Çin hökuməti uyğur qadınlarını dölsüzləşdirir

Çin hökuməti uyğur qadınlarını dölsüzləşdirir

Sintzyan-Uyğur Muxtariyyətinin dövlət sənədlərindən belə məlum olur ki, Çin hökuməti minlərlə uyğur qadınını dölsüzləşdirməyə hazırlaşır. Çini bu məsələdə “Foreign Policy” jurnalının müəllifləri şübhəli bilirlər.

Modern.az xəbər verir ki, jurnalın dərc etdiyi materialda uyğurların yaşadığı Xotan şəhərində və qonşu Quma qəzasında 2019-cu ildə ailə planlaşdırması üçün nəzərdə tutulmuş büdcə çıxarışlarından misal gətirilir. Sənəddə dövlətin şəhərdəki qadınların 14,8 mininin, əyalətdəki qadınların isə 8 mininin dölsüzləşdirilməsinə, həmçinin, hamilələyin qarşısını almaq üçün 5,9 min “uşaqlıq spiralı”na pul ayırdığı göstərilir. Nəşrdə qeyd olunur ki, bir ildə nəzərdə tutulan dölsüzləşdirmə sayı ümumilikdə son 20 il ərzində adambaşına düşən saydan çoxdur.

Məqalənin müəllifi bu siyasətin yalnız uyğurların yaşadığı rayonlara şamil edildiyini deyir. 2018-ci ildə Çində qadınlara qoyulan “spiral”ın 80%-i Sintzyan-Uyğur Muxtariyyətinin payına düşüb. Halbuki, bu muxtar rayonunun əhalisi Çinin ümumi əhalisinin cəmi 1,8%-ni təşkil edir.

2018-ci ildən etibarən uyğur qadınların kütləvi şəkildə yerləşdirildiyi “tərbiyələndirmə düşərgələri”ndən çıxanlar onlara vurulan naməlum inyeksiyalardan, qoyulan “spirallar”dan və dölsüzləşdirmə prosedurlarından danışmağa başlayıblar. Bundan başqa, 2015-2018-ci illər ərzində uyğurların yaşadığı bölgələrdə doğum səviyyəsinin 84%-ə düşdüyü məlumdur.

Nəşrin yazdığına görə, dövlət həm də bu bölgələrə digər etnik çoxluqların nümayəndələrindən ibarət işçilər göndərir və millətlərarası nikahları təbliğ edir.

Bütün bunlar Çin hökumətinin uyğur azlıqlarına qarşı gördüyü tədbirlərin bir hissəsidir. Bir neçə ay öncə aktivistlər müsəlman-uyğurlarına dinin onlara qadağa etdiyi donuz ətinin zorla yedizdirlməsi ilə bağlı xəbərlər də vermişdilər.


A.Qorxmaz

Mənbə: modern.az