Vətəndaş cəmiyyəti fəalları amnistiya aktının qəbul olunmasını istəyir

Vətəndaş cəmiyyəti fəalları amnistiya aktının qəbul olunmasını istəyir

Azərbaycanda Vətəndaş cəmiyyəti nümayəndələri koronavirus pandemiyası ilə əlaqədar amnistiya aktının qəbul olunması barədə imzatoplama kampaniyasına başlayıblar.

Kampaniyaya Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli təşəbbüs göstərib.

İmzaların toplanması aşağıdakı platformada aparılır://www.change.org

Vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri, siyasi fəallar bununla bağlı prezident İlham Əliyevə müraciət göndəriblər.

Müraciətdə deyilir ki, COVİD-19 pandemiyasının yaratdığı tibbi böhran durumu istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər.

“Mövcud ağır şərait cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin həyati təhlükəsizliyi və sağlamlıq hüququnun qorunması üçün amnistiya aktının qəbul edilməsini müstəsna zərurət kimi önə çəkir”, - müraciətdə deyilir.

Onlar hesab edir ki, penitensiar müəssisələrdə kiminsə yoluxması zəncirvari reaksiyaya səbəb ola bilər.

Müraciət müəlliflər hesab edirlər ki, amnistiya aktı və əfv fərmanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə təqsirləndirilən və ya məhkum edilmiş şəxsləri, azadlıqdan məhrumetmə cəzasından fərqli cəza çəkən (müəyyən istisnalarla) şəxsləri, azadlıqdan şərti olaraq 3 ilə qədər müddətə məhrum edilən şəxsləri, az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi iki ildən artıq olmayan və cəzasının azı yarısını çəkmiş şəxsləri, qadınları, yetkinlik yaşına çatmayanları, müharibə veteranları və yaşı 60-dan yuxarı olan şəxsləri əhatə edə bilər.

Həmçinin qeyd olunur ki, əfv olunacaq məhbuslar sırasına yerli hüquq müdafiəçilərinin rəyləri və Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə siyasi motivlərlə həbs olunmuş sayılan şəxslər də salınmalıdır.

Parlamentin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa indi amnistiyanın elan olunmasını real hesab etmir, çünki parlament yay tətilinə gedir.

Lakin bu təşəbbüsü əfv sərəncamı vasitəsilə reallaşdırmaq olar ki, bu da prezidentin müstəsna hüququdur.

“Amnistiya isə parlament tərəfindən qəbul edilir və bu uzun prosedurdur, deputatlar tərəfindən təşəbbüs göstərilməlidir, sonra komitələrdən keçməlidir, çoxlu maddələr araşdırılmalıdır, müzakirə olunmalıdır”, - F.Mustafa bildirib.

Beynəlxalq təşkilatlar nə deyir ?

Bir müddət əvvəl Amnesty International-ın Azərbaycanda vəziyyətə həsr olunmuş yeni bəyanatı yayılıb.

Sənəddə qeyd edilir ki, son dövrlərdə Azərbaycanın penitensiar müəssisələrində Covid-19 yoluxması hadisəsi nəzərə alınmaqla saxlanılan şəxslər də virusa yoluxma riskinə məruz qalıblar.

“Covid-19 pandemiyasının həbsxanalarda yayılması ilə bağlı narahatlıqların artması şəraitində, Azərbaycan hakimiyyəti nəinki ədalətsiz mühakimə olunan tənqidçiləri dəmir barmaqlıqlar arxasında saxlamaqda davam edir, pandemiya ilə mübarizə adı altında siyasi rəqiblərini uydurma və siyasi motivli ittihamlarla həbs etmə kampaniyasını artırır. Bu, ölkədə ifadə azadlığına və digər fundamental insan haqlarına qarşı edilən ən son hücumdur,” Amnesty İnternational qeyd edir.

Təşkilatın hesabatında deyilir ki, mayın 15-də Azərbaycan hakimiyyəti rəsmi olaraq cəzaçəkmə müəssisələrində Covid-19-a 46 yoluxma halını təsdiqləyib.

Beynəlxalq insan haqları ilə bağlı götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan ayrıseçkilik olmadan bütün məhbusların sağlamlıq hüquqlarını təmin etmək üçün zəruri tədbirlər görməyə məcburdur,” sənəddə bildirilir.

Amnesty İnternational Azərbaycan hakimiyyətini həbsxanalarda ağır sağlamlıq riskini azaltmaq üçün görülən tədbirlərdə ayrıseçkilik olmamaq prinsipinə hörmət etməyə və siyasi motivli ittihamlarla həbs olunanların Covid-19 ilə əlaqədar azadlığa çıxmalarından faydalanmalarını təmin etməyə çağırır.

“Azərbaycan məhbusların sayının azaldılması üçün bütün mümkün tədbirləri görməlidir. Digər bəzi məhbus qruplarının, vaxtından əvvəl və ya şərti azadlığa buraxılmalarını və ya başqa alternativ həbs tədbirləri verilmə imkanlarını düşünməlidir. Azərbaycan məhkəmələri insanların həbsxanalarda yoluxma riskinə məruz qalmaması üçün azadlıqdan məhrumetmədən başqa vasitələrin də tam istifadə edilməsini nəzərdən keçirməlidir. Bunun əvəzinə, Azərbaycan bu praktikanı dərhal dayandırmaq çağırışlarına baxmayaraq, siyasi və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən hüquq müdafiəçiləri, jurnalistlər və digərlərini siyasi motivli ittihamlarla həbs etməkdə davam edir.”

Amnesty İnternational hesab edir ki, Azərbaycanda həbsxanalarda olan şəxslər, o cümlədən yuxarıda adı qeyd edilən siyahıda olan siyasi motivlərlə həbs olunan şəxslər Azərbaycan həbsxanalarında olan normadan artıq say artıqlığına görə Covid-19 pandemiyasının yayılması şəraitində yüksək risk altındadırlar.

“Azərbaycanda qanunsuz azadlıqdan məhrum olan hər kəs dərhal azad edilməlidir. Covid-19 ilə əlaqədar azadetmə tədbirləri nəzərdən keçirildikdə, o cümlədən şəxsin siyasi baxışları və mənsubiyyətləri əsasında heç bir məhbusa qarşı ayrıseçkilik olmamalıdır.”

Rəsmi məlumat

Penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarəti altında saxlanılır.

Bu barədə Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Nazirlik bildirir ki, virusun yayılma riski tam lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur.

“Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir," məlumatda bildirilib.

Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini və müxalif fəalların izlənərək həbs edilməsini dezinformasiya sayır.

Ekspertlərin rəyi

Müstəqil müşahidəçilər cəzaçəkmə müəssisələrində daha çox məhkumun infeksiyaya yoluxduğunu güman edir.

Siyasi məhbus kimi tanınan şəxslər siyasi motivlərlə həbsdə olan məhbusların, o cümlədən cəzasının çox hissəsini çəkmiş məhbusları koronavirus infeksiyasından qoqumaq üçün azadlığa buraxılmalarını vacib sayır.

 

 

 

 

 

 

 

Mənbə: www.amerikaninsesi.org