Pandemiyadan əvvəlki və sonrakı həyat - Bu əslində müdrükləşmək üçün fürsətdir

Pandemiyadan əvvəlki və sonrakı həyat - Bu əslində müdrükləşmək üçün fürsətdir

Pandemiya, karantin günləri özü ilə saysız hesabsız problemlər gətirdiyi kimi, dönüb özümüzə baxmaq, düşünmək fürsəti də yaratdı. Bu günə qədər işıq sürəti ilə qaçıb gedən həyat hamımız üçün birdən- birə yavaşıdı, səngidi.Unutduğumuz ruhumuzla baş- başa qalmaq, söhbətləşmək imkanı yarandı. Bu anlamda hər dini inancın fərqli baxış bucağı olsa da, son amal insan amilidir.

Azərbaycan Bəhai icmasının Katibi Ramazan Əsgərli Bizimyol.info-ya verdiyi müsahibədə maraqlı məqamlara toxunaraq qeyd edir ki, bu çətin günləri əslində müdrikləşmək üçün fürsət kimi dəyərləndirsək, özümüz özümüzə güc verərik.

 

Ramazan Əsgərli

Yaşananlara, bu günkü həyatımıza bir də Bəhailərin baxışını görmək üçün Ramazan Əsgərli ilə söhbəti təqdim edirik:

- Ramazan müəllim, koronavirus özü ilə böyük bəlalar gətirsə də, zina, işrət, gərəksiz əyləncə və israf, müharibə kimi anlayışları da müvəqqəti olaraq dayandırdı. Bəhailərin gözüylə baxınca koronavirus sınaqdır, zərurətdir, yoxsa insan əlinin törətdiyi növbəti bəla?

- Bütün gedişat onu göstərir ki, koronavirus pandemiyası bunların hamısıdır. Bunun başlanması ilə bağlı fikirlər müxtəlifdir və dəqiq bir söz söyləmək çətindir, lakin biz fakt qarşısındayıq. Pandemiyadan öncəki həyata baxsaq, dediyiniz fikirlərin hamısına əsas tapmaq olur. Bilirik ki, dünyada sıxıntılar getdikcə çoxalır və ədalətsizliklər cəzasız qalır. İlahi nəsihət unudulub, təəssübkeşlik çoxalıb, həyatın mənası və insan təbiəti barədə anlayışlar tamamilə təhrifə uğrayıb. Mənəvi prinsiplərin pozulması cəzasız və fəsadsız qalmır. Mənə elə gəlir ki, biz yalnız bu günün deyil, uzun bir tarixi dövrün ədalətsizliklərinin bədəlini ödəyirik. Həzrət Bəhaullah iki yüz il öncə bəşərin birliyi təlimini elan etdi və ümumdünya sülhünə çağırdı, lakin təəssüf ki, insanlıq ona cavab vermədi. Siz müharibəsiz, rəqabətsiz, ədavətsiz bir dünya təsəvvür edin: savaşlar yox, bütün maddi resurslar insanın və cəmiyyətin inkişafına yönəlib. Mənəviyyat inkişaf edib, elm və dinin harmoniyasından insanlar həzz alırlar. Hər şey insan potensialının açılmasına və sivilizasiyanın inkişafına yönəlib. Və bütün bunlar bir şeydən asılıdır – bəşəriyyətin birliyindən. Elə isə bu birliyə nail olmaq üçün yer üzündəki hər bir insan çalışmalı deyilmi? Bundan daha yüksək bir missiya təsəvvür etmək çətindir. Bu bir mənəvi borcdur. Həzrət Bəhaullahın yazılarından birində belə deyilir: . “Bəşərin birliyi bərqərar olmayınca, onun rifahına, dincliyinə və əmin-amanlığına nail olmaq mümkün deyil.”

