Ərdoğan xarici siyasətdə uğurludur? - "ABŞ bu məsələdə Türkiyəyə uduzdu" / TƏHLİL

Ərdoğan xarici siyasətdə uğurludur? - "ABŞ bu məsələdə Türkiyəyə uduzdu" / TƏHLİL

"Türkiyənin son 10 ildə regiondakı siyasətinə baxdıqda görürük ki, artıq Türkiyə keçmiş durğunluq dövrü yaşayan Türkiyə deyil, öz gücünü toplaya bilib. Regionda düzgün xarici siyasət və Ərdoğan iqtidarının düzgün daxili siyasəti nəticəsində Türkiyə artıq nəinki regionda sözükeçən bir ölkədir, eyni zamanda digər dövlətlərlə də hesablaşa bilir. Düşünürəm ki, regionda Türkiyənin apardığı bu siyasət nə qədər aqressivcəsinə olsa da, uğurludur. Necə ki, Rusiya aqressiv siyasət nümayiş etdirir və dünya bununla barışır, Türkiyədə bu cür aqressiv siyasət aparır. Türkiyə Qərb diplomatiyası ilə Rusiya diplomatiyasının qarışığı bir siyasətə üstünlük verir. Təbi ki, burada ənənəvi Türkiyə siyasətinin də öz yeri var".

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici siyasətdəki gündəmi ilə bağlı saytımıza danışan politoloq Turan Rzayev deyib.

S-400 hava müdafiə sistemləri və F-35 qırıcıları: Hansı daha zəruridir?

S-400 sistemləri və F-35 qırıcıları son dövrlərin təkmilləşdirilmiş yeni nəsil silahlarıdır. S-400 sistemlərinin Türkiyə üçün əhəmiyyəti var. Çünki Türkiyə uzun illərdir bir mövzuda çətinlik çəkir: Ölkənin hava hücumundan müdafiə sistemi yoxdur. Türkiyə bu boşluğu görürdü və bunu həll etmək üçün alternativ vasitələr axtarırdı. Birinci növbədə ABŞ-ın “Patriot” sistemlərinə müraciət edildi. Düzdür, Türkiyə ərazisində bu sistemlər var, amma, bunlar NATO-nun silahlarıdır və onların nəzarəti altındadır. NATO istədiyi vaxt bunları Türkiyə ərazisindən çəkə bilər. Türkiyə isə bu sistemləri almaq istəyirdi. Lakin ABŞ hər nə qədər Türkiyənin müttəfiqi olduğunu desə də, regiondakı partnyor ölkə olduğunu desə də, bu təklifə əhəmiyyət vermədi. Türkiyə isə məcbur qalaraq daha fərqli variantlara müraciət etdi. Bunlar arasında Cənubi Afrikanın, Hindistanın müdafiə sistemləri var. Lakin bu sahədə ən təkmil silah Rusiyanın S-400 sistemləri idi və Türkiyə bunu çox yaxşı bilirdi. Rusiya-Türkiyə yaxınlaşması fonunda hərbi müqavilə ilə bu yaxınlaşmanı daha da gücləndirdilər və S-400 razılaşması əldə edildi. Bu doğru qərar idi.

Bundan sonra ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələdi, hətta sonda “Patriot” sistemlərini Türkiyəyə verməyə də razı oldu. Lakin burada bir məsələ vardı. ABŞ Türkiyəyə bu sistemləri versə də, onların data məlumatları, kordinasiyası verilməyəcəkdi. Rusiya isə S-400 sistemlərini Türkiyəyə satdıqdan sonra S-500 sistemlərinin istehsalının da Türkiyə ilə birgə aparılacağını bildirmişdi.

 

"Nə S-400 sistemindən, nə də F-35 qırıclarından imtina edilməməldir"

ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmaqla təhdid etməsinə gəldikdə isə, Türkiyənin burada da alternativ variantı var. Rusiyanın Su-35 təyyarələri də F-35 təyyarələri ilə başabaş mübarizə apara biləcək gücdədir. Amma burada bir məsələ yalnış anlaşılır. Belə ki, Türkiyənin Su-35-ləri alması F-35 təyyarələrinə ehtiyac olmayacağı anlamına gəlmir. Çünki, Su-35 qırıcıları daha çox bombardıman üçün, F-35-lər isə qırıcı, yəni hücum xarakterli təyyarələrdir. Buna görə də düşünürəm ki, F-35 proqramından çıxmaq düzgün olmaz, amma, S-400 sistemlərindəndə imtina edilməməlidir. Bu məsələdə ABŞ Rusiya və Türkiyəyə uduzdu.

"Türkiyənin Aralıq dənizindəki siyasəti tamamilə qanunidir"

Ümumiyyətlə istiqlaliyyət müharibəsindən bəri Yunanıstan və Türkiyənin ulduzları heç cür barışmır. Əvvəllər Yunanıstan Türkiyəni zəif görsə də, son 10 ildə Türkiyənin sıçrayışla inkişafı nəticəsində Yunanıstan Türkiyədən geri qaldı. Bu gün Yunanıstanın Aralıq dənizində apardığı siyasət özünü günahsız, Türkiyənin təhdidkar və təcavüzkar göstərməkdən ibarətdir.

Türkiyənin Aralıq dənizində təbii qaz yataqları axtarması qanunidir. Şimali Kiprlə bununla bağlı razılıq da əldə edilib. Əvəzində Türkiyə Şimali Kiprə infrastruktur işlərində dəstək verir. Türkiyənin burada məqsədi Aralıq dənizində təbii qaz yataqları aşkarlamaqla ölkənin yanacaq aslılığını azaltmaqdır. Xüsusilə Türkiyənin Liviya höküməti ilə əldə etdiyi razılaşma Yunanıstanı narahat edir. Çünki, Liviya qanuni dəniz sərhədlərinin bir hissəsini Türkiyəyə verdi, bu isə faktiki olaraq Yunanıstanla Kipr arasındakı sərhədi bağladı. Buna görə də, Yunanıstan Qərb mediasında pis qələmə verməyə çalışır. Lakin Türkiyə NATO ölkəsidir və iki NATO ölkəsi arasında münaqişənin artmasına nə ABŞ, nə də region ölkələri imkan verməz.

Avropa Birliyinin Türkiyəyə qarşı sanksiya tətbiq etməsi realdırmı?

Avropa Birliyinin Türkiyəyə sanksiya tətbiq etməsi real deyil. Çünki, Türkiyə regionun kilid ölkəsidir və regionda təkcə öz maraqlarını deyil, Avropanın maraqlarını da təmin edir. Ona görə də, AB sanksiya tətbiq etsə də, bu ABŞ-ın zəruri istəyi ilə ola bilər. AB-nin hazırda belə bir marağı yoxdur.

Türkiyənin Avropa Birliyi ölkələrindən Almaniya ilə yaxınlaşması daha məqbul olar. Çünki iki ölkə arasında keçmişdən gələn bağlar mövcuddur. Xüsusən son Ərdoğan-Merkel görüşlərində gördük ki, Türkiyə üçün Avropa Birliyində əsas tərəfdaş Almaniyadır. Liviyada da iki ölkə ortaq siyasət nümayiş etdirirlər.

Cavidan Mirzəzadə / Metbuat.az

Mənbə: metbuat.az