Azərbaycan qarşısında Ermənistan daha aciz duruma düşür - Putinin qaz məsələsindəki sərt cavabı isə...

Azərbaycan qarşısında Ermənistan daha aciz duruma düşür - Putinin qaz məsələsindəki sərt cavabı isə...

Azərbaycan və Ermənistan arasında mövcud münaqişənin həll perspektivləri, belə görünür ki, daha çox savaş üzərində köklənməkdədir. Bunun əsas səbəbi, artıq dəfələrlə qeyd edildiyi kimi, Ermənistanın danışıqlar prosesində sərgilədiyi qeyri-konstruktiv mövqedir. Bu şəraitdə düşmən də yaxşı bilir ki, səbri tükənən Azərbaycan istənilən vaxt hərbi əməliyyatlara start verə bilər.

Əslində, qeyd edilən xüsusda Ermənistanda ciddi həyəcan təbili çalınır. Məsələn, Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Tatev Hayrapetyan qeyd edib ki, Azərbaycanın məqsədi hərbi əməliyyatların yenidən başlanmasıdır və Azərbaycan buna başlamağı beynəlxalq vəziyyətlə əsaslandırır. “Bu gün Azərbaycan danışıqlar prosesində özünü kifayət qədər güclü hiss edir və bundan çıxış edərək siyasəti dəyişir, daha cəsarətli olur”. Ermənistanın “Hayatsk” Tətbiqi Siyasət və Analitik Araşdırmalar Mərkəzinin direktoru Anna Karapetyan isə qeyd edib ki, bu gün vəziyyət dəyişib, Ermənistan vasitəçilər üçün hər addımda proqnozlaşdırılmaz və anlaşılmazdır, İrəvandan səslənən bəyanatlar bir-birinə ziddir: “Bakı bundan istifadə etməyə, Ermənistanı hər şeyin günahkarı kimi təqdim etməyə çalışır və hətta öz hərbi ritorikasına görə İrəvanı günahlandırır”. O bildirib ki, koronavirus pandemiyasının Ermənistanı daha sürətlə çökdürməsini də Azərbaycan diqqətdən qaçırmır.