- Bəhai inancına görə, xalqın seçdiyi rəhbərə etimad tam olmalıdır. İndiki halda ölkə rəhbərliyi asayişi qorumağa mükəlləf olan polisi dinləməyi, tabe olmağı tövsiyə edir. Son zamanlar karantində gərginləşmiş əsəblər fonunda polisə qarşı çıxanlar da var, rəğbət göstərənlər də. Bu barədə nə deyə bilərsiz?

- Hər bir halda qanunlara itaət sözsüzdür. Polislər də bizim həmvətənlərimizdir, doğmalarımızdır, yad insanlar deyil. Bəhai dinində ümumun marağı şəxsi maraqlardan üstündür, ona görə də cəmiyyətin sabitliyi mühümdür və ümumi bəla ilə mübarizədə yekdillik və birlik sadəcə zərurətdir. Ayrı-ayrı hadisələr və ya reaksiyaları ümumiləşdirmək olmaz. Biz indi bir cəmiyyət olaraq, heç vaxt olmadığı qədər həmrəylik və birlik nümayiş etdirməli, kiçik nöqsanlara göz yummalıyıq. Digər tərəfdən isə, hər bir vətəndaş tutduğu mövqedən asılı olmayaraq, işinə vicdanla yanaşmalı, ədaləti rəhbər tutmalıdır. Müxtəlif mövqe və vəzifə sahibləri də işlərinə xalqa təvazökarlıqla xidmət imkanı kimi baxmalıdırlar. Belə baxış olarsa, narazılıqlar xeyli dərəcədə azalar və insanlar da onlara rəğbətlə yanaşar.

- Karantin özüylə bərabər evə qapanıb qalma, ehtiyac, əziyyət də gətirdi. Ailəiçi şiddət artdı. Bəhailikdə qadın və kişinin ailədəki rolu necə tənzimlənir?

- Bu çox aktual bir məsələdir. İndiyə kimi həllini tapmamış bütün məsələlər sıxıntı və çətinlik zamanında özünü göstərir. Ailə institutuna baxış da inkişaf etməli, yeni, daha yüksək meyarlara uyğun olmalıdır. Ailələrdə kişi və qadının bərabərliyi , fikir və baxış birliyi olanda onlar istənilən çətinliyi daha asan aşa bilirlər. Ailə qarşılıqlı sevgi və hörmət, ədalət və məqsəd birliyi əsasında qurulmuşsa, onu çətinliklər, tufanlar dağıda bilməz. Ailə hər bir insan üçün bir qala olmalıdır. Qalanın möhkəmliyi isə sevgi və etibardan asılıdır. İndi və ümumiyyətlə, həmişə ailə üzvləri bir-biri ilə ünsiyyətin keyfiyyətini yüksəltməlidirlər. Məşvərət etməyi öyrənməlidirlər. Bu gün ərlə arvad arasında belə, dialoq aparmaq problemə çevrilib. Baxın, ailə bir ittifaqdır, birlikdir. Birliyi yaradan ən birinci şərt isə ədalətdir. Ədalət olması üçün isə kişi və qadının bərabərliyi praktiki cəhətdən təmin edilməlidir və buna hər iki tərəf şüurlu səy qoymalıdır. Ona görə də bərabərlik yoxsa, ədalət yoxsa, demək əslində heş birlik və ittifaq da yoxdur. Sevgi olsa da belə, o ədalətsiz mühitdə yaşaya bilmir. Bu məsələlər vaxtında həllini tapmalıdır. Bu cəhətdən evliliyə hazırlaşmaq fövqəladə əhəmiyyət daşıyır. Ailənin bir məqsədi uşaq dünyaya gətirmək və tərbiyə etməkdirsə, digər bir məqsədi ərlə-arvadın bir-birinin inkişafına kömək etməsidir. Onlar bir quşun iki qanadı kimidir. Həzrət Əbdül-Bəhanın belə br tövsiyəsi var: “... ruhən və qəlbən bir-birinizlə bir yuvadakı göyərçinlər kimi yaşayın ki, hər iki dünyada xeyir-bərəkət alasınız.”

