Asim Mollazadə: “Rusiya konstitusiyasındakı bu dəyişiklik narahatlıq doğurur” - Müsahibə

Asim Mollazadə: “Rusiya konstitusiyasındakı bu dəyişiklik narahatlıq doğurur” - Müsahibə

Teleqraf.com-un suallarını Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Asim bəy, Rusiyada konstitusiya dəyişikliklərinə dair səsvermə başa çatıb və hakimiyyət marağında olan dəyişiklikləri keçirə bilib. Bu mənada şimal qonşumuzda müşahidə edilən bu dəyişiklikləri necə analiz etmək olar, dəyişikliklər nə üçün lazım idi?

- Mən bu prosesə qiymət vermək istəmirəm. Bu, Rusiyanın daxili məsələsidir, xalqın iradəsi əsasında bu proseslər həllini tapmalıdır. Bizim yeganə istəyimiz Rusiyada əmin-amanlığın olması, bizim ərazi bütövlüyümüzə hörmət edilməsidir.

- Sizcə, Putin prezidentlik müddətinə 4 il qalmış daha 12 il hakimiyyətdə olmaq şansını əldə etmək üçün nədən bu qədər tələsir?

- Ola bilsin ki, hakim elitada fikir ayrılığının yaranmaması, habelə indiki hakimiyyətin uzunmüddətli olacağını nümayiş etdirmək məqsədilə hamını sıx birləşdirmək üçün belə qərarlar verilib. Yəni hansısa keçid və hakimiyyət dəyişikliyinin qarşısını almaq məqsədilə bu addım atılıb. Amma bir məqam var. Bildiyiniz kimi Rusiya çoxmillətli və çoxlu dini konfensiyalara məxsus ölkədir. Səhv etmirəmsə, səsverməyə çıxarılan dəyişikliklərdə “dövlət rus dövlətidir” anlayışı var. Mənə elə gəlir ki, bu, müəyyən qədər digər dini və milli azlıqların hüquqlarının məhdudiyyətə gətirib çıxarmamalıdır. Hansısa bir milləti proritet millət kimi qeyd etmək zənnimcə, digər millətlərin hüquqlarının pozulması kimi görünə bilər. Dəyişikliklərdə yeganə bu məqam narahatlıq doğura bilər. Amma unutmamaq lazımdır ki, referendumlardan və hansısa qərarlardan asılı olmayaraq xalqın iradəsi və dəstəyi olmayanda heç kim əbədi hakimiyyətdə qala bilməz.

- Bu dəyişikliklərin qəbul edilməsi Putinin 2036-cı ilə qədər Kremlidə oturub Rusiyanı idarə edəcəyi mənasını verirmi?

- Bir daha qeyd edim ki, bütün bu məsələlər xalqın iradəsindən asılıdır. Bu qərarlar kağızda deyil, həyatda öz əskini tapır.

- Yeri gəlmişkən, sizi Rusiya hakimiyyətinə alternativ olan qüvvələrin imkanlarını necə qiymətləndirirsiniz?

- Alternativlər məhz hakimiyyətin daxilində olan, güclü maliyyə resurslarına malik qüvvələrin razılığa gəlməsi ilə bağlıdır. Çünki Rusiya siyasi səhnəsində ciddi alternativ qüvvələr görünmür.

- Vladimir Putinlə daha 15 illik birgə addımlaması ehtimal olunan Rusiyanın perspektivini necə görürsünüz?

