Sərt karantin rejimi avqustun 1-nə qədər uzadıla bilərmi? - Baş infeksionistdən AÇIQLAMA

Sərt karantin rejimi avqustun 1-nə qədər uzadıla bilərmi? - Baş infeksionistdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əgər yoluxma dinamikası azalmasa? sərt karantin rejimi avqustun 1-nə kimi uzadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, hər şey yoluxma dinamikasından asılı olacaq: "Bilirsiniz ki, növbəti iki həftədə karantin rejimi bir qədər də sərtləşdirildi. Artıq 5 nəfərin bir yerə toplaşması qadağan edildi. Nəhayət 5 nəfərin bir yerə toplaşmasına reaksiya verildi. Çünki insanlar bir yerə çox toplaşdıqda bir-birini yoluxdurma ehtimalı çoxalır. Qərara alındı ki, qoruyucu tibbi maskadan istifadəyə xüsusi nəzarət olunsun. Qərar verilir ki, maskadan istifadə olunsun, cərimələr təyin olunsun. Amma buna nəzarət edən yoxdur. Marketlərdə insanlar maskasız dolaşırlar. Düzdür, indi maskadan istifadə edənlər çoxdur. Təəssüf ki, istifadə etməyənlərin sayı da az deyil. Marketlərdə maskanın taxılmasına polis nəzarət etməli deyil. Marketin nəzarətçiləri insanları maskasız içəri buraxmasınlar. Hərdən nəzarətiçilər insanların yadına salsın ki, maskadan istifadə eləmək lazımdır. Tək biz deməklə deyil.

Hətta mən təklif edərdim ki, market sahibləri maska alıb alıcılara pulsuz paylasın. Türkiyənin praktikasını da tədbiq etmək olar. Orada bir ara maskalar insanlara pulsuz paylanılırdı. Vətəndaşlara sms gəlirdi ki, gedib filan yerdən maskanı pulsuz götürsünlər. Ya da maskanın qiyməti ucuzlaşdırıla bilər. Sahibkarlarımız bir müddət öz gəlirlərindən imtina etib, qiyməti ucuzlaşdırsınlar. Bu cür insanlar maska taxmağa təşviq edilə bilər. Bu gün maskanın çox böyük əhəmiyyəti var. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, hər kəs maska taxsın. Çünki hamı maska taxanda yoluxma ehtimalı 95 faiz aşağı düşür. Amma onlar deyir cəmi 1 faiz yoluxma ehtimalı qalır. Mən də tövsiyə edirəm ki, hər kəs maskadan istifadə etsin. Bu dövrdə maskadan istifadə edək ki, xəstələrin sayı azalsın. İnsanlarımızı yerləşdirməyə xəstəxanalarda yerlər olsun. Süni tənəffüz aparatına qoşulan insanlarımız az olsun. Biz sosial məsuliyyətimizi dərk etməklə səhiyyənin yükünü də azaltmış olarıq. Həkimlərimizin arasına da koronavirusa yoluxanlar və ölənlər var. Bir sözlə insanlara xidmət edəcək tibbi personlımız olsun. Cavanların çoxu bu gün maskadan istifadə etmir. Ən çox qaydanı pozanlar da onlardır. Ola bilər ki, gəncdir. Vəziyyətin ciddiliyini anlamasın. Biz hamımız bu işdə hökümətin gördüyü işlərə dəstək olmalıyıq. Belə olan halda nə karantin rejiminin uzadılmasına ehtiyac qalar nə yoluxmanın sayı çoxalar. Qaldı ki, karantin rejiminin avqustin 1-ə kimi uzadılmasına, düşünürəm ki, bir az səbrli olub, növbəti 2 həftədə nələr olacağını gözləmək lazımdır. Təbii ki, hər şey yoluxma dinamikasının necə olmasından asılıdır".
 

Mənbə: sonxeber.az