- Karantin yas mərasimlərini də gərəksiz ihtişamdan çıxardı. Hələ indi cəmiyyətimizdə yas mərasimləri əsl islam ayini formatına düşdü. Bəs Bəhalikdə yas mərasimləri toy mərasimləri necə tövsiyə olunur?

- Bəhai Yazılarında hər bir şeydə mötədillik tövsiyə olunur. Yas mərasimi inanca uyğun keçirilərsə, o, bütün cəhətlərdən, insanların özlərinin davranışından tutmuş məclisin təşkilinə qədər sadə olar. Axı insan sadəcə dünyasını dəyişir, inanclı insan üçün ölüm onu ağrıdan uzun ayrılıqdır, amma həmişəlik itki deyil. Ona görə də, dünyasını dəyişən insanın sadə və ləyaqətli bir mərasimlə yola salınması daha uyğundur.

- Pandemiya dövründə cəmiyyət olaraq böyük fəlakətdən qaçınmaq üçün nə etməliyik?İstər psixoloji, istər maddi və istərsə də sağlamlıq cəhətdən nələrə diqqət etməliyik ki, bu ağır günlər milli fəlakətə çevrilmədən ötüşsün?

- Bu məsələyə bir neçə səviyyədə yanaşmaq lazımdır. Birincisi, bu ümumbəşəri bir bəladır və bu kontekstdə düşünsək, bəşəriyyətin birləşməsinin labüdlüyü göz qabağındadır. Heç bir xalq təkbaşına bu cür fəlakətlərin öhdəsindən gələ bilməz, ona görə də biz bütöv insanlıq olaraq düşünməliyik. Bəhai dininin banisi Həzrət Bəhaullahın ana təlimi də məhz bəşəriyyətin birliyidir. Problemlər əsasən qlobal xarakterdədir və onun həlli də qlobal baxışla olmalıdır. Bunu xalqlar və dövlətlər nə qədər tez anlasalar, o qədər fəlakətlərin qarşısı tez alınar və çətinliklər aradan qaldırılar. Bir ölkə səviyyəsində düşünsək, hər bir dinin təbliğ etdiyi kimi, biz başqalarını düşünməliyik. Həzrət Bəhaullah bəşəriyyəti bir insan orqanizminə bənzədir. Hər bir fərd isə o vahid orqanizmin bir hüceyrəsidir. Belə bir analogiya artıq bizim baxış və davranışımızın necə olmasını diktə edir. Biz qarşılıqlı asılılıq dünyasında yaşayırıq, istənilən təcridollma zamanın ruhuna ziddir. Lakin bu gün virusun yayılmasının qarşısını almaq üçün özümüzü təcrid etməli, qaydalara ciddi əməl etməliyik. Digər tərəfdən isə ümidimizi itirməməliyik. İnanırıq ki, insanlıq bu bəladan bir çox məsələlər barəsində, xüsusilə özünün fitrətən birliyi cəhətdən yeni bəsirətlərlə yeni bir mərhələyə adlayacaqdır. Hər bir çətinlikdə fürsət görməklə biz bir çox mənfi nəticələrdən qaça bilərik. Pozitiv düşünsək, indiki vəziyyətə xalqımızın yetkinləşməsi üçün bir fürsət kimi baxa bilərik. Bizim mənəvi dəyərlərimiz indi sınağa çəkilir. Biz bu dəyərlərdən nə qədər möhkəm yapışsaq, o qədər sağ qalmaq şansımız çoxalır. Ədalətlilik, səxavətlilik, təvazökarlıq, başqasına xidmət, dürüstlük- bunlar heç vaxt olmayan qədər indi bizim cəmiyyətimizə lazımdır. Bunlar həm də, dediyim kimi, xalqımızın möhkəmlənməsi və inkişafı üçün zəruridir. Maddi resurslar lazımdır, amma gördük ki, o yetərli deyil, heç yetərli deyil, indi bizə ruh gücü lazımdır. Ruh gücü isə sadaladığım dəyərlərlə əldə edilir.

Söhbətləşdi: İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info