ÜST Səudiyyə Ərəbistanının Həcc ziyarəti qərarını alqışlayıb

ÜST Səudiyyə Ərəbistanının Həcc ziyarəti qərarını alqışlayıb

Qahirə, 6 iyul, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Səudiyyə Ərəbistanının Həcc ziyarətinin Krallıqda yaşayan və müxtəlif millətlərdən olan məhdud sayda zəvvarların iştirakı ilə keçirilməsi qərarını alqışlayıb.

AZƏRTAC xəbər verir ki, ÜST-ün Baş direktoru həmin qərarın təşkilatın tövsiyələrinə uyğun şəkildə müxtəlif risklərin qiymətləndiriməsi və təhlilinə əsaslandığı, zəvvarların yoluxması ehtimalının minimuma endirilməsi məqsədilə qəbul edildiyini qeyd edib. O deyib: “ÜST Krallığın qərarını dəstəkləyir. Biz başa düşürük ki, bu nəticəyə gəlmək heç də asan olmayıb, həmçinin anlayırıq ki, bu il ziyarətə getmək istəyən insanlar da çox məyus olublar. Eyni zamanda, bu qərar sağlamlığın hər şeydən mühüm olduğuna dair çətin və düzün seçim etməyin bir örnəyidir”.

Qeyd edək ki, müsəlman ölkələri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və ilahiyyatçı alimlər də Səudiyyə Ərəbistanının bu qərarını alqışlayan bəyanatlar yayıblar.

Mənbə: azertag.az