Türkiyə: Camal Xaşuqcinin nişanlısı səudiyyəlilərin olmadığı məhkəmədə danışıb

Türkiyə: Camal Xaşuqcinin nişanlısı səudiyyəlilərin olmadığı məhkəmədə danışıb

İyulun 3-də Türkiyə məhkəməsində verdiyi açıqlamasında Camal Xaşuqcinin nişanlısı The Washington Post qəzetinin köşə yazarının İstanbuldakı Səudiyyə Konsulluğunda “böyük bir xəyanət və hiylə” yolu ilə öldürüldüyünü və bu qətldə əli olanların hamısının məsuliyyətə cəlb edilməsini istədiyini deyib.

Xədicə Cengiz bu tələbi Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın iki keçmiş köməkçisi və Türkiyənin Xaşuqcinin öldürülməsində ittiham etdiyi digər 18 Səudiyyə vətəndaşının qiyabi məhkəməsində edib.

Jurnalistin 2018-ci ildə konsulluqda öldürülməsi beynəlxalq qınağa və şahzadə üzərində şübhələrə səbəb olub.

Səudiyyə Ərəbistanından olan 20 müttəhimin hamısı Türkiyəni tərk edib və Səudiyyə Ərəbistanı Türkiyənin ekstradisiya tələbini rədd edib. Bəzi müttəhimlər Ər-Riyadda bağlı qapılar arxasında mühakimə olunub.

Məhkəmə prosesi həqiqətin silinməsi ilə ciddi tənqidlərə səbəb olub. Daha sonra isə Xaşuqcinin ailə üzvləri qatilləri bağışladıqlarını bildirib.

Türkiyə məhkəməsi Xaşuqcinin qalıqlarının yerinin müəyyən edilməsi də daxil olmaqla, mümkün yeni məlumatlar və ya sübutları yaxından izləyir.

Jurnalistin qalıqları hələ də tapılmayıb. Türkiyə və Səudiyyə ittihamçıları səudiyyəli agentlərin Xaşuqcini öldürdükdən sonra cəsədini parçalara ayırdığını iddia edir.

Mənbə: www.amerikaninsesi.org