Azərbaycanda karantin rejiminin hədəfi və koronavirusa qarşı üç sadə addım – SUALLARA CAVAB

Azərbaycanda karantin rejiminin hədəfi və koronavirusa qarşı üç sadə addım – SUALLARA CAVAB

Azərbaycanda ciddi karantin rejiminin növbəti mərhələsi başlandı. İyulun 20-nə qədər davam edəcək bu prosesdə əsas hədəf yoluxma hallarını minimallaşdırmaq, pandemiyanın ilk dövründə əldə olunan nəticələrə yenidən nail olmaqdır. İyunun 21-dən iyulun 5-nə qədər tətbiq olunan iki həftəlik karantin nəticəsində yoluxma hallarının stabilləşməsi mövcud məhdudiyyətlərin uzadılmasının müsbət nəticə verəcəyi gözləntisini artırır.

Ümumxalq probleminə çevrilən pandemiyaya qarşı mübarizə istiqamətində atılan addımlar və mövcud nəticələr müəyyən sualların önə çıxmasına zəmin yaradır.

İlk mərhələdə yoluxma necə minimallaşdırıldı?

COVİD-19 Çində meydana gələndə hərəkətə keçən ilk ölkələrdən biri Azərbaycan idi. Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvar ayında yaradılması və dövlət orqanlarının fəaliyyətinin koordinasiya edilməsi, eləcə də səhiyyə sistemində çatışmazlıqların aradan qaldırılması məqsədilə atılan addımlar, sərhədlərin bağlanması, aviareyslərin ləğvi, digər ölkələrlə əlaqələrin məhdudlaşdırılması bunu sübut edur. Həmin vaxt Azərbaycanda yoluxma faktı bir rəqəmli idi. Virus qonşu ölkədə - İranda sürətlə yayılmağa başlayanda Azərbaycan hökuməti genişmiqyaslı addımlar atdı, xüsusilə təhsil müəssisələrinin bağlanması və tədris prosesinin onlayn rejimdə keçilməsi ən mühüm qərarlardan biri idi. Martın 23-dən etibarən ölkədə xüsusi karantin rejiminin tətbiqinə başlanıldı, kütləvi tədbirlər ləğv olundu, iri ticarət mərkəzləri də daxil olmaqla bütün iaşə obyektləri bağlandı, şəhərlərarası hərəkət məhdudlaşdırıldı. Dövlət və özəl sektorda çalışanların əmək haqları hökumət tərəfindən ödənilməklə iş yerləri müvəqqəti dayandırıldı. Nəticədə yoluxma hallarının iki rəqəmli səviyyədən yuxarı qalxmasına imkan verilmədi və sağalanların sayının xəstələnənlərin sayından çox olmasına nail olundu.

Karantin rejimi niyə yumşaldıldı?

Bu proses may ayından etibarən bütün dünyada tətbiq edilməyə başlandı. Pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərər fonunda əksər ölkə sosial-iqtisadi sistemi yenidən bərpa etmək məqsədilə bu addımı atsa da, Azərbaycanda yumşalma qərarı mövcud vəziyyətə, yəni sağalanların xəstələnənlərin sayından çox olmasına görə qəbul olundu.

Yoluxma halları niyə artdı?

May ayında başlanan yumşalma bütün dünyada olduğu kimi Azərbaycanda da yeni yoluxma hallarının artmasına səbəb oldu. Bunun obyektiv və subyektiv səbəbləri var.

Obyektiv səbəb: ÜST də bəyan etmişdi ki, yumşalma insanlar arasındakı təmasın çoxalması və yeni artımlara səbəb olacaq. Bütün dünya hesab edirdi ki, pandemiyanın birinci mərhələsində şiddətli dalğa başa çatıb. Pandemiyaların tarixi göstərir ki, növbəti dalğalar əvvəlkindən daha zəif olur. Hərçənd, bütün dünyada vəziyyət gözlənildiyi kimi olmadı. Azərbaycanda yoluxma hallarının artmasının səbəbi isə daha çox subyektiv amillərdən irəli gəlir.

Subyektiv səbəb: Bir çox vətəndaşların öz sağlamlığına laqeyd yanaşması yoluxmanın üç rəqəmli həddə - 500 və daha çox – çatmasına səbəb oldu. Xüsusilə tibbi maskadan və dezinfeksiya vasitələrindən istifadə etməmək, sosial məsafə saxlamamaq bu artımın əsas səbəbidir.

