"Antikorrupsiya əməliyyatları ölkədə aparılan islahatların tərkib hissəsidir"-Deputat

"Antikorrupsiya əməliyyatları ölkədə aparılan islahatların tərkib hissəsidir"-Deputat

Ötən 6 ay ərzində ölkəmizdə və dünyada koronavirus pandemiyası ilə mübarizənin davam edib. Lakin pandemiyaya rəğmən Azərbaycanda korrupsiyaya qarşı sərt mübarizə də davam edib. Ötən ilin dekabrından bu yana Ağstafa, Neftçala, Biləsuvar, İmişli rayonlarının fəaliyyətdə olan, Yevlaxın isə işdən azad edilmiş icra başçısı həbs olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Bundan başqa bir sıra rayonlarda dövlət orqanları əməkdaşları yol verdikləri korrupsiya və rüşvətə görə barələrində cinayət işi açılıb.Həmçinin antikorrupsiya əməliyyatların ölkə prezidentinin qeyd etdiyi kimi mərkəzi icra orqanlarında da aparılıb. Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti və nəhayət Xarici İşlər Nazirliyində antikorrupsiya əməliyyatı həyata keçirilib, dövlət əmlakını talayanlar, rüşvət alan və vəzifə səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunub.Azərbaycan dövlətinin korrupsiyaya qarşı sərt mübarizə başlatdığı və eyni zamanda ötən 6 ayda aparılan antikorrupsiya həbsləri göstərdi ki, heç bir qurum və ya dövlət təşkilatı məsuliyyətdən sığortalanmayıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Azərbaycan hüquqi dövlətdir:

"Hər bir məsələ qanunla tənzimlənir. Əlbəttə hüquqi dövlətin qurulması müstəqil Azərbaycan tarixində ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Cənab prezident İlham Əliyev tərəfindən də hüquqi dövlətin inkişaf etdirilməsi və qanunla tənzimlənməsi üçün bir çox tədbirlər müəyyənləşdirərək, həyata keçirib. Təbii ki, dövlətimizə və ölkəmizin imicinə, inkişafına mənfi təsir göstərə biləcək hər bir məsələ dövlət başçısının göstərişi ilə hüquq-mühafizə orqanları tərəfindən tənzimlənir. Son iki ildə dövlətimizdə aparılan islahatlar yeni bir mərhələyə qədəm qoyub. Mənfi təsirlərin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən atılan addımların hər birini ölkədə aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirmək olar. Ölkə rəhbərliyi tərəfindən keçirilən ayrı-ayrı müşavirələrdə xəbərdarlıq olunmuşdu. Görünür bəzi insanlar olunan xəbərdarlıqları anlamayıb və anlamaq istəməyib. Nəticə etibarı ilə də hüquq-mühafizə orqanları tərəfindən bu addımların atılması ölkəmizin gələcək inkişafı üçün böyük perspektivlər açır. Korrupsiya və rüvətxorluq birmənalı olaraq ölkənin inkişafına mənfi təsir edən amillərdəndir.Bunu ölkə başçısı da bir neçə dəfə vurğulayıb. Dünənki antikorrupsiya əməliyyatını ölkədə aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirmək olar".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az