Erməni mənəviyyatsızlığı və geosiyasi əxlaqsızlıq cəhdləri TƏHLIL

Erməni mənəviyyatsızlığı və geosiyasi əxlaqsızlıq cəhdləri  TƏHLIL

"Müdafiə nazirinin yanaşmasına görə, 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı bəyanatlar və yayımlamalar mənəviyyatın, geosiyasi və hərbi-siyasi yetkinliyin olmaması, əxlaqsızlıq cəhdləridir." Bu fikirlər müdafiə naziri David Tonoyanın, sözçüsü Şuşan Stepanyana məxsusdur.

Nazirin reaksiyası kifayət qədər sərt olub. Bu, sadəcə hərbi baza məsələsi deyil. Bu məsələnin nəzərdən keçirildiyi ümumi siyasi kontekstdən xəbər verir. Müxtəlif qruplar vaxtaşırı bazanın çıxarılması barədə danışırdılar, lakin bu məsələnin Ermənistanın siyasi gündəliyində aktual sayılmadığı göz qabağındadır. Buna görə sual yaranır, niyə müəyyən qruplar bu məsələnin Ermənistanda hazırlandığı və ya ciddi şəkildə müzakirə edildiyini düşünərək, şəxslərin müraciətlərinə istinad etməlidirlər? “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Sarukyan verdiyi açıqlamada bazaya istinad edərək, Ermənistanda "anti-Rusiya təxribatlarına" yol verməyəcəyini bildirib.

Nə baş verir? Ya Ermənistandakı bəzi qüvvələr Rusiyanın köməyini almağa çalışırlar, ya da bəziləri "anti-Rusiya" əhval-ruhiyyəsinin kəskinləşməsindən guya narahat olduqları təəssüratları yaradır və özlərini Rusiyadakı hər hansı bir siyasi qrupa daha bahalı satmaq üçün öz "sinələrini Rusiyanı qoruyan" kimi qabağa verərək, qəhrəman kimi göstərirlər.

Ola bilsin bəzi rus qrupları öz problemlərini Ermənistandakı daxili aktyorlardan istifadə etməklə və onların köməyi ilə "Rusiyaya qarşı kəskinləşmə" ilə ilhamlandırmaqla həll etməyə çalışırlar ki, sonradan Ermənistanın siyasi rəhbərliyinə öz maraqlarını təmin etmək üçün tələblər irəli sürsünlər.
Bu ölkədə baş verənlər və öncə sadalananlar Ermənistana məxsus mətbuat səhifələrində də açıq-aşkar etiraf olunur. Hazırda Ermənistana məxsus mətbuat səhifələri Rusiya əleyhinə yaranan, ola bilsin yaradılan əhval-ruhiyyənin səbəblərini araşdırmağa çalışırlar. Bu ölkənin mediasında müxtəlif fikirlər səsləndirilir və hətta Rusiyadan qorxu, təhlükə həyəcanı ilə yanaşı əksər qüvvələrin böyük rus qardaşlarına yaltaqlıqları da etiraf olunur.
Heç şübhəsiz ki, Ermənistan Rusiya üçün yalnız regiondakı mövqeyi, həm də Rusiyanın geosiyasi rolu baxımından əhəmiyyətə malik ola bilər. Bu mənada yalnız Rusiya-Ermənistan münasibətlərinin mahiyyəti Rusiyanın və onun hakimiyyətinin daxili həyatı üçün vacibdir sayılar. Bu baxımdan, Ermənistandakı dəyişikliklər həm də Rusiyanın hakim dairələri üçün bir göstəriciyə çevrilər. Özü də onlar üçün çox da xoş olmayan göstəricilərə. Məhz elə bu baxımdan cəsarətlə demək olar ki, bu kontekstdə Ermənistan-Rusiya münasibətlərinin mürəkkəb bir transformasiya prosesi gedir.

