“Azərbaycanda FÖVQƏLADƏ VƏZİYYƏT elan olunmalıdır!” – AÇIQLAMA

“Azərbaycanda FÖVQƏLADƏ VƏZİYYƏT elan olunmalıdır!” – AÇIQLAMA

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Ölkədə koronavirusa yoluxma hallarının sürətlə artması əhali arasında fövqəladə vəziyyətin elan olunub-olunmaması ilə bağlı suallar yaradır.

Mövzu ilə bağlı Qazet.az-a danışan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, bu barədə rəsmi qərarı yalnız Operativ Qərargah verə bilər.

Millət vəkili Fəzail Ağamalı isə Qazet.az-a açıqlamasında ölkənin gec olmadan fövqəladə rejimə keçməli olduğunu qeyd edib.

“Azərbaycanda yoluxma hallarının sürətlə artmasını və son qərarla 8 şəhər və rayonun da karantinə alınaraq ölkədə 16 şəhər və rayonda sərt karantin rejiminin tətbiq edilməsini nəzərə alsaq, vətəndaşların minimum ehtiyaclarını təmin edərək 1 ay müddətində fövqəladə vəziyyət elan olunmalıdır. Bu çətin vəziyyətdən ancaq belə çıxa bilərik. Yəqin ki, Operativ Qərargah bununla bağlı müzakirələrini, təhlillərini aparır. Biz gecikmədən fövqəladə vəziyyətə keçməliyik”, – deyə millət vəkili qeyd edib.

Millət vəkili daha sərt tədbirlərin görülməli olduğunu vurğulayıb.

“Biz daha sərt tədbirlər görməli, fövqəladə rejim, yaxud komendant saatı tətbiq etməliyik. Yoluxanların 50 faizdən çoxunu Bakı şəhəri təşkil edir. Bakıda qeydiyyatda olmayanlar testdən keçərək və ehtiyacları ödənərək qeydiyyatda olduğu yerlərə qaytarılmalıdır”, – F. Ağamalı əlavə edib.

Qeyd edək ki, Azərbaycanda fövqəladə vəziyyət Azərbaycan Respublikası Konstitusiyasının Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının Qanununun 111 və 112-ci maddələri əsas götürülərək, Azərbaycan Respublikası Prezidenti tərəfindən tətbiq edilə və 24 saat müddətində Azərbaycan Respublikasının Milli Məclisinin təsdiqinə verilə bilər.

Mənbə: qazet.az