Məmurun yalanı, Kasıbın Allahı

Məmurun yalanı, Kasıbın Allahı

Allahın dünya düzənindəki haqsızlıqları aşkara çıxatmaq üçün göndərdiyi koronavirus bəlası, ölkəmizdə də bir çox pisliklərin üstünü açdı. Məhz bu səbəbdən də, bəzi oliqarx məmurlar və deputatlar çox əndişəli və qəzəblidirlər. Məhz bu dövrə təsadüf edən məmur həbsləri onların əndişəsini bir qədər də artırıb. Bütün bunların səbəbini araşdırdığımız zaman məlum olur ki, ölkədə karantin rejiminin gücləndirilməsi, cərimələrin artırılması kimi metodların tətbiqi də, həmin məmurların və deputatların aqressiyasından qaynaqlanır. Bu da səbəbsiz deyil.

Heç kimə sirr deyil ki, bu gün dövlətin ayırdığı yardımlardan məhrum olan insanların böyük əksəriyyəti, həmin deputatların və məmurların gizli iqtisadiyyat sahələrində çalışanlardır. Bu insanları heç bir müqaviləsiz, qeydiyyatsız istismar edən məmurlar çetesi, bu gün onlara sahib çıxmaq istəmir. Həmin insanları qul kimi istismar edərək milyonlar qazanan məmur və deputatlar, bu gün müxtəlif yollarla onların qəzəbindən qorunmağa çalışırlar və bunun üçün də, sanki karantin rejimindən yararlanmağı qarşılarına məqsəd qoyublar.

Bilirlər ki, bu insanlar sadəcə, işsiz deyillər, onlar acgöz, nəfsləri ilə hər kəsi məhv etməyə çalışan məmur- deputar oliqarxiyasının qurbanlarıdırlar.

Bu da inkaredilməz faktdır ki, ölkəmizdə çalışan, iş qabiliyyətli insanların ən azından 50-60 faizi, məhz gizli iqtisadiyyatda çalışanlardır. Bu sektorda isə ölkənin heç bir qanunu işləmir. Burada çalışan insanlar ehtiyac duyduqları zaman dövlətdən heç bir yardım ala bilmirlər. "Xozeyn"ləri isə onları sadəcə, çıxdaş məhsul kimi küçəyə atır.

Ekspertlər belə insanların sayının ölkə üzrə 1,5-2 milyon olduğunu ehtimal edir. Koronavirus epidemiyasının yaratdığı çətinliklər üzündən bu gün işləmək imkanından məhrum olan bu insanların bir qisminə (600 min nəfərə) dövlət tərəfindən 190 manat yardım olundu. Bu yardımı isə elə təbliğ etdilər ki, guya həmin insanları ömürlük təqaüdlə təmin ediblər.

Cənablar, həmin vəsait aprel-may ayı üçün ödənilib. Ondan sonra keçən müddət ərzində həmin insanların nə yedikləri, nə içdikləri ilə heç maraqlanmısınız?

Bir jurnalist olaraq apardığım araşdırma və müşahidələrim nəticəsində belə bir qənaətə gəlmişəm ki, bu məmləkətdə böyükdən kiçiyə hamı yalan danışır. Heç kim reallığı dilə gətirmək istəmir. Sonra da əhalini qınayırlar ki, bunlar baş verən faciənin ciddiliyinə niyə inanmırlar?.

O gün eşitdim ki, dövləti, milləti talayaraq milyonlara sahib olan birisi təklif edib ki, küçədə sorğu keçirilsin, kim bu bəlanın mövcudluğunu inkar etsə, yaxud buna inanmadığını dilinə gətirsə, onu həbs etsinlər. Bir başqası təklif edir ki, kim maska taxmır, onu güllələmək lazımdır. Biz hansı əsrdə, hansı dünyada yaşayırıq? Bütün bunları eşidəndə dəhşətə gəlirsən ki, İlahi, gör biz hansı bir cəmiyyətdə yaşayırıq. görün bizləri kim idarə edir?

Həmin təklifləri irəli sürənlərin sosial-maddi durumları elədir ki, illərlə evlərindən bayıra çıxmasalar da yaşaya bilərlər. Belələri isə ölkədə 100-200 min nəfər ancaq olar. Bəs qalan əhali? Onların arasında elələri də var ki, hər gün evdən çıxıb çörəkpulu qazanmasa, ailəsi ac qalacaq, heç kim də onu yadına belə salmayacaq.

Bunu heç düşünmüsü-nüzmü, cənablar? Dövlətdən, qanundan qorxmursunuz, bu öz işinizdir, barı Allahdan qorxun! Axı, ən azından, özünüzü müsəlman sayırsınız.

Artıq 4 aya yaxındır ki, ictimai-iaşə və bir sıra xidmət müəssisələri işləmir. Bu müəssisələrdə günəmuzd çalışanların vəziyyətini heç göz önünə gətirmisinizmi? Yox, bu, sizi əsla maraqlandırmır. Sizin düşüncəniz, ancaq bəd əməllərə yetir. Ancaq yaddan çıxarmayın ki, "ac qılınca çapar", "kasıbın qiyamı dəhşətli olur".

P.S. Bu mövzunu gələn saylarımızın birində ətraflı diqqətinizə çatdıracağam. Hələlik isə düşünün, cənablar, düşünün! Qisas qiyamətə qalmaz, korona da keçər, gedər. Sizin varınız, dövlətiniz, səlahiyyətiniz varsa, kasıbın da Allahı var!

Allahutəalə buyurur: "Məzlumları incitməyin, onların sizə gücləri çatmaz, Məndən kömək istəyərlər, Mən də onlar kömək edərəm".

Yusif Seyid

Mənbə: paralel.az