Sosial şəbəkələrdə Ərdoğanın kürəkəni haqda təhqir yazdılar – Prezident onları hədələdi

Sosial şəbəkələrdə Ərdoğanın kürəkəni haqda təhqir yazdılar – Prezident onları hədələdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrin hakimiyyətin ciddi nəzarətinə keçəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Ərdoğan bunu 1 iyul çərşənbə günü hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri ilə video konfransda deyib.

Onun fikrincə, yalan, təhqir, şəxsi həyata hücum və böhtanla dolu olan bu kanallar tənzimlənməlidir.

Dövlət başçısının sözlərinə görə, “bu cür sosial kanalları tamamilə ləğv etmək və nəzarət etmək” üçün ən qısa müddətdə parlamentə qanun layihəsi təqdim etmək niyyətindədir.

Ərdoğan, bundan əlavə, girişlərin bloklanmasının, həmçinin hüquqi və maliyyə sanksiyalarının tətbiq olunacağını söyləyib.

Türkiyə lideri maliyyə naziri və eyni zamanda prezidentin kürəkəni Berat Albayrakın dördüncü oğlunun dünyaya gəlməsi ilə bağlı tvitinə verilən reaksiyaya münasibət bildirib.

Ərdoğan, bu mesajı on minlərlə insanın müsbət şərh etdiyinə diqqət çəkib, amma mənəviyyat və insanlığı olmayan bəzi “çirkinlər” təhqirlərə əl atıb.

Türkiyə prezidenti bildirib ki, ədliyyə orqanları və polis dərhal günahkarları müəyyənləşdirmək üçün işə başlayıblar, onlar məsuliyyətə cəlb ediləcək və mühakimə olunacaqlar.

“İndi YouTube, Twitter, Netflix və buna bənzər sosial şəbəkələrə qarşı olduğumuzun nə demək olduğunu başa düşdünüz? Bu cür murdar şeyləri aradan qaldırmaq üçündür” deyə Ərdoğan əlavə edib.

Sosial şəbəkələrdəki şərhlərində bəzi istifadəçilər Albayrakın prezidentin qızı Esranın yeni doğulmuş uşağının atası olduğuna şübhə ediblər.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az