“Taclı”ya qarşı birgə mübarizə:Hansı ölkələr Azərbaycana yardım edib? - BİZİM TƏQDİMAT

“Taclı”ya qarşı birgə mübarizə:Hansı ölkələr Azərbaycana yardım edib? - BİZİM TƏQDİMAT

Belə ki, iyulun 5-də qardaş ölkə Türkiyə yeni növ koronavirusla (COVID-19) mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib. Yardıma 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı daxil edilib.

Koronavirusla mübarizə çərçivəsində Azərbaycana maliyyə dəstəyi göstərən ilk ölkələrdən biri Amerikadır. ABŞ Dövlət Departamaneti bildirib ki, 1.7 milyon dollar dəyərində ayrılan yardım Azərbaycanda laboratoriya sistemlərinin hazırlanmasına, yoluxma faktlarının araşdırılması və faktlara əsasən nəzarəti aktivləşdirməyə, texniki mütəxəssislərin hazırlığına, risk kommunikasiyasını qurmağa kömək edəcək.

Onu da qeyd edək ki, son 20 ildə ABŞ Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın yardım edib və ümumilikdə isə müxtəlif sahələrə 890 milyon dollardan çox sərmayə qoyub.

Avropa Komissiyası (AK) da koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı" ölkələrinə 140 milyon avro yardım paketi ayırıb. Tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın müraciətlərinə əsasən Avropa Komissiyası, süni tənəffüs aparatları, laboratoriya avadanlığı, tibbi maskalar, tibbi eynəklər və xüsusi tibbi geyimlər kimi tibbi cihazlar və şəxsi vasitələrlə təmin etməklə həmin ölkələrin təcili diqqət tələb edən ehtiyaclarına cavab verməyi nəzərdə tutub.

Bundan əlavə, Çin Xalq Respublikasının Cek Ma Fondu və Alibaba Fondu COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərib. Humanitar yardıma tibbi maska, test dəsti, xüsusi qoruyucu geyim, süni tənəffüs aparatı və məsafədən yoxlayan termometrlər (teplovizor) daxildir.

Azərbaycan və Özbəkistan arasında isə tibbi humanitar yardım mübadiləsi həyata keçirilib. Bu mübadilə çərçivəsində Azərbaycan tərəfi dost ölkəyə şpris, baxıl, yataq dəsti, tibbi spirt, antiseptik vasitələrdən ibarət yardım göndərib. Qarşılıqlı tibbi humanitar yardım çərçivəsində Özbəkistandan ölkəmizə qoruyucu respiratorlar, böyüklər və uşaqlar üçün qoruyucu maskalar, birdəfəlik qoruyucu geyim, eynək və əlcəklər gətirilib.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən (ÜST) həyata keçirilən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar ölkəyə gətirilib. Ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır. Bu virusla ön cəbhədə mübarizə aparan tibb işçilərinin təhlükəsizliyi üçün göndərilən bütün avadanlıqların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsi yoxlanışdan keçirilib.

Polşa da yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində Azərbaycana humanitar yardım göndərən ölkələrdəndir. Belə ki, yardım kampaniyası çərçivəsində Polşa Azərbaycana təyyarə ilə ümumi dəyəri təqribən 87 min PLN olan tibbi maskalar, dəbilqə və dezinfeksiyaedici vasitələri göndərib.

Naibə
Cebhe. İnfo

Mənbə: cebhe.info