nəslin nümayəndələri də müxtəlif bəhanələrlə "Yadımdan çıxdı", "Mənə heç nə olmaz" kimi bəhanələrlə özlərinə bəraət qazandırmaq niyyətindədirlər

Baxın, bu gün tətbiq olunan sərt karantin rejiminə əhalinin münasibəti birincidən fərqli olaraq daha çox ciddidir. Amma yenə də deyirəm, cəmiyyət arasında məsuliyyətsiz hərəkət edən vətəndaşlarımız var və cənab Prezidentin də qeyd etdiyi kimi, onlar cəmiyyət tərəfindən ictimai qınağa məruz qalmalıdırlar. Biz hər birimiz kimliyindən asılı olmayaraq əgər maskasız, məsafə saxlamayan insanları görürüksə, onlara öz tənbehimizi, öz sözümüzü, öz iradımızı etməyi bacarmalıyıq və bunu etməliyik. Sizə deyim ki, məsuliyyətsizliyi tək gənclər etmir. Bunu hətta yaşlı nəslin nümayəndələri də müxtəlif bəhanələrlə: "Yadımdan çıxdı", "Mənə heç nə olmaz" kimi bəhanələrlə özlərinə bəraət qazandırmaq niyyətindədirlər. Amma bu belə deyil".

Professor qeyd edib ki, çox ciddi, daha da sərt karantin rejimi olmalıdır, insanların bir-biri ilə təması ən minimum səviyyəyə gətirilib çıxarılmalıdır:

"Koronavirusa yoluxanların sayı ölkədə artır. Son zamanlar bu dairə get-gedə daralır. Biz artıq öz yaxınlarımızı, öz tanıdığımız insanların bu virusa yoluxma halları ilə üzləşirik, görürük.

Bu, çox böyük həyəcan təbilidir

Əlbəttə ki, bu, çox böyük həyəcan təbilidir və bunun qarşısını almaq üçün gərək biz hamımız daha da məsuliyyətli olaq. Mən öz tərəfimdən çox razı qalardım ki, çox ciddi, daha da sərt karantin rejimi tətbiq olunsun.

Ümumiyyətlə insanların bir-biri ilə təması ən minimum səviyyəyə gətirilib çıxarılmalıdır. Ölkələr tanıyırıq ki, onlar koronavirusla çox ciddi mübarizə apardılar. Onlar son nəfərə kimi yoluxanların tam sağalmasından və ondan bir neçə gün sonra heç bir yoluxma olmayandan sonra, artıq tam əmin olaraq öz normal həyatlarına qayıdıblar. Hər birimiz böyük məsulliyət hissi ilə öz ətrafımızdakılara, öz yaxınlarımıza, öz ailəmizə münasibətimizi belə də bildirməliyik. Çünki məsuliyyətsizliyimizlə onlara ziyan gətirə bilərik. Bu haqda düşünmək lazımdır - uşaqlar haqda, gənclər haqda, ahıl insanlar haqda düşünmək lazımdır. Onlar bizə həyat verib, onlar bizə ömür bəxş edib. Bu dəqiqə ən çox onların qeydinə qalmaq bizim müqəddəs borcumuzdur.

Əgər normal həyata qayıtmaq istəmiriksə onda deməli bizim hamımızın sonu çatır

Hesab edirəm ki, Operativ Qərargah tərəfindən verilmiş bütün qərarlara çox ciddi riayət etmək və bununla bərabər gigiyenik üsulları tətbiq etmək, bundan da əlavə, maska taxılmalı və sosial məsafə saxlanılmalıdı.

Qapalı məkanlarda mütləq maskadan istifadə edilməlidir. İnsanların tez-tez müraciət etdikləri məkanlarda daha da diqqətli, daha da məsuliyyətli, daha da ehtiyyatlı olmaq lazımdır. Mən bilirəm ki, əgər biz bunlara riayət etsək daha tez bu bəladan canımızı qurtaracağıq. Fikir verin, ölkənin iqtisadiyyatı zəifləyir, təhsil zifləyir, digər sahələr - mədəniyyət, idman sahəsi olsun, böyük problemlər yaşanır. Toylar keçirilmir, gənclər evlənə bilmir. Bunların hamısını fikirləşmək, bu haqda düşünmək lazımdır. Əgər normal həyata qayıtmaq istəmiriksə onda deməli bizim hamımızın sonu çatır. Bu çox böyük narahatçılıqdır, bu, artıq həyəcan təbilidir. Hər birimiz çox məsuliyyətli olmalıyıq".

Təhməz Təkin
Milli.Az

Mənbə: news.milli.az