Ümumiyyətlə, Ermənistanda belə hesab edilir ki, koronavirus ölkəni getdikcə taqətdən salır və bu halda pandemiyaya qarşı Ermənistanla müqayisədə daha effektiv mübarizə aparan Bakı bundan da istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində güc tətbiqini ön plana çıxara bilər. Həqiqətən də koronavirus pandemiyası Ermənistan iqtisadiyyatını tamamilə alt-üst edib və baş nazir Nikol Paşinyan etiraf edir ki, yoluxma sayına görə ölkəsi dünyada ilk sıralardadır. Bir vaxtlar “koronavirus kimin itidir?”, “maska taxmağa ehtiyac yoxdur” kimi məsuliyyətsiz ifadələr işlədən Paşinyan indi virusun qarşısında aciz qalıb və dünyadan kömək istəyir. Ölkədə koronavirusa yoluxanların sayı 30 minə, ölənlərin sayı 600-ə yaxınlaşır. Hesablamalara görə, iqtisadiyyat hər gün 51 milyon dollar zərər edir. İş yerləri sürətlə bağlanır, vətəndaş hökumətdən karantin qaydalarına əməl etmək üçün pul tələb edir. Burada Azərbaycandakı vəziyyətlə bağlı müqayisə aparmaq da maraqlı məqamları üzə çıxarır. Məlumdur ki, Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində 3.5 milyard manat, Ermənistan isə 300 milyon dollar ayırıb. Ermənistana pandemiya ilə mübarizə üçün edilən yardımlar Azərbaycanla müqayisədə dəfələrlə çoxdur: ABŞ Azərbaycana 5.3 milyon dollar, Avropa Birliyi isə 14 milyon avro yardım edib. Bununla yanaşı, Türkiyə Azərbaycana humanitar, Çin isə texniki yardım göstərib. Ermənistana edilən yardımlara gəlincə, ABŞ bu ölkəyə 5.4 milyon dollar, Avropa Birliyi isə 92 milyon avro ayırıb. Bundan əlavə, Rusiya Ermənistana texniki, Çin tibbi-texniki, İran yükdaşımada, Bolqarıstan və Litva humanitar, Gürcüstan isə tiibi yardım göstərib. Amma yenə Ermənistanda bərbad vəziyyət hökm sürür. Digər tərəfdən, Azərbaycan indiyə qədər 33 ölkəyə koronavirusla mübarizədə yardım edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar maliyyə dəstəyi verib. Ermənistan isə yardım almaq üçün yalvarır. Azərbaycanda 570 xəstəxana fəaliyyət göstəridiyi halda Ermənistanda 130 xəstəxana var. Pandemiya dövründə Azərbaycanda dövlət və özəl sektorda çalışan bütün işçilərin əmək haqları dövlət tərəfindən ödənilib, 600 mindən çox insana, 300 min sahibkara yardımlar edilib, sosial dəstək vətəndaşın evinə qədər aparılıb. Ermənistanda hər həftə insanlar hökumət binasının önündə yardım almaq üçün aksiya keçirir. Pandemiyanın davam edəcəyi nəzərə alınarsa, Ermənistanı qarşıdakı dövrdə daha ağır vəziyyət gözləyir. “168.am” nəşri bu xüsusda yazır:“İqtisadiyyatın yenidən açılmasından sonra və ya aprel-may aylarında Ermənistan əmək bazarı 21 mindən çox iş yerini itirib. Bunlardan təqribən 12000-ə yaxın aprel ayında bağlanıb, may ayında isə 9000-dək iş yeri açılmayıb. Bu, Paşinyanın söyləmək istəmədiyi həqiqətdir. Bunun əvəzinə, hökumən “taxtın süqutundan” sonra iqtisadiyyatın yenidən açılması barədə qərarın öz nəticəsini verdiyi barədə təsəvvür yaratmağa çalışır. Bu qərar iqtisadiyyat üçün doğru ola bilər, amma unutmamalıyıq ki, epidemiya bu gün Ermənistanda tuğyan edir, yüz minlərlə insanın ölümünə səbəb olur, on minlərlə insanın həyatı və sağlamlığı təhlükə altındadır. İş yerləri haqqında danışarkən Paşinyanın işsizlik nisbətlərinə toxunması yaxşı olardı. Bu il Ermənistanda işsizlərin sayı xeyli artıb. On minlərlə vətəndaş iş üçün xaricə getmək imkanından məhrum olub və işsizlər sırasına qoşulub. Hökumət aylardır ki, bu insanlara ölkə daxilindəki tikinti işlərinə uyğunlaşacaqları barədə boş vədlər verir, bunun problemi həll etməyəcəyini yaxşı bilir. Bunlar və epidemiya olmadan da Ermənistanda işsizlik səviyyəsi çox yüksək idi. Rəsmi məlumatlara görə, ötən ilin sonuna olan məlumata əsasən, Ermənistanda 202 mindən çox işsiz qeydə alınıb. Bu il, xüsusən yoluxma dövrü üçün məlumatlar hələ yayımlanmayıb. Ancaq vəziyyətin pisləşməsi istiqamətində işsizliyin kəskin bir artımının qeydə alınacağı birmənalıdır. Belə vəziyyət Ermənistan iqtisadiyyatına ciddi zərbədir və Azərbaycanla münasibətlər nəzərə alınarsa, bu zərbənin hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil. Bu mənada, Qarabağ məsələsində Ermənistanı ciddi problemlər gözləyir”.

