Ermənilər iki yol ayrıcındadırsa, bizim yolumuz niyə Qarabağa olmasın?

Ermənilər iki yol ayrıcındadırsa, bizim yolumuz niyə Qarabağa olmasın?

Ermənistanda ictimai-siyasi gərginlik və koronovirusun gətirdiyi fəsadlar onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirib. Fövqəladə rejimdən istifadə edən Paşinyan həm öz rəqiblərinə, həm də istədiyi planı həyata keçirmək üçün hədəf və məqsədlərini işə salıb. Amma apardığı siyasət və Moskvanın əlaltılarının güclü müqaviməti ilə rastlaşaraq, sanki geriyə çəkilib yeni bir məqam axtarır. Əslində geriyə yolu da yoxdur və verdiyi təmtaraqlı vədləri əməl etməyə çalışır, amma bu asan olmur. Vəzifəyə onun tərəfindən təyin olunan Milli Təhlükəsizlik Xidmətinın keçmiş rəhbəri gənc və peşəkar kadr olan, daim Azərbaycanı yeni ərazilər işğalı ilə hədələyən, Rusiya FTX-da təhsil alan və təcrübə keçən A.Vanetsyan indi onun başına bəla olub. Vanetsyan müxalifətə keçərək "Hayrenik" partiyası yaradaraq başqa ruspərəst qüvvələrlə birgə hərəkət edib kəskin bəyanatlar verir. O, dünən bəyanat verərək deyib ki, "Ermənistanda həmrəylik olmasa ölkə məhvə məhkumdur. Paşinyanın siyasəti ölkə iqtisadiyyatını, təhsili, səhiyyəni, sosial sferanı və hətta müttəfiq, dost olan ölkələrlə münasibətlərimizi də pis vəziyyətə qoyub. İki ildir ölkədaxili gərginlik güclənib və bunun son nəticəsi cəmiyyətin parçalanmasına gətirəcək".

Paşinyanın əleyhdarı olan siyasi şərhçilər onu xalqı iki yerə bölməkdə təqsirli bilirlər. "Politekonomia” tədqiqatlar institunun direktoru Andranik Tevanyan onu insanları "parçalamaqda, bölüşdürməkdə və düşmən etdiyinə dair standartlardan” istifadə etdiyinə görə tənqid edir. Xüsusilə, erməniləri Rusiyayönümlü və Rusofoblara görə bölgülər apardığına görə baş naziri qınayır və Gürcüstan və Ukraynanın nümunələrini xatırlatmaqla Rusiyanın əleyhinə getməməyə çağırır. Erməni politoloqlar Rusiyanın əleyhinə olmağın Türkiyənin xeyrinə olduğunu vurğulayır və Ermənistanın təhlükəsizliyi baxımından KTMT-yə alternativ olmadığını, Rusiya hərbi bazasının Gümrüdən çıxarılmamasını vacib hesab edirlər.

Tevanyan bəyan edir ki, "Türkiyə-Azərbaycan cütlüyü bizim milli təhlükəsizliyimizə hədədir və Rusiya yeganə ümidimizdir”.

Sarkisyan tərəfdarları və parlamentdə təmsil olunan "Çiçəklənən Ermənistan” partiyasının lideri Tsarukyan da Paşinyanı istefaya çağırır.

Bir tərəfdən də erməni həyasızlığı o dərəcəyə çatıb ki, separatçı rejimin qondarma Xarici işlər nazirliyi dünən bəyanat yayıb ki, "4 iyun 1992-ci ildə Azərbayan hərbi qüvvələri "Artsax respublikasının" Mardakert şəhərini işğal etsələr də, 27 iyun 1993-cü ildə Mardakert şəhəri azad olundu, amma bu günə qədər Mardakertin bir neçə yaşayış məntəqəsi, Martuni rayonunun bir hissəsi və Şaumyan rayonu bütövlüklə, ümumi olaraq 1000 kv.km ərazi Azərbayan tərəfinin işğalı altındadir".

Göründüyü kimi daxildə gərginliyə baxmayaraq erməni həyasızlığı davam edir və düşmən beynəxalq hüququn da qəbul etdiyi öz torpaqlarımızı guya "işğal etmişik” kimi fikir formalaşdırır.

Ermənistan siyasi qüvvələrinin faktiki ikiyə parçalandığı bir vaxtda, Rusiya ilə münasibətlərin də heç də hamar olmadığı dönəmdə biz nədən fürsəti qaçırmalıyıq? Ermənistan iki yol ayrıcında qaldığı bir vaxtda bizim yolumuz niyə Qarabağ istiqamətində olmasın? İşğal altında olan torpaqlar indi azad olunmasa, ya ciddi və uğurlu bir əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəsi azad olmasa hakimiyyətinin ömrünü rəsmən uzadan Putin bizim yollarımızı kəsəcək və Qarabağın işğaldan azad olması qeyri-müəyyənliklə müşayət olunaraq düşmənin xeyrinə işləyəcək.

Mənbə: mail.miq.az