Karantin rejiminin tətbiqi və nəticələri

Dövlət pandemiyaya qarşı üzərinə düşən hər şeyi ilk gündən başlayaraq etdi və buna davam edir də. Yumşalma dövründə əhalidən yeganə tələb üç sadə şeyi etmək idi: tibbi maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya vasitələrindən istifadə etmək.

Vətəndaşlar arasında buna laqeyd yanaşanların olması mənfi nəticələrə səbəb oldu və belə mənzərə fonunda dövlətin məhdudlaşdırıcı addımları yenidən tətbiq etməsinə zərurət yarandı. İyunun 21-dən etibarən tətbiq olunan ciddi karantin rejiminin əsas hədəfi vətəndaşların sağlamlığını qorumaq, artan yoluxma hallarının qarşısını almaq və stabilləşdirməkdir. Geridə qalan iki həftəlik karantin dövründə yoluxmanın stabilləşdirilməsi bu addımın effekt verdiyini təsdiqləyir. İyunun 5-nə olan statistika da müsbət gözləntiləri artırır: 523 yeni yoluxma, 451 sağalma.

Göründüyü kimi, sağalanların sayı yoluxanların sayını üstələyir. Bu baxımdan, karantin rejiminin növbəti iki həftə ərzində də tətbiqi yeganə çıxış yoludur.

Karantin təkcə Azərbaycanda tətbiq olunur?

Dünya ölkələrindəki vəziyyət bu sualın cavabının birmənalı olaraq xeyr olduğunu göstərir. Son məlumatlara baxaq:

İspaniyanın Kataloniya əyaləti, eləcə də Kastiliya muxtar vilayəti karantinə alınıb. Tibbi maskadan istifadə məcburi hala gətirilib, 10 nəfərdən artıq şəxsin bir yerə cəmlənməsi qadağan olunub.

Kosovada koronavirusun ikinci dalğasının başlanmasından sonra böyük şəhərlərin hamısında küçəyə çıxma qadağası tətbiq olunub.

Avstraliyada ikinci dalğa yoluxma hallarında kəskin artıma səbəb olub. Böyük ştatlarda sərt məhdudiyyətlər tətbiq edən hökumət Viktoriya və Yeni Cənubi Uels ştatı arasında hərəkəti dayandırıb.

Məhdudlaşdırıcı adımlar Şərqdə Hindistandan tutmuş Qərbdə Almaniyaya qədər müxtəlif ölkələrdə həyata keçirilir.

Koronavirusdan necə qorunmalı və yoluxmanı azaltmaq üçün nə etməliyik?

Bunun üçün ilk növbədə karantin qaydalarına birmənalı olaraq hər kəs əməl etməlidir. Unutmamalıyıq ki, hər kəs sağlamlığını yalnız özü qoruya bilər. Ən mühüm məsələ isə üç sadə məhdudiyətdir: tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və sanitar qaydalara riayət etmək. Bunu etmək çətin deyil, amma etməmək hər kəsin ciddi çətinliklə üzləşməsinə səbəb ola bilər.

Dövlət vətəndaşın sağlamlığını qorunması məqsədilə müvafiq addımları atır, lakin əsas məsuliyyət vətəndaşların üzərinə düşür.

Birincisi, hər kəs öz sağlamlığı üçün üç məhdudiyyətə əməl etməlidir;

İkincisi, ictimai qınaq güclənməlidir;

Əgər ictimai nəqliyyatda sərnişinlərdən biri tibbi maska taxmayıbsa, onun ilk növbədə sizin sağlamlığınız üçün təhlükə yaratdığını, daha sonra özünün və digərlərinin həyatını təhlükəyə atdığını unutmayın. Toplu irad öz sağlamlığına laqeyd yanaşan şəxsin qaydalara əməl etməsini təmin edəcək ən düzgün addımdır. “Biz birlikdə güclüyük” devizini və pandemiyanın ilk mərhələsində məhz bunun sayəsində müsbət nəticələr əldə etdiyimizi unutmayaq.

Asif Nərimanlı

 

Mənbə: publika.az