Ermənistan təhlükəsizlik və hərbi-siyasi problemlərlə bağlı özü üçün müxtəlif vacib məsələləri qaldırır. Rusiya-Türkiyə müqavilələri heç şübhəsiz ki, erməniləri əməlli-başlı narahat edir. Əvvəla ona görə narahat edir ki, Türkiyəni Ermənistanın gözü götürmür və ruslarla türklərin yaxınlaşması onların yuxularını qarışdırır. Digər tərəfdən ermənilər, Rusiyanın Türkiyə ilə münasibətləri yaxşılaşdırdıqdan, yaxınlaşdırdıqdan sonra Ermənistanın, ermənilərin ofsaytda qalacaqlarından narahatdırlar. Başqa tərəfdən isə, Rusiyanın Türkiyəyə meyilli olması həm ona görə ermənilərin cuxasına birə salıb ki, ermənilər torpaqlarını işğal etdikləri Azərbaycanın Türkiyə ilə qardaşlığından, birliyindən onsuz da narahat idilər və indi də bu gücə, bu birliyə bir də Rusiyanın qatılması erməni mövcudluğunun bəlkə də sonu deməkdir. Ən azından sonun başlanğıcı ola bilər.
İrəvan müttəfiqlərlə münasibətlərinə onsuz da artıq şübhə ilə yanaşır. Bunun üçün əsaslı səbəblər də az deyil. Bu səbəblər saymaqla nə bitəndir, nə də qurtaran. İşğalçı ölkədəki qeyri-stabil durumdan, iqtisadi tənəzzüldən, bu ölkənin regionda və ümumiyyətlə dünya miqyasında tamamilə nüfuzdan düşməsindən, Nikol Paşinyan kimi təcrübəsiz birinin yaratdığı xaosdan, onun acınacaqlı nəticələrindən tutmuş, hərc-mərcliyə qədər hər bir məqam Ermənistanın müttəfiqlərlə münasibətlərinə tutarlı zərbədir. İndi Ermənistanla ən azından özünü müttəfiq kimi göstərən heç bir ölkə, ələlxüsus Rusiya ermənilərlə müttəfiqlıkdə maraqlı ola bilməz. Yəni, maraqlı olmaları üçün bircə səbəb belə yoxdur. Üstəlik, indi ati-Rusiya əhval-ruhiyyəsi olan-olmaz maraqların üstündən də xətt çəkib. Qərb yönümlü və şər iblisi Sorosun adamı olan Nikol Paşinyanın təsir və təzyiqləri altında olanlardan başqa bütün ermənilər yaxşı bilir və etiraf edirlər ki, Rusiya ilə münasibətlərə xələl gətirmək, hətta xələl gətirəcək bircə hərəkət belə onlara heç sərf edən deyil və bu onlar üçün məhvə aparan yoldur.
Doğrudur, Ermənistanda indi Paşinyan hakimiyyətinə qarşı olanlar, eləcə də bir sıra qüvvələr hakimiyyətlə ədavəti fonunda Rusiyaya meyillidir və özlərinin bu vaxta qədərki “sadiq köpək” rolunu məharətlə oynayırlar. Ən ikrah doğuran məqamlardan biri isə budur ki, bəzi qüvvələr “böyük qardaş” saydıqları ruslara sadəcə yaltaqlanmaq üçün məqam tapıblar. Müxtəlif formalarda təzahür edən bu yaltaqlıq barədə əslində Ermənistan mətbuatı özü də yazır. Qeyd olunur ki, indi ölkədəki bəzi qüvvələr özlərini ruslara sədaqətli göstərməyə çalışmaqla, daha doğrusu yaltaqlanmaqla özlərinə arxa, dayaq qazanmağa çalışırlar. Bax elə bu işğalçı ölkədəki yaltaqlığın, ruslara “sadiq köpək” obrazına girmənin süni ilhamverici səbəbi məhz budur? Bu isə, təbii ki, mənəviyyatın olmaması və geosiyasi yetişməzlikdən danışan müdafiə nazirinin sərt reaksiyasına səbəb olub.

Məsələ burasındadır ki, ruslar üçün erməni siması, daha doğrusu simasızlığı artıq tam şəkildə məlumdur. Çünki, baxmayaraq ki, əslində Ermənistanın əraziyə, qondarma da olsa dövlətə sahib olmaları məhz ruslar, Rusiya səyəsində olub, zaman-zaman ruslar erməni xəyanətlərinin şahidi olublar. Bu, Böyük Vətən Müharibəsində də, onun ardınca da özünü biruzə verib və son zamanlar da özünü Paşinyan komandasının Rusiya əleyhinə fəaliyyətində, eləcə də anti-Rusiya əhval ruhiyyəsində açıq-aşkar göstərir. Belə olan halda bundan sonra ermənilər çətin ki, bir daha rusların etibarını qazana bilələr. Bir sözlə, ermənilərə yalnız yaltaqlıq, ikiüzlülük, mənəviyyatsızlıq və müdafiə nazirinin dediyi kimi, geosiyasi, hərbi-siyasi əxlaqsızlıq cəhdləri qalacaq.

Mənbə: sia.az