Azərbaycanın qorxuducu hərbi üstünlüyünə qarşı Ermənistanda yeni boş tezislər - “90-cı illərdə də onlar üstün idilər”, “istəsək Bakını, Gəncəni, Sumqayıtı ...”

Azərbaycanın qorxuducu hərbi üstünlüyünə qarşı Ermənistanda yeni boş tezislər - “90-cı illərdə də onlar üstün idilər”, “istəsək Bakını, Gəncəni, Sumqayıtı ...”

Ramil Məmmədli:“Ermənistanın sabiq naziri unudur ki, Ermənistanın starteji obyektləri çoxdan Azərbaycanın zərbə obyektindədir”

Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutunyan erməni KİV-inə verdiyi müsahibədə Azərbaycanın hərbi üstünlüyünü etiraf edib, ancaq öz aləmində bunun guya həlledici olmadığına erməni auditoriyasını inandırmağa cəhd göstərib:

“Bu gün Azərbaycanın bir sıra silah növlərində üstünlüyü var. Ancaq bu üstünlük onlarda 90-cı illərin əvvəllərində də var idi, hətta bəzi silah növləri üzrə üstünlük onlarla dəfə böyük idi. Bu gün bizim gücümüz özümüzü effektiv şəkildə müdafiə etməklə yanaşı, həm də preventiv zərbələrlə Azərbaycanın hücumunu anındaca önləmək imkanı verir. Raket sistemlərimiz Azərbaycandakı bütün hədəfləri əhatə edir. Gəncə, Sumqayıt, Bakı və bu şəhərlərdəki bütün iqtisadi potensial bizim zərbə qüvvələrimizin hədəfindədir”.

Ermənistanın sabiq müdafiə naziri bununla həm qorxduqlarını sübut edir, həm də bunun fonunda bizi hədələməkdən belə çəkinmir. Onun bu ziqzaqlı mövqeyini nə ilə izah etmək olar?

Hərbi ekspert Ramil Məmmədli qəzetimizə bildirdi ki, Ermənistanın keçmiş müdafiə nazirinin açıqlamasındakı bəzi məqamlara mütləq münasibət bildirmək lazımdır:“O bizim hərbi gücümüzün üstünlüyünü etiraf edib. Ancaq 90-cı illərin əvvəlində bizim məğlub vəziyyətə düşməyimizin əsl səbəbini açıqlamayıb. Biz Ermənistandan bütün parametrlərə görə qat-qat güclüyük. Bu üstünülüyü bütün qoşun növlərinə aid edə bilərik. Şəxsi heyətin sayı da həlledici məqamlardan biridir. Bunu da xüsusi qeyd etmək lazımdır. 90-cı illərdə də bizim müəyyən üstünlüklərimiz olub, ancaq Azərbaycanın daxilində baş verən müəyyən siyasi çəkişmələr və gərginlik və Ermənistanın xaricdən əldə etdiyi dəstək hadisələrin gedişini bu vəziyyətə gətirib çıxardı. Ermənilər Azərbaycan ərazilərinin işğalında öz imkanlarından daha çox Boris Yeltsin Rusiyasının imkanlarından istifadə ediblər. Hazırkı vəziyyətlə bağlı sabiq müdafiə nazirinin fikirlərində ciddi yanlışlıqlar var. Daha çox bildiklərini olduğu kimi deməmək var. O bildirir ki, güya onların bizim cəbhədən uzaq olan böyük şəhərlərimizi belə raketlə vurmaq imkanları var. Azərbaycanın hava hücumundan müdafiə sistemi olduqca ciddi qurulub. Bunu yalnız biz etiraf etmirik. Dünyanın nüfuzlu təşkilatları da bu qüdrəti etiraf edirlər. Ermənistanın sabiq naziri unudur ki, Ermənistanın starteji obyektləri çoxdan Azərbaycanın zərbə obyektindədir. Biz çox yaxşı bilirik ki, Naxçıvanın bir çox rayonlarından Ermənistanın iri şəhərləri olduqca yaxın məsafədədir. Xüsusilə paytaxt İrəvana hava məsafəsi çox yaxındır. Hətta ordakı Azərbaycan ordusunun arsenalında olan artilleriya qurğuları ilə də İrəvan şəhərinə zərbələr endirmək olar. Mən hələ reaktiv yayılm atəş sistemlərini nəzərdə tutmuram. Naxçıvandakı ordumuzun gücü imkan verir ki, Ermənistanın sabiq müdafiə nazirinin açıqlamasının yanlış mahiyyətini üzə çıxarsın”.

Göründüyü kimi, Ermənistan generalları daxili auditoriyaya istiqamətlənmiş yanlış fikirləri ilə daxildə bir rahatlıq yaratmaq istəyirlər. Bu da onların ağır vəziyyətdə olduqlarını təsdiq edir.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com