Bu fonda diqqət həm də ona yönəlir ki, Ermənistanda demoqrafik böhran da dərinləşir, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bu gün Azərbaycanda əks proses yaşanır, ölkəmiz istər iqtisadi, istər ordu quruculuğu, istərsə də beynəlxalq nüfuzuna görə Ermənistandan qat-qat üstündür və aradakı fərq zaman keçdikcə artır. Belə vəziyyətdə Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçməsi Ermənistan üçün əsl fəlakət sayılır. Burada nəzərə almaq lazımdır ki, yenə Azərbaycandan fərqli olaraq, Ermənistanda pandemiya ordu sıralıarına da sirayət edib. Hətta işğal edilmiş ərazilərdə yerləşən Qetavan yaşayış məntəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində və bütövlükdə yaşayış məntəqəsində koronavirusa kütləvi yoluxma faktı qeydə alınıb. Kütləvi yoluxma halı ilə əlaqədar Qetavan yaşayış məntəqəsinin giriş-çıxışı bağlanıb. Yaşayış məntəqəsinin karantinə alınmasına əsas səbəb isə sahə həkimi Hovik adlı şəxsin koronavirusa yoluxaraq ailə üzvləri ilə birlikdə kənd camaatını da infeksiyaya yoluxdurmasıdır. Xəbərdə deyilir ki, həkim bu faktı gizlətdiyi üçün yanına gəlib-gedən xəstələrin, bir sözlə, kənd camaatının da infeksiyaya yoluxmasına səbəb olub. Eyni zamanda məlum olub ki, kənd həkimi Hoviklə ünsiyyətdə olan Qetavan hospitalının tibb bacısı Marina Qriqoryan da koronavirusa yoluxub. Belə olan təqdirdə virusun yayılması domino effekti yaradıb və tibb bacısı Marina Qriqoryanla ünsiyyətdə olan hospitalın sanitarları Ruzanna Xacaturyan, Stella Hovanisyan və Yelena Sağyanın da COVID-19-a yoluxduğu faktı ortaya çıxıb. Bu isə yoluxmanın əsgərlər arasında da genişlənməsinə rəvac verib. Belə vəziyyət də düşmən ordusunu çökdürür.

Bu durumda Rusiyadan olan dəstəyin azalması da Ermənistanı daha zəif hala gətirir. Erməni ekspert Vahan İşxanyan bunun ciddi təhdid yaratdığını bildirir:“Ermənistanda antirus sui-qəsdi üzə çıxır. Gürcüstanda da antirus siyasəti eyni formada başladı, əvvəlcə prezident Saakaşvili Putinlə can-ciyər idi, sonra münasibətlər pisləşməyə başladı, rus bazalarını ölkədən çıxarmağı əmr etdi, sonra müharibə, itkilər, miqrantlar oldu. Ermənistanda da inqilabdan sonra baş nazir Nikol Paşinyan erməni-rus münasibətlərinin heç vaxt bu qədər yaxşı olmadığını bildirdi, sonra rus faşisti Şişkinə sığınacaq verdilər. Sonra dedilər ki, münasibətlərdə problemlər var. Sonra Rusiyanın xarici işlər naziri Lavrov narazılıq etdi ki, Ermənistanda rus şirkətlərinə qarşı işləri açırlar. Sonra Paşinyan Putinin Moskvada İkinci Dünya müharibəsinin 75 illiyi paradında iştirak etmək dəvətini rədd etdi. Bu halda Rusiya Ermənistanın arxasından geri çəkilir. Ondandır ki, Nikol Paşinyan və Belarus prezidenti Aleksandr Lukaşenko enerji sektorunda tandem yaratmağa və qaz qiymətləri məsələsini qaldırmağa çalışdıqda, hakimiyyət Moskvanın geri çəkiləcəyini və İrəvanın Minskin rəğbətini qazanaraq öz tərəfinə çəkə biləcəyini düşündü. Bu arada, Belarus və Rusiyanın enerji nazirlərinin qaz qiymətləri ilə bağlı razılığa gəldikləri görüşü baş tutub. Razılaşma o qədər əsaslıdır ki, Belarusun Moskvadakı səfiri Moskva ilə Minskin qaz məsələsində ortaq dil tapdıqlarını və Rusiya-Belarus ortaq dövləti çərçivəsində anlaşılan olan vahid qaz bazarının formalaşması gündəmi ilə irəliləyəcəklərini söyləyib. Faktiki olaraq, Putinin qaz məsələsindəki sərt cavabı İrəvanın “boynunda” qaldı və əslində Batka da Paşinyanı “fırlatmağı” və problemlərini həll etməyi bacardı, İrəvan isə “qırılmış bir teşt” qarşısında qaldı. Amma Moskva bununla kifayətlənməyəcək. Ermənistana Qarabağ məsələsində və digər istiqamətlərdə təzyiq edəcək”. Bunlar isə, öz növbəsində, Ermənistanı daha zəif duruma salır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 

Mənbə: www.baki-xeber.com