- Bir daha qeyd edim ki, mən, bu perspektivlərə Azərbaycan maraqları çərçivəsindən baxıram. Azərbaycan Rusiya ilə iqtisadi, humanitar sahədə tərəfdaşdır, bildiyiniz kimi Rusiya eyni zamanda ATƏT-in Mİnsk Qrupunun həmsədridir. Biz çox gözləyirik ki, Rusiya Qarabağ münaqişəsinin həllinə dəstək versin, fəallıq nümayiş etdirsin. Bir məsələni xüsusilə vurğulamaq istərdim. Azərbaycanda rus dilinə və rus xalqına dərin ehtiram var. Azərbaycanda yaşayan ruslar hansısa beşinci kolon deyil. Necəki bunu digər ölkələrdə belə adlandırırlar. Bizdə onlar Azərbaycanın tam hüquqlu vətəndaşlarıdır. Səhv etmirəmsə, 3 rus xalqının övladı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək milli qəhrəman olublar. Azərbaycanda rusdilli məktəblər, universitetlər fəaliyyət göstərir. Heç bir keçmiş sovet respublikalarında belə hal yoxdur. Bunun da əsas səbəbi məhz rus mədəniyyətinin, Çexovun, Tolstoyun, rus universitetlərinin Azərbaycan milli məfkurəsinin formalaşmasında böyük rolu olması ilə bağlıdır. Nəzərə alın ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiya universitetinin məzunları olan bir sıra azərbaycanlılar məhz Azərbaycanın müstəqil və demokratik dövlət kimi formalaşmasına öz töhfələrini verib. Ona görə Azərbaycanda rus xalqına, dilinə və mədəniyyətinə hörmət var. Biz bunu hər zaman nümayiş etdiririk. Bu, Azərbaycan xalqının burada yaşayan bütün dinlərə və xalqlara hörmətinin əlamətidir. Mən Bakıda rus icmasının nümayəndələri ilə görüşürəm. Onlar da bunu qeyd edirlər. Sözsüz ki, ölkəmizdə yaşayan ruslar da bizim vətəndaşlarımızdır. Məhz Yuri Kovalyovun adını çəkə bilərəm, o, Azərbaycanın milli qəhrəmanıdır, Vətən uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycan-Rusiya münasibətlərində Azərbaycanın məhz rus dilinə və rus mədəniyyətinə hörmətinin nümunəvi səviyyədə olması məncə, bu əlaqələrə öz təsirini göstərməlidir. Eyni zamanda Rusiyada da azərbaycanlılar yaşayır, Azərbaycan icması var. Bu öz-özlüyündə göstərir ki, bu amil bizim ölkələrin müsbət inkişafına hər zaman dəstək verən faktordur.

- Azərbaycanın rus xalqına, dilinə və mədəniyyətinə dərin hörməti haqqında danışdınız. Bəz biz Rusiyadan analoji münasibəti görürükmü və ya görməliyikmi?

- Əlbəttə, görməliyik. Fikimcə, bu istiqamətdə işləmək lazımdır. Bu amillər Rusiya ictimaiyyətinə çatdırılmalıdır. Mən əminəm ki, ölkələrimizin müsbət əməkdaşlığı, partnyorluq münasibətlərinin inkişafı üçün hər iki tərəf çalışmalıdır. Hesab edirəm ki, hamı bu əməkdaşlıqdan uda bilər. Azərbaycan Cənubi Qafqazda böyük potensiala sahib yeganə ölkədir. Bu potensial bir neçə sahədə özünü göstərir. Enerji daşıyıcıları və dəhliz rolunun olması göstərir ki, böyük imkanlar var. İqtisadi əməkdaşlıq, maraqlar hər zaman ölkələrin münasibətlərinə müsbət təsirini göstərir. Azərbaycan bu əməkdaşlığa hazır olduğuna görə konkret əməllərlə bunu sübut edib. Azərbaycanın etibarlı tərəfdaş olması bütün proseslərdə nümayiş etdirilib. Odur ki, biz Rusiyadan da müsbət münasibət gözləyirik. Azərbaycanın rus xalqına və mədəniyyətinə hörməti hər zaman olduğundan hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu əməkdaşlığın tərəfdarıyıq.

- Sizcə, Rusiya nə zaman Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyini ortaya qoya, Azərbaycana münasibətdə müsbət meyllər müşahidə edilə bilər?

- Mən hələlik gözləmirəm. Bir məqamı da xatırlatmaq istərdim ki, hazırda Ermənistan Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsidir.

Mənbə: teleqraf.com