“Space TV” efirində bu dəfə millətimiz təhqir edildi - “Kimdir əsl vətən xaini?”

“Space TV” efirində bu dəfə millətimiz təhqir edildi - “Kimdir əsl vətən xaini?”

Politoloji cəhətdən millət nədir? Millət öz müqəddəratını təyinetmə və azad iradə nümayiş etdirmə instinktinə sahib olan toplumdur. Bəs millət necə öz müqəddəratını təyin edə bilir? Məgər millətin hər bir nəfəri özünün və özündən olanların taleyinə qarşı həssasdırmı? Xeyr, hər bir millətin müqəddəratını öz içərisində formalaşan elita müəyyənləşdirir. Elita bir neçə tipə ayrılır, bəzən dövlətin “qanad”larında, bəzənsə ictimai rəyin tam mərkəzində durur. Elita dövlət və millət üçün sərfəli olan “doğru”nu müəyyən edir, ictimaiyyəti bu doğruya inandırır və siyasi iqtidara (həm də xalqa) istiqamət verir.

Bu qədər uzun, geniş girişlə oxucunu yorduğum üçün üzr istəyərək keçirəm əsas mətləbə. “Space TV”-nin olduqca mürəkkəb və ziddiyyətli “Sadə Həqiqətlər” verlişində ikinci dəfə qonaq olan “tarixçi” Vasif Qafarov rəsmi surətdə Azərbaycanın ziyalı elitasının əsas simalarını, sütunlarını təhqir edib. Xatırladım ki, birinci verlişdə Qafarov Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Cümhuriyyət qurucularını İrəvanı Ermənistana verməktə günahlandırmışdı. Solmaz Tohidi, Firdovsiyyə Əhmədova, Nəsiman Yaqublu başda olmaqla bir çox tarixçi isə bu fikrə kəskin etiraz etmiş və Qafarova əsaslı cavablar vermişdilər. Qeyd edək ki, sadəcə tarixçilər deyil, jurnalistlər, siyasətçilər, QHT rəhbərləri və digər ictimaiyyət nümayəndələri də Qafarovun sözlərinə sərt reaksiya vermişdi.

Bundan acıqlanan Qafarov eyni verlişə ikinci dəfə çıxaraq bu dəfə onu tənqid edənləri açıq şəkildə təhqir etdi. Qafarov başını o qədər itirmişdi ki, Solmaz Tohidi kimi vətənpərvər ziyalını Ermənistan Baş naziri Nikol Paşinyanı dəstəkləməkdə ittiham etdi, hətta ona “vətən xaini” demək cürətini göstərdi. Firdovsiyyə Əhmədova və Qulu Məhərrəmli kimi yeni nəsil maarifçilərimizi savadsız adlandırdı. Sözügedən şəxsiyyətlər başda olmaqla Qafarov onu tənqid edənlərin Milli Şuranın “ştatdankənar” üzvləri olduğunu iddia etdi.

Qafarovun təhqir etdiyi şəxsiyyətlər millətimizin azsaylı vətənpərvər ziyalılarındandır və maarifçi elitamızın üzvləridir. O zaman dəyərli oxucuya girişi xatırladaraq soruşuram, bu şəxsiyyətləri vətən xaini adlandırmaq bu millətin özünə qarşı ən böyük təhqir və xəyanət deyilmi?

Təbii ki, bu ritorik sualdır. Bu xəyanətə qurşağına qədər bulaşan “Space TV” də tutduğu əmələ görə Vasif Qafarovla birlikdə millətə hesab verməlidir...

V.Qafarovun irəli sürdüyü tarixi arqumentləri onsuz da Solmaz xanım başda olmaqla tarixçilərimiz layiqli şəkildə cavablandırıblar. Lakin mən Qafarovun anormal çıxışının kontent (məzmun) təhlilini aparmaq istəyirəm:

Birincisi, Qafarovun ilk fikirlərindən biri bu idi: “Mənim vətəndaş olaraq borcumdur ki, dövlət başçısının fikirlərini tarixi cəhətdən əsaslandırım”. Necə? Axı, harada yazılıb ki, mütləq tarixçi dövlət başçısının fikirlərini əsaslandırmalıdır? Olmaya Tarix İnstitutunun belə bir qaydası var ki, dövlət başçısın fikirlərini əsaslandırmayanlar tarixçi sayılmırlar? Hörmətli(siz) Qafarov bilməlidir ki, bu tarixçilik yox, sadəcə yaltaqlıqdır.

İkincisi, Məhəmməd Əmin Rəsulzadəni bir daha ittiham edən Qafarov verlişdə İrəvanı ermənilərə vermək əvəzinə “Osmanlıya söykənib” o ərazilərdə türklərin möhkəmlənməsini daha doğru bir addım olacağını qeyd etdi. Xarici dövlətlərə söykənib fəaliyyət göstərən dövlətlər müstəqil ola bilməz, Qafarovun da tənqid etdiyi Ermənistan bunun ən bariz örnəyidir.

Üçüncüsü, Qafarov verlişdə bir neçə dəfə vurğulayır: “Mən özünə hörmət edən tarixçiyəm”. Özünə hörmət edən tarixçinin eyni mövzuda LAF TV-yə verdiyi müsahibə ilə Space TV-yə verdiyi müsahibə daban-dabana zidd olmazdı.

Dördüncüsü, Solmaz Tohidi, Firdovsiyyə Əhmədova, Qulu Məhərrəmli və digər onu tənqid edən ziyalılara “müxalifətçi” deməklə Qafarov həqiqətən özünü gülünc vəziyyətə qoyub. Qafarovun YAP-çı olmasının ayıb olmadığı kimi bu ziyalıların da müxalifətçi olmasında heç bir ayıb yoxdur. Lakin məsələ ondadır ki, adı çəkilən şəxslər heç bir siyasi təşkilatın üzvü deyillər və ümumiyyətlə siyasi proseslərdən kənarda dururlar. Üstəlik, onlar daim dövlət başçısı İlham Əliyevin qayğı və diqqətini hiss ediblər. Qafarovun siyasi zəkası bir şeyi anlamağa yetmir ki, bu adamlar həqiqətən də müxalifətçi olsaydılar dəstəklədikləri siyasi partiya ya iqtidarda idi, ya da parlamentdə aşağısı 30-40 mandat qazanmışdı. Sadəcə bu şəxslərin “feysbuk” səhifələrinə gələn “like” və “comment” lərə diqqət yetirsə çox hörmətli(siz) Qafarov başa düşəcək ki, bu adamlar böyük sosial populyarlığa sahibdirlər. Sözügedən ziyalıların ictimai nüfuzu isə ümumiyyətlə müzakirə mövzusu deyil. Bəs “iqtidarı dəstəkləmək” adı altında bu qədər böyük nüfuza və populyarlığa sahib ziyalıları televiziyadan “vətən xaini”, “müxalifətçi” adlandırıb onlarla hökumətin arasını vurmağa çalışmaq dövlət başçısına qarşı edilmiş ən böyük xəyanət deyilmi?

Politoloq Nicat İsmayılov

EDNews.net

Mənbə: ednews.net